Ekspert fikrinin qiyməti varmı? - qonorar müzakirəsində fikirlər haçalandı
Bir çox xarici ölkələrdə media ilə ekspertlər arasındakı əməkdaşlıq artıq peşəkar və institusional qaydalar əsasında qurulub. Bu təcrübəyə görə, politoloqların, iqtisadçıların, analitiklərin və digər sahə üzrə mütəxəssislərin mediaya verdiyi şərhlər çox vaxt ödənişli əsaslarla təqdim olunur. Bunun səbəbi isə onların bilik və təcrübəsinin intellektual əmək kimi qiymətləndirilməsi, həmçinin ekspert fəaliyyətinin ayrıca peşə sahəsi kimi qəbul edilməsidir.
Azərbaycanda isə vəziyyət fərqlidir. Yerli mediada ekspertlər əksər hallarda şərh və müsahibələrini ödənişsiz əsaslarla təqdim edirlər. Bu, bir tərəfdən medianın maliyyə imkanlarının məhdudluğu, digər tərəfdən isə belə bir əməkdaşlıq modelinin hələ tam formalaşmaması ilə izah olunur.
Bəs beynəlxalq praktikada tətbiq olunan bu modelin Azərbaycanda da formalaşması üçün hansı addımlar atılmalıdır? Media və ekspert münasibətlərinin daha peşəkar və institusional çərçivəyə keçməsi üçün hansı mexanizmlər yaradılmalıdır?
Crossmedia.az məsələ ilə bağlı araşdırma aparıb:
Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova:

"Müasir dünyada informasiya yalnız xəbərin ötürülməsi deyil, həm də ideyanın, bilginin və təcrübənin paylaşılmasıdır. Televiziya və digər media platformaları cəmiyyətin düşüncə məkanını formalaşdıran mühüm tribuna rolunu oynayır. Bu tribunanın əsas iştirakçıları isə yalnız aparıcılar və jurnalistlər deyil; bura müxtəlif sahələr üzrə mütəxəssislər, alimlər, sənət adamları, publisistlər və yaradıcı düşüncə sahibləri də daxildir. Dünyanın bir çox ölkələrində bu şəxslərin efirdə iştirakı sadəcə “dəvət” çərçivəsində deyil, həm də peşəkar əmək münasibəti kimi qiymətləndirilir. Başqa sözlə, fikir və bilik də əməyin bir forması hesab olunur və bu əməyin qarşılığında müəyyən ödəniş nəzərdə tutulur".
Deputat qeyd edib ki, qərb mediasında uzun illərdir formalaşmış bir təcrübə var: televiziya proqramına dəvət olunan ekspert və ya yaradıcı şəxs efirdə səsləndirdiyi analitik fikir, təqdim etdiyi təhlil və ya yaradıcılıq məhsulu üçün qonorar alır: "Bu yanaşma bir tərəfdən intellektual əməyin dəyərini tanıyır, digər tərəfdən isə mediada peşəkarlıq standartlarının yüksəlməsinə xidmət edir. Çünki efirə çıxan şəxs bilir ki, onun söylədiyi fikir yalnız şəxsi mövqe deyil, həm də peşəkar məsuliyyət daşıyan bir mövqedir. Azərbaycanda isə bu məsələ hələ də aydın mexanizmə malik deyil. Əksər hallarda ekspert və ya yaradıcı şəxslər televiziya verilişlərinə könüllü şəkildə dəvət olunur və onların iştirakı “ictimai maraq” və ya “şəxsi təşəbbüs” kimi qəbul edilir. Halbuki bu insanlar öz biliklərini, illərlə qazandıqları təcrübəni və intellektual potensiallarını efirə gətirirlər. Bu isə mahiyyət etibarilə yaradıcı və analitik əməyin bir formasıdır. Belə bir mexanizmin Azərbaycanda tətbiqi mümkündürmü? Şübhəsiz ki, mümkündür. Bunun üçün ilk növbədə medianın intellektual əməyə münasibətində konseptual yanaşma formalaşmalıdır. Televiziya kanalları və media qurumları ekspert və yaradıcı şəxslərlə əməkdaşlıq modelini daha sistemli şəkildə qurmalı, onların efirdə iştirakı üçün şəffaf və aydın qonorar qaydaları müəyyən etməlidirlər. Bu, həm müqavilə əsasında qısa müddətli əməkdaşlıq, həm də layihə əsaslı iştirak formatında həyata keçirilə bilər. Digər tərəfdən, belə bir praktikanın tətbiqi mediada keyfiyyətli məzmunun artmasına da təkan verər. Ekspert və yaradıcı insanlar bilərlər ki, onların fikri yalnız efir vaxtını dolduran element deyil, cəmiyyət üçün dəyər yaradan intellektual məhsuldur. Bu isə daha məsuliyyətli və daha dərin məzmunun yaranmasına səbəb olar. Əlbəttə, bu mexanizmin tətbiqi yalnız maliyyə məsələsi deyil. Bu, həm də intellektə və yaradıcılığa verilən dəyərin göstəricisidir. Cəmiyyət düşüncəyə qiymət verməyə başladıqca, mediada səslənən fikrin də çəkisi artır. Nəticədə efir müzakirələri təsadüfi rəylərdən deyil, əsaslandırılmış mövqelərdən ibarət olur. Bu gün Azərbaycan mediası yeni mərhələyə qədəm qoyur. İnformasiya bolluğu dövründə keyfiyyətli fikir və analitik baxış daha da qiymətli resursa çevrilir. Ona görə də intellektual əməyin dəyərinin tanınması təkcə yaradıcı insanlar üçün deyil, bütövlükdə media mühitinin inkişafı üçün vacib addım ola bilər. Çünki efirin səviyyəsi yalnız texniki imkanlarla deyil, orada səslənən düşüncənin dərinliyi ilə ölçülür".
Global.info saytının təsisçisi Azər Ayxan:

"Azərbaycanda da bu təkliflə çıxış edən bəzi şəxslər olub. Hətta adlarını çəkmək istəmirəm. Biri mədəniyyət sahəsindən olan bir şəxs, digəri isə səhv etmirəmsə, siyasi şərhlər verən tanınmış ekspertlərdən biri idi. Onlar belə bir təklif irəli sürmüşdülər ki, bundan sonra onların mediaya çıxışı ödənişli olsun. Lakin həmin şəxslər media tərəfindən ciddi şəkildə qınandı və bunun mümkün olmadığı bildirildi. Azərbaycanda bildiyiniz kimi, hələlik belə ənənələr formalaşmayıb. Əksinə, mediada indiyə qədər məşhurlaşmış ekspertlərdən ödəniş tələb olunsa belə, bu, real görünmür. İstənilən şəxs, xüsusilə sosial şəbəkələr populyarlaşana qədər, məhz media vasitəsilə – qəzetlərdə, televiziyalarda və radiolarda çıxış edərək tanınırdı. Onların ictimai rəydə etibarlılıq əmsalı da məhz bu çıxışlardan sonra artırdı".
A.Ayxan bildirib ki, Azərbaycan reallığında hələlik bunu açıq şəkildə mümkün hesab etmirəm: "Ola bilsin ki, zaman keçdikdən sonra bu deyilənlər müəyyən mənada reallaşa bilər. Lakin hazırda bizim ekspertlərimizin, politoloqlarımızın və fikir adamlarımızın daha çox ictimaiyyətə təqdim olunmağa ehtiyacları var. Biz bunu gündəlik işimizdə də görürük ki, onlar media ilə məhz bu formada – yəni ödənişsiz əsaslarla əməkdaşlıq etməkdə maraqlıdırlar. Bildiyiniz kimi, Azərbaycanda reklam bazarı tam formalaşmadığı üçün medianın elə ciddi maliyyə imkanları yoxdur ki, hansısa ekspertə hər hansı mövzu ilə bağlı şərhinə görə ödəniş etsin. Gələcəkdə reklam məsələləri həllini tapsa, bəlkə bu barədə düşünmək mümkün olar. Hazırda isə bildiyiniz kimi, çatbotlar və süni intellekt dövrüdür. Media nümayəndələri, jurnalistlər, hətta ekspertlərin özləri belə çatbotlar və süni intellekt vasitəsilə bir çox məlumatları əldə edə bilirlər və yeni fikirlər irəli sürmək imkanı qazanırlar. Ona görə də müxtəlif səbəblərdən bu dediyiniz məsələnin hələlik reallaşmasını mümkün hesab etmirəm".
Politoloq Zeynal Əmrəliyev:

"Bu üsuldan dünya praktikasında geniş istifadə olunur. Ən çox rast gəlinən nümunələrdən biri də Türkiyə təcrübəsidir. Türkiyədə hər hansı media qurumu – istər qəzet, istərsə də xəbər saytı – müxtəlif sahələr üzrə analitikləri əməkdaşlığa cəlb edir. Bu analitiklər əsasən siyasi təhlilçilər olsa da, iqtisadiyyat, humanitar sahələr və sosial məsələlər üzrə yazan müəlliflər də ola bilər. Həmin şəxslərə media orqanlarında öz köşələri verilir və onlar öz sahələri ilə bağlı mövzulara münasibət bildirir, analitik yazılar dərc edirlər. Bu yazılara görə isə media qurumu tərəfindən onlara qonorar ödənilir. Yəni müəlliflə media qurumu arasında müəyyən müqavilə münasibətləri formalaşır. Oxucular da artıq bilirlər ki, konkret media orqanında hansı müəlliflər yazır və bəzən məhz sevdikləri müəllifin yazılarını oxumaq üçün həmin qəzetə və ya sayta müraciət edirlər. Türkiyədə hətta köşə yazarlarının “transferi” də müşahidə olunur. Məsələn, hansısa müəllif bir qəzetdən digərinə keçə bilir və bu proses müəyyən mənada futbolçuların transferinə bənzədilir. Bu praktika televiziya proqramlarında da tətbiq olunur. Bəzi analitiklərin öz verilişləri olur və ya televiziya kanalları müəyyən ekspertlərlə müqavilə bağlayaraq onları müntəzəm şəkildə efirə dəvət edirlər. Bu, təkcə siyasi sahədə deyil, digər istiqamətlərdə də müşahidə olunur. Məsələn, tarix sahəsində fəaliyyət göstərən tanınmış alimlər – Celal Şengör və mərhum İlber Ortaylı müxtəlif televiziya kanallarında və proqramlarda mütəmadi olaraq çıxış edirdilər. Onların efirə dəvəti də əsasən müqavilə əsasında həyata keçirilirdi. Eyni modelin Azərbaycanda da tətbiq olunması arzuolunan olardı. Çünki ölkədə ekspert camiəsi kifayət qədər inkişaf edib və bu sahənin daha sistemli şəkildə təşkilinə ehtiyac var. Ekspertlərin öz üzərində işləməsi, araşdırmalar aparması üçün müəyyən maliyyə resurslarının olması vacibdir. Bu maliyyə imkanları sayəsində onlar müxtəlif ölkələrə səfərlər edə, konfrans və simpoziumlarda iştirak edə, kitab və elmi mənbələr əldə edə bilərlər. Bu da nəticədə analitik yazıların və verilən açıqlamaların daha dərin və dolğun olmasına şərait yaradar".
Politoloq bildirib ki, bu baxımdan, media qurumlarının mövcud açıqlama siyasətinə yenidən baxması məqsədəuyğun olardı: "Yəni müxtəlif politoloq və ekspertlərdən qısa açıqlamalar almaq əvəzinə, onlarla müqavilə əsasında əməkdaşlıq qurmaq və analitik yazılar sifariş etmək daha faydalı ola bilər. Hətta bəzi hallarda ekspertlərin televiziya proqramlarına da müqavilə əsasında dəvət olunması daha effektiv nəticə verər. Bu yanaşma həm ekspert camiəsi, həm də media qurumları üçün daha faydalı olardı. Əks halda, mövcud vəziyyət davam edərsə, Azərbaycanda media–ekspert münasibətlərinin inkişafında ciddi irəliləyiş gözləmək çətin olacaq. Çünki heç bir maliyyə təminatı olmadan, sadəcə açıqlama almaq həm işin keyfiyyətinə mənfi təsir göstərir, həm də insanların bu sahəyə marağını azaldır. Bir müddətdən sonra hazırda aktiv olan bir çox ekspertlərin və xüsusilə də bu sahəyə yeni gələn gənclərin bu istiqamətdən uzaqlaşmasının şahidi ola bilərik. Buna görə də mövcud yanaşmanın dəyişməsi və qardaş Türkiyə təcrübəsinin müəyyən dərəcədə nümunə kimi götürülməsi məqsədəuyğun olardı. Yəni media qurumlarının gündəlik açıqlamalar almaq praktikasını azaltması və bunun əvəzinə sayt və qəzetlər üçün müqavilə əsasında analitik yazıların hazırlanmasına üstünlük verməsi daha səmərəli model hesab oluna bilər. Bu, həm media qurumları, həm də ekspertlər üçün daha faydalı və davamlı əməkdaşlıq forması yaradar".
Hərbi ekspert Ədalət Verdiyev:

"Efirlərə dəvət olunmaq kifayət qədər zaman və hazırlıq tələb edən məsələdir. Çünki həm efirə zahiri görünüş baxımından hazırlaşmaq lazımdır, həm də efir zamanı ekspromt şəkildə ortaya çıxa biləcək çoxsaylı suallara cavab vermək üçün müəyyən hazırlıq səviyyəsi olmalıdır. Eyni zamanda efirə çıxan şəxs ölkədə, regionda və aidiyyəti strukturlarda baş verən proseslərdən daim xəbərdar olmalıdır. Ümumiyyətlə, efirdə çıxış edən insan özünəməxsus üslubda müəyyən bir beyin məhsulu ortaya qoymalı, ictimaiyyətin, eləcə də televiziya, radio və digər kütləvi informasiya vasitələrində çalışan insanların etibarını qazanmalıdır".
Ekspert qeyd edib ki, bu isə çox əziyyətli, uzunmüddətli və fasiləsiz bir fəaliyyətdir.: "Bu işin demək olar ki, gecəsi-gündüzü yoxdur. Məsələn, mən dünən gecə saat 4-də bir mətbuat orqanına Bakıda baş vermiş PUA uçuşu ilə bağlı müsahibə verdim və eyni zamanda aidiyyəti güc strukturları ilə yazışmalar apardım. Yəni bu işin nə gecəsi var, nə gündüzü, nə istirahəti, nə də tətili. Buna baxmayaraq, çox vaxt bu fəaliyyətin heç bir ödənişi olmur. Məhz bu səbəbdən də televiziyalara dəvət olunan şəxslərin institusional şəkildə, sistemli formada efirlərə hazırlaşması real görünmür".

"Azərbaycanda ekspertlərin mediada çıxışlarına görə ödəniş mexanizminin tətbiqi mümkündür ancaq bu sistemli və uzun müddət tələb edə biləcək mexanizmin qurulması əsasında ola bilər. Ekspert çıxışı sadəcə fikir bildirmək deyil, uzun illərin təcrübəsinə, elmi araşdırmalara və analitik düşüncəyə əsaslanan intellektual məhsuldur. Buna görə də onun maddi qarşılığının olması normal və ədalətli hesab olunur. Əks halda mediada daha çox təsadüfi və populist fikirlər səslənə bilər ki, bu da ictimai rəyin formalaşmasına mənfi təsir göstərir. Azərbaycanda bu mexanizmin tətbiqi üçün bir neçə model mümkün ola bilər: Birincisi, televiziya və media qurumları ekspert çıxışları üçün rəsmi qonorar sistemi formalaşdıra bilər. Bu zaman proqramın analitik səviyyəsinə və ekspertin statusuna uyğun olaraq müəyyən ödənişlər nəzərdə tutulur. Əsas təklif kimi isi universitetlər, tədqiqat mərkəzləri və media qurumları arasında əməkdaşlıq mexanizmi qurulmasıdır. Belə halda alim və mütəxəssislərin mediada çıxışları həm elmi-populyarlaşdırma funksiyasını yerinə yetirər, həm də onların intellektual əməyinə dəyər verilmiş olar. Ancaq maliyyə imkanların və büdcənin bu mexanizmə uyğunlaşdırılması başlıca məsələdir. Çünki bu olmadan sözügedən mexanizmlərin tətbiqi mümkün deyil. Eyni zamanda əgər bu mexanizm qurularsa o zaman ekspertlərin də hətta öz sahəsi üzrə müvafiq olaraq dəqiq müəyyən olunması-dərəcələndirilməsi lazımdır. Çünki bu gün görürük ki, bəzən mütəxəssis adı ilə çıxış edənlər sözügedən hər hansı sahə üzrə təcrübəyə və biliyə malik deyil, ancaq buna baxmayaraq açıqlamalar verirlər. Ümumilikdə, bu modelin tətbiqi Azərbaycanda həm mediada peşəkarlığın artmasına, həm də ekspert institutunun formalaşmasına müsbət təsir göstərə bilər".
Ayhan
13:05 16.03.2026
Oxunuş sayı: 62