Politoloqlar özlərini müharibənin təsirlərindən necə qoruyurlar? - Kimi "öyrəşmişik" dedi, kimi məcbur olduğunu bildirdi
Müharibələr və beynəlxalq münaqişələr daim siyasi ekspertlərin gündəlik işinin bir hissəsini təşkil edir. Siyasi şərhçilər, analitiklər və beynəlxalq münasibətlər üzrə ekspertlər hadisələri təhlil edərkən yalnız faktlara əsaslanmalı, şəxsi emosiyalarını prosesə qatmadan obyektiv mövqe sərgiləməlidirlər. Bununla belə, müharibə görüntüləri, insan itkisi və dağıntılar onların psixologiyasına təsirsiz ötüşmür. Belə bir mühitdə ekspertlərin əsas vəzifəsi həm faktiki məlumatları dəqiq təhlil etmək, həm də öz daxili aləmlərini qorumaqdır. Onlar psixoloji dayanıqlılığı saxlamaq üçün metodik yanaşmalardan, elmi təfəkkürdən, tarixi və beynəlxalq hüquqi biliklərdən istifadə edir, şəxsi hisslərini analitik prosesdən ayıraraq soyuqqanlı və tarazlı mövqe göstərməyə çalışırlar.
İndi dünyanın bir çox regionunda müharibələrin davam etdiyi, üçüncü dünya savaşının real ehtimala çevrildiyi bir vaxtda bu məsələ xüsusilə aktualdır. Maraqlıdır, siyasətçilər, politoloqlar öz psixologiyalarını necə qoruyurlar?

"Müharibədən necə qorunmaq olar ki?"
Keçmiş xarici işlər naziri Elmar Məmmədyarov bu barədə Crossmedia.az-a açıqlama verib: "Müharibədən necə qorunmaq olar ki? Hər kəsin siyasi maraqları var və müharibələr də bu siyasi maraqlar üzərində gedir. Psixologiyanı müharibənin təsirlərindən qorumaq mümkün deyil".

"Tarixi hadisələrə onların inkişafına əsaslanaraq şərh vermək mənim üçün həmişə prioritet olub"
Professor, siyasi elmlər doktoru Sabir Məmmədli isə söyləyib ki, bu, kifayət qədər ciddi məsələdir: " Çünki şərhçilər müharibəni və böhran vəziyyətlərini şərh etmək üçün həmin mövzuya dərindən daxil olmalı, onun ətrafında geniş məlumat və bilgi toplamalıdır. Bunun özü də istər-istəməz insanın əhval-ruhiyyəsinə təsir göstərir. Burada sözsüz ki, həm psixoloji durum, həm də həyat təcrübəsi önəmli rol oynayır. Təmkinli olmaq, öz istəyini reallıq kimi təqdim etməmək, bütün mənfi və müsbət cəhətləri düzgün qiymətləndirmək məsələləri ortaya çıxır. Bu mənada həyat tərzim kifayət qədər təmkinli davranmağa və neytral yanaşmağa şərait yaradır, imkan verir. Üstəlik, çalışıram ki, şərhlərimi beynəlxalq hüquqa və beynəlxalq münasibətlər sisteminə istinad edərək verim. Dünya miqyasında baş verən hadisələr məhz bu beynəlxalq normalarla və tarixi təcrübə ilə əlaqəlidir. ABŞ Prezidenti Donald Tramp dövründə bir qədər zəifləmə müşahidə olunsa da, beynəlxalq qaydalar və tarixi təcrübə hələ də əsas referans nöqtələrimdir. Tarixi hadisələrə onların inkişafına əsaslanaraq şərh vermək və proqnoz irəli sürmək mənim üçün həmişə prioritet olub".
S.Məmmədli bildirib ki, bu elmi və neytral yanaşma mənə tarazlı davranmağa imkan verir: "Sözsüz ki, heç kəs istəməz ki, müharibə və böhran vəziyyətləri onun əhval-ruhiyyəsinə təsir etsin və neqativ fikirlər ortaya çıxsın. Ona görə də daha çox elmi təfəkkürə əsaslanmaq, tarixi hadisələrin analogiyalarına diqqət yetirmək, beynəlxalq qayda və hüquq normalarını, mövcud beynəlxalq sistemlərin aktorlarını nəzərə almaq vacibdir. Eyni zamanda, mən bu proseslərdə milli maraqları da xüsusi vurğulamağa çalışıram ki, beynəlxalq hüquq normalarına uyğun olaraq milli maraqlar da nəzərə alınsın və şərhlərimdə əks olunsun. İstənilən halda, müharibə dövrünü və münaqişə hadisələrini şərh edərkən neqativ əhval-ruhiyyə qaçılmazdır. Əgər bunu davamlı olaraq edirsənsə – məsələn, hər gün jurnalist dostlarımızdan, saytlardan və digər informasiya vasitələrindən müraciətlər gəlirsə – bu mövzuya daim qayıdırsan. Lakin fakt fakt olaraq qalır və burada vacib olan həyat təcrübəsinə istinad edərək təmkinlə yanaşmaq, özünü baş verən proseslərə qarışdırmamaqdır. Bir qədər kənardan durub baxmaq və nə qədər çətin olsa da, şəxsi daxili güc və təmkin vasitəsilə bunu qorumaq mümkündür".

"İnsanlar özlərini taleyin hökmünə verilmiş kimi hiss edirlər"
Politoloq, Əməkdar jurnalist Tofiq Abbasov xatırladıb ki, müharibələr demək olar, insanların bütün zamanlarda, həyat boyunca qarşılaşdıqları talelərə və nəsillərə bərabər təsir edən bir fenomendir: "İnsan cəmiyyətinin həyatını müharibələr olmadan təsəvvür etmək mümkünsüzdür. Bəli, deyirlər ki, bəzən 270–300 il civarında bütün dünyada müharibə olmayan dövr olur, amma bunun tətbiqi yoxdur və tarixçilər də insan tarixini məhz müharibələrin xronikası kimi qiymətləndirirlər. Əgər keçmiş dövrləri yaxından izləmək, onların nəbzini tutmaq istəyirsinizsə, müharibələrin gedişatına və göstəricilərinə diqqət yetirməlisiniz. Müharibələr ilk baxışdan təbii görünə bilər. Çünki onlar həmişə olub və olacaq, buna baxmayaraq, onların psixoloji təsirləri vardır. İlk növbədə, müharibələr insanların daxili aləmini sarsıdır, onlara müxtəlif tərzdə mənalı yaralar vurur. Uzaqdan baxanda onların məziyyətlərini yalnız təsəvvür edirik, lakin yaxından baxanda qan, itkilər, insanların dərdi və məşəqqətləri nə deməkdir, bunu görürük. Ən yaxın fokusda bunları gördükdə anlayırıq ki, bu, dəhşətin dəhşətidir. İnsan üçün bu, çox ağır şəkildə qəbul olunan bir reallıqdır. İndi də istilik və dağıntı hadisələrini, məsələn, İsraildə və İranda müşahidə edərkən görürük ki, birincisi, insanların taleyi pozulur".
Ekspert qeyd edib ki, insanlar özlərini taleyin hökmünə verilmiş kimi hiss edirlər: "Düşünürlər ki, dövlət və onun xüsusi təyinatlı strukturları onları qorumağa çalışır, amma bəzi hallarda dövlət strukturları çatmır. Dağıntılar və bombardman olunmuş ərazilər o qədər böyük olur ki, zərər görmüş insanlara kömək çatdırmaq mümkün olmur. Bu, təbii bir haldır. Digər tərəfdən, analitiklər və ekspertlər hadisələri izləyərək paralellər aparırlar, fərqli cəhətləri müəyyənləşdirirlər. Prosesləri yaxından izlədikdə başa düşürlər ki, bu sözün əsl mənasında dəhşətin təcavüzüdür. Müharibələr olmasa daha yaxşıdır, amma cərrahlar da belə işləyir – insan bədənində əməliyyat apararkən qanı görürlər, əməliyyatı isə dönməzliklə həyata keçirirlər. Müharibələrin də öz funksiyaları vardır. Ədalətli və ədaləsiz müharibələr mövcuddur. Hazırda İrana iki ölkə təcavüz edib: Amerika və İsrail. Dünya Birliyi bu prosesə bəzən qəribə münasibət göstərir. Bəzi ölkələr bu aresiyanı qəti şəkildə pisləyir, digərləri isə ikibaşlı mövqe sərgiləyir. Əslində, bu, olmaya da biləcək bir müharibədir. İsrailin hərəkətləri və ABŞ lideri Donald Tramp dövründə qərarlar buna təsir etmiş ola bilər, amma nəticədə İranda və İsraildə insanlar ciddi əziyyət çəkir. İsrail şəhərləri raket hücumlarına məruz qalır, cavab adımları İran tərəfindən verilir. Bu halda insanlara əsəb sistemini qorumaq və psixoloji dəstək vermək vacibdir. Psixologiyada “autotreninq” adlanan bir metod var. Autotreninq insanın daxili aləmini səfərbər edir, mübarizlik keyfiyyətlərini bir xəttə düzür və gördüyü dəhşətləri normal yaşamağa cəhd göstərir. Ekspertlər və təhlükəsizlik əməkdaşları da bu prosesdə öz daxili aləmlərini səfərbər edir, şəxsi keyfiyyətlərini gücləndirir, proseslərə dözüm göstərir və lazım olan məntiqi çıxarışlar edirlər".

"Hər bir politoloq və siyasi analitik hadisələrə yanaşmada soyuqqanlı olmağı bacarmalıdır"
Politoloq Zeynal Əmrəliyevin sözlərinə görə, gündəlik olaraq bu cür məsələləri araşdırmaq və onlar barədə fikir bildirmək insan psixologiyasına müəyyən dərəcədə təsir göstərir: "Xüsusilə də belə mövzulara aid videoları izlədikdən, müharibə görüntülərinə baxdıqdan sonra insanın psixoloji vəziyyətində dəyişikliklər baş verir. Nəzərə alsaq ki, biz yeni müharibədən çıxmış bir ölkəyik və uzun müddət müharibə psixologiyası ilə yaşamışıq, bu təsir daha da hiss olunur. Ermənistan - Azərbaycan münaqişəsi illərlə davam edib, təxminən otuz il ərzində bu gərginlik mövcud olub və sonradan müharibə ilə nəticələnib. Bu səbəbdən həmin psixoloji durum müəyyən mənada cəmiyyətimizdə qalmaqdadır. Bu gün də digər ölkələrdə baş verən müharibələri izlədikdə və təhlil etdikdə, bu proseslərin psixoloji təsiri qaçılmaz olur. Lakin hesab edirəm ki, hər bir politoloq və siyasi analitik hadisələrə yanaşmada soyuqqanlı olmağı bacarmalıdır".
Z.Əmrəliyev qeyd edib ki, hisslərini heç bir zaman ön plana çıxarmamağa çalışır: "Yəni hansısa bir dövlətə simpatiyam və ya antipatiyam varsa, bunu analizlərimdə və açıqlamalarımda əks etdirməməyə çalışıram. Çünki oxucu və tamaşaçı ekspertdən emosional yanaşma deyil, reallıqların obyektiv və soyuqqanlı təhlilini gözləyir. Biz yazıçı və ya şair deyilik ki, hiss və emosiyalarımızı mətnlərimizə yerləşdirək. Bizim əsas vəzifəmiz hadisələri analitik şəkildə, faktlara əsaslanaraq şərh etməkdir. Bu baxımdan düşünürəm ki, hər bir analitik maksimum dərəcədə soyuqqanlı olmalı və hadisələri məhz bu prizmadan dəyərləndirməlidir. Nəticə etibarilə, hər nə qədər bu kimi mövzular psixoloji təsir göstərsə də, biz çalışmalıyıq ki, bu təsir açıqlamalarımıza, efir çıxışlarımıza və yazılarımıza sirayət etməsin".

"Müharibələr insanları çox şeyə öyrəşdirib"
Siyasi şərhçi Cavanşir Abbaslı isə düşünür ki, müharibələr insanları çox şeyə öyrəşdirib: "Dünyanın bir sıra regionlarda baş verən savaşlar bizlərdə immunitet formalaşdırıb. Vətən müharibəmiz kimi prosesi adlatmışıq. Təəssüflər olsun ki, dünya gücləri öz maraqları naminə müharibələrə canlıları öyrəşdirdi. Hesab edirəm ki, xoşagəlməyən proseslər gələcək zamanda da davam edəcək və indidən hər şeyə hazır olmalıyıq. Şəxsən öz adımdan deyə bilərəm ki, psixologiyami İran tipli müharibələrə öyrəşdirmişəm. Çətindir, amma sonda istər-istəməz insan hər şeyə özünü hazırlayır, psixologiyası da əvvəldən hazır olur. Doğrudur, məsələn, 20-25 il əvvələ qədər belə deyildi. Amma 2000-ci illərdən başlayaraq, hazır olduq hər cür savaşların baş verə biləcəyinə".
Ayhan
12:22 30.03.2026
Oxunuş sayı: 63