Əlvida Nəsimi, əlvida Babək, əlvida Beyrək... əlvida, böyük sənətkar!
Haqqın səsi Nəsimi, məğrur Babək, sadiq Beyrək...
Azərbaycan kinosu və teatrı bu gün ən ağır itkilərindən birini yaşayır. Sənəti hər şeydən uca tutan, kinonu mayak hesab edən, “Gedən cismimdir, ruhum sizinlədir” deyən Rasim Balayev sanki elə öz sözləri ilə bu gün bizə vida edir. Onun ölümü Azərbaycan kinosunun bütöv bir qızıl səhifəsinin qapanmasıdır.
Hər şey Ağsunun bərəkətli torpaqlarında başlamışdı. Səkkiz uşaqlı bir ailənin böyüyü Rasim boyca hündür olsa da, çəlimsiz uşaq idi. Amma o kiçik bədəndə elə bir öyrənmə ehtirası vardı ki, beş yaşında əlifbanı bilir, altı yaşında artıq sərbəst kitab oxuyurdu.
Məktəb illərində ədəbiyyat müəlliməsi Nabat xanımın dərslərində şeirləri elə intonasiya ilə deyirdi ki, sanki səhnədəymiş kimi. Radio-tamaşaları dinləyib otağında xəyallar quran, dostları üçün Rac Kapuru təqlid edən o uşaq bir gün on yaşında ikən Ağsu aşırımında “Uzaq sahillərdə” filminin çəkilişlərinə baxanda öz taleyini görmüşdü. Nodar Şaşıqoğluna baxan o heyran gözlər, illər sonra Azərbaycan kinosunun simasına çevriləcəkdi.
“Mənim üçün birinci sinif maraqsız idi” – deyirdi, ustad.
Çünki o, hərfləri çoxdan tanımışdı. Taleyin ilk sınağı da elə orada başladı; bir il irəli düşmək istəsə də, təhsil sisteminin dəyişməsi ilə yenidən həmyaşıdları ilə eyni vaxtda məzun oldu. Sanki zaman ona deyirdi: “Tələsmə, sənin hələ yaşayacağın böyük bir tarix var”.
Rasimin həyatı rahat keçmədi. Gəncə həbsxanasında keçən o yüz gün onun üçün ən böyük “həyat dərsi” oldu. Burnuyuxarı, həyatı sadəcə əyləncə sanan gənc orada anladı ki, həyat səhnə deyil. O yüz gün bəlkə də onun gələcək rollarındakı dərin, kədərli və mənalı baxışların mayası idi.
Rektor Rahib Hüseynovun uzaqgörənliyi olmasaydı, biz bəlkə də böyük sənətkarı itirmişdik. O, Rasimi instituta bərpa edərkən demişdi: “Səni ona görə qaytarıram ki, yaxşı bir aktyoru mədəniyyətimizdən qopartmayım”.
Onun sənət yolu sınaqlarla dolu idi. 1970-ci illərin əvvəli Rasim üçü qaranlıq idi. Rollar verilmir, sınaqlar uğursuz olur, xəstəlik və depressiya isə onu yatağa salmışdı.
Hətta ikinci oğlu dünyaya gələndə “Adını Asim qoyun, ölsəm əvvəlinə “R” artırarsınız” deyəcək qədər ümidini itirmişdi. Amma Həsən Seyidbəylinin “Nəsimi” axtarışı hər şeyi dəyişdi.
Həsən Seyidbəylinin riski, əslində bir millətin qazancı oldu. Rasim Balayev ekrana gələndə Azərbaycan kinosu öz arxetipini tapdı.
O, kinomuzun elə bir zirvəsi idi ki, oradan baxanda Azərbaycan tarixinin bütün məğrurluğunu, kədərini və eşqini görmək olurdu. Çünki Rasim Balayev bizim milli kimliyimizin səsi, tarixin canlanmış surəti idi.
O, Nəsimi olub “Mən” deyəndə, əslində bir xalqın əsrlər boyu içində boğulmuş azadlıq hayqırtısını sənətin ən uca zirvəsinə qaldırdı. O, dərisi soyulan dərvişin simasında ruhun bədən üzərindəki qələbəsini elə sarsıdıcı sükutla oynadı ki, dünya kino tarixində bu cür “məğrur ölüm” kadrına rast gəlmək çox çətindir. Onun Nəsimisi bizə ölməyi deyil, haqq yolunda ölümsüzləşməyi öyrətdi.
Onun bənzərsiz, məxməri və eyni zamanda qüdrətli səs tembri var idi. O səs ki, birbaşa ruhun ən dərin qatlarına toxunurdu. Biz bir nəsil olaraq İmadəddin Nəsiminin fəlsəfəsini, onun “Məndə sığar iki cahan...” hayqırtısını məhz Rasim Balayevin səsi ilə sevdik, onun ifasında dərk etdik.
Onun ağır təbiəti və mərdliyi hər kəsi heyran edirdi. Ömrünün son illərində səhhəti ilə mübarizə aparan ustad bir dəfə demişdi:
“Mən qəhrəman deyiləm, yalnız qəhrəmanları oynamışam”. Bu, onun özünə və xalqına qarşı ən böyük səmimiyyəti idi.
Beləcə, Azərbaycan kinosunun bütöv bir epoxası o məğrur və məxməri səsin sükutu ilə bu gün bir az da kimsəsiz qaldı. Onunla bərabər Azərbaycan kinosunun “qızıl fondu” da getdi.
Həyatda olmasa da, kameranın yaddaşında donub qalan baxışları, o əzəmətli duruşu ilə hər zaman bizimlə olacaq. Zaman onun üçün dayansa da, axtardığı əbədiyyəti sənətində tapdı.
Ruhun şad olsun, böyük sənətkar, sənin yerin həmişə “olmaq istədiyin yer” – bizim qəlbimiz olacaq...
12:14 30.03.2026
Oxunuş sayı: 86