May ayında rekord yağışlar - narahatlığa əsas varmı?
May ayının sonlarına yaxınlaşsaq da, Azərbaycanda intensiv yağışların davam etməsi cəmiyyətdə müxtəlif suallar doğurur.
Xüsusilə, son günlər müşahidə olunan güclü yağıntılar fonunda bir çox insan bunun iqlim dəyişikliyi və ya hansısa ekoloji problemin nəticəsi olub-olmadığını müzakirə edir.
Mütəxəssislər bildirirlər ki, may ayı regionumuz üçün ənənəvi olaraq yağıntılı keçən dövrlərdən biridir. Lakin son illərdə hava hadisələrinin daha kəskin və qeyri-sabit xarakter alması qlobal iqlim dəyişikliklərinin təsiri ilə də əlaqələndirilir. Bəs hazırda müşahidə olunan intensiv yağışlar hansı amillərlə bağlıdır? Yay aylarında da bu cür yağıntıların davam etməsi mümkündürmü?
Mövzu ilə bağlı ekoloq Qorxmaz İbrahimli Crossmedia.az-a açıqlama verib:

“Hazırda may ayıdır və may bizim mülayim subtropik qurşaqda yerləşən ölkə üçün yağışlı, eyni zamanda tədricən istiləşməyə keçid dövrü hesab olunur. Siz Bakını götürürsünüz, yaxud dünən Naxçıvanda yağan yağışı misal göstərirsiniz.
Bəli, Naxçıvanda son illərdə may ayında bu qədər yağış az müşahidə olunmuşdu. Amma bu, o demək deyil ki, son yüz ildə belə hallar baş verməyib. Mən bilmirəm bu statistikanı haradan götürürlər. Çünki həm may ayında, həm də hətta iyunun əvvəlində kifayət qədər yağışlı keçən illər çox olub. Buna görə də narahat olmağa ciddi əsas yoxdur.
Aylıq yağıntı normasının aşılması o demək deyil ki, illik norma da aşacaq. İllik normanın aşılması tamamilə başqa məsələdir. Bu o demək olardı ki, məsələn iyul və avqust aylarında da ölkənin böyük hissəsində intensiv yağışlar davam edir. Bu isə bizim iqlim şəraitində real görünmür. Əgər belə bir vəziyyət olsa, o zaman hansısa ciddi anomaliyadan danışmaq mümkündür”.
Ekoloq əlavə edib ki, may ayı ümumiyyətlə yağıntılı keçən aydır:
“Sadəcə bəzi illər bir qədər çox, bəzi illər isə daha az yağış yağır. Hər il bu dövrdə sərin, isti və yağışlı havaların növbələşməsi müşahidə olunur. İyunun əvvəlindən etibarən hava şəraitində dəyişiklik başlayacaq.
Məsələn, ötən il də yay tam şəkildə çox isti keçmədi. Əsasən iyul ayı daha isti oldu. Avqustdan etibarən isə temperatur nisbətən aşağı düşməyə başladı. Yağışın yağması avtomatik olaraq havaların qeyri-adi olması demək deyil.
Keçən il iyul ayına qədər Bakıda xeyli küləkli günlər olmuşdu və buna görə dəniz suyu da çox qızmamışdı. Ümumiyyətlə, Bakını əsas göstərici kimi götürmək də düzgün deyil. Ölkənin müxtəlif iqlim qurşaqları və regional xüsusiyyətləri var. Burada baş verən proseslərə kompleks şəkildə yanaşmaq lazımdır. Hazırda müşahidə etdiyimiz vəziyyət hansısa fövqəladə anomaliya deyil”.
Ayhan
13:00 25.05.2026
Oxunuş sayı: 46