İqlim dəyişir, risklər artır - Azərbaycanı nə gözləyir?
Son illərdə iqlim dəyişiklikləri bütün dünyada sürətlə müşahidə olunur. Temperatur artımı, anomal istilər, güclü küləklər, leysanlar və sel hadisələri artıq istisna deyil, gündəlik reallığın bir hissəsidir.
Bu dəyişikliklərin əsas səbəbi insan fəaliyyətidir: sənaye, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrin atmosferə tulladığı istixana qazlarının miqdarını artırır, nəticədə planetimizin istilik tarazlığı pozulur.
Hava hadisələri yalnız bir ölkənin sərhədləri ilə məhdudlaşmır; qlobal proseslər bütün regionlara təsir göstərir. Bu səbəbdən qlobal əməkdaşlıq və hər bir ölkənin karbon emissiyalarını azaltmaq öhdəliyi həyati əhəmiyyət daşıyır.
Eyni zamanda, Azərbaycanın coğrafi mövqeyi və Xəzər dənizi kimi təbii amillər ölkəmizdə hava proseslərinin formalaşmasında mühüm rol oynayır.
Iqlim dəyişikliyi yalnız temperaturun artımı deyil, həm də su ehtiyatlarının dəyişməsi, ekstremal meteoroloji hadisələrin artması və ekosistemlər üzərində əlavə təzyiq deməkdir.
Buna görə də, iqlim məsələləri həm elmi, həm sosial, həm də iqtisadi baxımdan ciddi diqqət tələb edir. Azərbaycanın gələcək adaptasiya strategiyaları, texnologiya və ekspert biliklərindən səmərəli istifadə iqlimlə bağlı risklərin azaldılmasında əsas rol oynayacaq.
Mövzu ilə bağlı iqlimşünas alim, coğrafiya üzrə fəlsəfə doktoru Həsən Nəbiyev Crossmedia.az-a müsahibə verib:
- Qlobal iqlim dəyişiklikləri Azərbaycanda hava proseslərinə necə təsir göstərir?
- Dünyanın hər yerində bu dəqiqə iqlimdə böyük dəyişikliklər müşahidə olunur. Məsələn, qlobal istiləşmə gedir və bu istiləşmə ilə bağlı müxtəlif hadisələr də baş verir. Hələ ki, bütün ölkələr əsas amil kimi insanların təsərrüfat fəaliyyətinin nəticələrini götürürlər.
Ona görə də çalışırlar ki, atmosferdə temperaturu artıran qazların miqdarını azaltsınlar. 2015-ci ildə Parisdə bütün ölkələr birləşərək öhdəlik götürdülər ki, 2030-cu və 2050-ci illərə qədər bu qaz emissiyalarının miqdarını azaltsınlar.

Əsas məsələ odur ki, karbon qazının miqdarının çoxalması iqlim istiləşməsinə gətirib çıxarır. İstiləşmənin özünün olması isə özlüyündə çoxlu hadisələrin yaranmasına səbəb olur. Azərbaycanda da 2015-ci ildə öhdəlik götürülüb və bu öhdəliklər yerinə yetirilir. BMT-nin verdiyi tövsiyəyə görə, bütün ölkələr çalışmalıdır ki, temperatur 1,5°C-dən artıq artmasın.
Əks halda böyük problemlərlə üzləşə bilərik. Azərbaycan götürdüyü öhdəlikləri yerinə yetirir. Ancaq bir məsələni qeyd etmək istəyirəm ki, hava sərhəd tanımır.
Bizim ölkəmiz öhdəliyi yerinə yetirir, başqa ölkə yerinə yetirmirsə, nəticə yaxşı olmayacaq. Yəni, bütün ölkələr öhdəlikləri eyni şəkildə yerinə yetirməlidir. Hava proseslərinə gəldikdə, Azərbaycanda temperatur artır, hava sirkulyasiyası dəyişir, barik sistemlər və ya təzyiq sahələrinin yerləri dəyişir.
Məsələn, əvvəllər qərb regionlarında baş verən hadisələr indi şərqə doğru meyl edir, yəni təzyiq oxu şərqə doğru istiqamətlənir. Küləklərin istiqaməti dəyişib; əvvəllər şimal küləkləri üstünlük təşkil edirdi, indi isə şimal-şərq istiqamətində küləklərin təsiri çoxalıb. Bu dəyişikliklər Azərbaycanda aydın təzahür edir.
- Bu il demək olar ki, qış olmadı, son illər sel, güclü külək və anomal istilərin artması nə ilə bağlıdır?
- Son illərdə qış fəsli demək olar ki, olmur. Bu qış da sərt olmadı, baxmayaraq ki, dağlıq rayonlarda intensiv qaryağma müşahidə edildi. Bakı üçün nəzərdə tutulmuş sərt qış proqnozları haqqında alimlərinin proqnozu özünü doğrultmadı.
Qışın olmaması və təbii fəlakətlərin artması məsələsi diqqət çəkir. 2019-cu ildən bu yana sel, leysan, ildırım və digər hadisələr sürətlə artıb. Bu çoxalmanın əsas səbəblərindən biri meridional proseslərin təkrarlanmasının artmasıdır.
Rus alimlərinin yaratdığı təsnifata görə, atmosfer sirkulyasiyası tipləri W, E və C prosesləri ilə müəyyən edilir. E və C prosesləri meridional proseslərdir; Bu proseslər zamanı şimaldan və cənubdan müdaxilə edən hava kütlələrinin sayı artır, qərbdən şərqə istiqamətlənən hava kütlələrinin sayı azalır. Bu isə Azərbaycanda təbii-dağıdıcı hadisələrin artmasına səbəb olur. 2019-cu ildən indiyə qədər bu cür hadisələrin sayı həddindən artıq çoxalıb. Tədqiqatlar göstərdi ki, bu Günəş aktivliyinin artması ilə sıx bağlıdır. Hazırda bəşəriyyət Günəş aktivliyinin 11 illik tsiklindədir. Bu tsikl 2030-cu ilə qədər davam edəcək və bu müddətdə temperaturun yüksəlməsi, meridional proseslərin artması gözlənilir.
- Müasir texnologiyalar hava proqnozlarının dəqiqliyini nə qədər artırıb?
Hava proqnozlarına gəlincə, qısa müddətli proqnozlar özünü doğrultma ehtimalı yüksək olsa da, uzun müddətli proqnozların doğruluğ ehtimalı çox aşağıdır. Texnologiyanın inkişafı hava proqnozlarının dəqiqliyini artırır, lakin bu texnologiyanı izah və tətbiq edə bilən yüksək savadlı mütəxəssislərə böyük ehtiyac var.
- Qlobal istiləşmə gələcəkdə regionun iqlimini necə dəyişə bilər?
Qlobal istiləşmə gələcəkdə iqlimi müəyyən dərəcədə dəyişə bilər. Temperaturun artması Azərbaycanda su problemi yaratmaq potensialına malikdir. Temperatur artımı ilə suyun buxarlanma prosesi sürətlənir.
Yağıntıların miqdarı bütün vilayətlərdə azalır, bu azalma dağətəyi ərazilərdə daha çox hiss olunur. Bu da çayların su səviyyəsinə təsir edir, buzlaqlar əriyir və gələcəkdə su ehtiyatlarınin azalmasına və ölkədə su proçleminin yaranmasına gətirib çıxara bilər.
Məsələn, Quba- Xaçmaz regionunun çayları əsasən qar və buzlaqların ərinti suları ilə qidalanır, lakin istiləşmə nəticəsində qar xəttinin yuxarı qalxması buzlaqların intensiv əriməsinə səbəb olur.
İstiləşmə davam edərsə, su səthindən gedən buxarlanmanın miqdarı dəyişəcək, çayların suyu azalacaq, bulaqlar quruyacaq. İnsan fəaliyyətinin təsiri də artacaq. Əgər bunlar bu intensivliklə davam etsə, problemlər daha ciddi ola bilər.
- Xəzər dənizində su səviyyəsinin kəskin şəkildə azalması ilə bağlı nə deyə bilərsiniz?
Xəzər dənizinin səviyyəsinin tərəddüdü günün ən vacib problemlərindəndir. Mövcud məlumatlara görə, 1937-ci ildən 1977-ci ilə qədər səviyyə azalmış, 1978-ci ildən 1995-ci ilə qədər isə yenidən qalxmağa başlamışdır. Sonrakı illərdən indiki dövrə qədər dənizin səviyyəsi yenidən aşağı düşməyə başlamışdır.
Xəzərin səviyyəsinin dəyişməsində su balansı və tektonik amillər mühüm rol oynayır. Volqa çayı Xəzəri qidalandıran əsas mənbədir (təxminən 80 faiz). Volqa hövzəsində yağışların azalması Xəzərin səviyyəsinin aşağı düşməsinə səbəb olur.
W, E və C atmosfer proseslərinin Volqanın qidalanmasına təsiri böyükdür. Hövzəyə ən çox yağıntı gətirən W, yəni qərb prosesləridir. Hazırda bu proseslər deyil, E və C meridional prosesləri üstünlük təşkil edir. Bu səbəbdən Volqa çayının, nəticədə isə Xəzər dənizinin səviyyəsi aşağı düşür.
Apardığımız tədqiqatlar göstərdi ki W proseslərinin təkrarlanması 2050-ci ildən sonra artacaq və bu da Xəzərin səviyyəsinin yenidən qalxmasına səbəb olacaqdır. Xəzər dənizinin səviyyə tərəddüdlərində iqlim amilləri ilə yanaşı tektonik amillər də nəzərə alınmalıdır.
- Xəzər dənizinin temperatur və səviyyə dəyişiklikləri regionun havasına necə təsir edir?
Xəzər dənizinin temperaturu və səviyyə dəyişiklikləri regionun havasına ciddi təsir edir. Azərbaycanda düşən yağıntılar Xəzərlə birbaşa bağlı deyil. Xəzər ətraf ərazilərin iqliminə yumşaldıcı təsir göstərir.
Xəzərdən gələn hava kütlələrinin təsiri çoxdur, lakin əgər bu hava kütlələrinin qarşısını kəsən bir maneə olarsa, məsələn, Talış dağları kimi dağlar, hava dinamiki olaraq yuxarıya qalxır. Bu havanın soyumasına, kondensasiyasına və nəticədə yağışa səbəb olur.
Bakının son zamanlar mikroreliefnin dəyişməsi də yağıntıların miqdarına xeyli təsir göstərir: göydələnlər hava kütlələrinin yolunu kəsərək məcburi - dinamiki qalxmasına səbəb olur, nəticədə yağışın miqdarı nisbətən artır. Xəzər Azərbaycan üçün əvəzsiz bir nemətdir. Xəzərsiz Azərbaycanın təsəvvür etmək mümkün deyil.
- Ekstremal hava hadisələrini əvvəlcədən proqnozlaşdırmaq nə dərəcədə mümkündür?
Ekstremal hava hadisələrinin proqnozlaşdırılması çətindir. Məsələn, sel hadisələrini götürək; onlar intensiv yağıntıların düşməsi nəticəsində yaranırlar, amma bununla yanaşı, digər amillərdən də asılıdır.
Ona görə belə hadisələrin dəqiq proqnozu mümkün deyil. Onları yaradan şərait öyrənilir və yalnız ehtimal əsasında proqnoz verilir. Ümumiyyətlə, ekstremal hadisələrın proqnoz məsələsi öz həllini tapmamış bir problemdir.
- İqlim dəyişiklikləri fonunda gələcəkdə hansı yeni meteoroloji risklər yarana bilər?
- İqlim dəyişikliyi gələcəkdə yeni meteoroloji risklər yarada bilər. Ən əsas problem su problemidir. Azərbaycan ərazisinin 50%-i yarımsəhra və quru çöl iqlimi şəraitinə malikdir. Suvarmaya ehtiyac var, dağlarda da yağıntılar azalıb və orada da suvarma ehtiyacı artıb.
Azərbaycan çaylarının əksəriyyəti kənardan gələn çaylardır. Bu səbəbdən çayların səviyyəsinin azalması böyük problemdir.Ona görə də, su ilə təminat günün əsas problərindən biridir. Xarici ölkələr bəzən süni yağıntı layihələri təklif edirlər, lakin bunun yerli şərtlərə uyğunluğu yoxlanmalıdır.
Təbiət müəyyən dövrdən sonra öz tarazlığını bərpa edəcək, istiləşmə müəyyən mərhələdən sonra stabilləşə bilər və əvvəlki fəsillər qayıda bilər. İstiləşmə davam edərsə, Xəzərin səviyyəsi və buxarlanma miqdarı dəyişəcək, çayların suyu azalacaq, bulaqlar quruyacaq. İnsan fəaliyyətinin təsiri də artacaq.
Əgər bunlar davam etsə, problemlər daha ciddi olacaq. Ən əsas dəyişkənlik atmosferdə baş verən proseslərlə bağlıdır. Yüksək və alçaq təzyiq sahələrinin paylanması, günəş aktivliyi və kosmik amillər havaya və iqlimə böyük təsir göstərir. Bütün bunları nəzərə alaraq demək olar ki, iqlim və ekstremal hava hadisələrinin proqnozu çox mürəkkəb bir məsələdir. Ümid edək ki, təbiət öz tarazlığını qoruyacaq və hər şey yaxşı olacaq.
Ayhan Ağarzayev,
Nigar Yahyazadə
12:46 30.03.2026
Oxunuş sayı: 61