Cənubi Azərbaycanın müstəqilliyi gündəmdə: Proseslər hara aparır? - MÜSAHİBƏ
Yaxın Şərqdə baş verən son hadisələr regionda geosiyasi vəziyyəti kəskin şəkildə dəyişdirib və qlobal təhlükəsizlik mühitində yeni suallar doğurub. İsrail və ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar rəsmi açıqlamalarda təhlükəsizlik və nüvə proqramı ilə bağlı risklərlə əsaslandırılsa da, bir çox analitiklər bu qarşıdurmanın arxasında daha geniş geosiyasi, strateji və iqtisadi səbəblərin dayandığını qeyd edirlər. Müharibənin genişlənməsi ehtimalı isə vəziyyəti daha da həssas edir.
Bu fonunda İraqın nüfuzlu dini liderlərindən biri olan Ayətullah Əli Sistaninin ABŞ-a qarşı cihad elan etməsi diqqət çəkən məqamlardan biridir. Xatırladaq ki, Sistaninin illər əvvəl İŞİD-ə qarşı verdiyi cihad fətvası regionda ciddi hərbi səfərbərliyə səbəb olmuş və terror təşkilatının məğlub edilməsində mühüm rol oynamışdı. Bu baxımdan, onun son bəyanatının regiondakı hərbi və siyasi balanslara necə təsir göstərəcəyi geniş müzakirə olunur.
Digər tərəfdən, müharibənin təsirləri artıq Yaxın Şərqlə məhdudlaşmır və proseslərin Cənubi Qafqaz regionuna qədər uzandığı ilə bağlı fikirlər səslənir. Xüsusilə Azərbaycanın hədəf alınması, bəzi dairələr tərəfindən təhdid xarakterli bəyanatların verilməsi regionda yeni gərginlik ehtimallarını gündəmə gətirib. Bu vəziyyətdə Azərbaycanın mümkün diplomatik və siyasi reaksiyasının necə olacağı da maraq doğuran əsas məsələlərdən biridir.
Eyni zamanda, İranda – xüsusilə Cənubi Azərbaycanda yaşayan milyonlarla azərbaycanlının gələcək taleyi də bu münaqişə fonunda yenidən diqqət mərkəzinə gəlib. Tarixən müxtəlif siyasi proseslərin təsiri altında qalan bu bölgənin indiki şəraitdə hansı istiqamətdə inkişaf edə biləcəyi və soydaşlarımızın daha geniş hüquq və azadlıqlar əldə etmə ehtimalı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir.
Bununla yanaşı, münaqişədə Birləşmiş Ərəb Əmirliklərinin də iştirak etdiyi barədə məlumatlar regionda yeni koalisiya ehtimallarını gündəmə gətirir. Müharibənin uzanacağı təqdirdə ərəb ölkələrinin birgə hərbi və ya siyasi ittifaq şəklində prosesə qoşulub-qoşulmayacağı da mühüm suallardan biridir. Bütün bu proseslər fonunda qarşıdurmanın gələcək inkişaf istiqaməti, region dövlətlərinin mövqeyi və mümkün geosiyasi nəticələr əsas müzakirə mövzularına çevrilir.
Mövzu ilə bağlı siyasi şərhçi Pərviz Mirizadə Crossmedia.az-a müsahibə verib:
- İsrail və ABŞ-nin İrana hücum səbəbi aydındır. Bəs bu hücumun, müharibənin ardında daha hansı səbəblər dayana bilər?
- Fevralın 28-dən etibarən ABŞ – İsrail koalisiyanın İrana qarşı keçirdiyi hərbi əməliyyatlar regionda olduqca mürəkkəb hərbi-siyasi dinamika formalaşdırıb. Ağ ev rəhbərliyi eskalasiyanı İranın nüvə proqramı ilə əlaqələndirsə də, ardında dayanan maraqlar toplusu kifayət qədər əhatəlidir. İran regional proseslər fonunda zəif görünsə də, hələ də Yaxın Şərqdə təsir imkanlarına malik ölkədir. İdeoloji xətt və həmin əsasda formalaşdırılan proksi qüvvələr hər nə qədər zəiflədilsə də, ABŞ və İsrail üçün strateji risk sayılır. Bu səbəbdən Vaşinqton və Təl-Əviv İranda rejim dəyişikliyinin reallaşdırılmasında israr edir. Digər tərəfdən, cənub qonşumuzun zəngin karbohidrogen ehtiyatları və Hörmüz kimi strateji əhəmiyyətli boğaza nəzarət etmək potensialı Tramp administrasiyasının nəfsini qabardan amillər sırasındadır. Təbii ki, məsələnin bir də qlobal geostrateji bölgü ayağı mövcuddur. ABŞ – Çin rəqabəti İran fonunda da davam edir. Vaşinqton İrana müdaxilə etməklə böyük ölçüdə Çinin lokomotivi olduğu Qlobal Cənubu zəiflədir və Pekinin enerji resurslarına çıxış dairəsini daraltmağı hədəfləyir.
- Sistani ABŞ-a qarşı cihad elan etdi. Xatırlasaq ki, Sistani İŞİD-ə qarşı cihad elan edəndə İŞİD məhv edilmişdi, eyni aqibət ABŞ yaxud İsraili gözləyə bilərmi?
- İraqda yaşayan nüfuzlu din xadimi Seyid Əli Sistanin ABŞ – yə qarşı cihad elan etməsi əslində gözlənilən bir addım idi. Çünki sözügedən şəxs ideoloji baxımdan İranla eyni qütbdə qərarlaşan bir simadır. Onun İraq üzərində olduqca ciddi təsir mexanizmləri mövcuddur. Bundan əvvəl İŞİD üzərində qazanılan qələbədə Sistanin rolu danılmazdır. Lakin ABŞ və İsrailə qarşı məsələ tamamilə fərqlidir. ABŞ-nin böyük hərbi və texnoloji üstünlüyü mövcuddur. Onsuz da hərbi əməliyyatlar məhz hava zərbələri fonunda həyata keçirilir və bu kontekstdə asimmetrik metodlar yekunda ABŞ – nin məhv edilməsi ilə nəticələnə bilməz. Ancaq cihad çağırışı aydındır ki, regionda gərginliyi artıra və qeyri-stabil vəziyyətin davam etməsinə zəmin yarada bilər.

- Bildiyiniz kimi, Müharibə cənubi qafqaza da sıçradı. Məhz Azərbaycana...
- Naxçıvana edilən dron hücumundan sonra Azərbaycan və İran arasında münasibətlər hazırda olduqca gərgin və aşağı səviyyədədir. Rəsmi Bakı suverenliyimizə təhdid istənilən situasiyaya sərt qarşılıq verəcəyini bildirdi və Tehrana xəbərdarlıq etdi. Öz növbəsində İran prezidenti Məsud Pezişkian cənab Prezident İlham Əliyevə zəng vurub məsələni aydınlaşdırmağın vacibliyini vurğulasa da, SEPAH xəttində tamamilə fərqli mənzərənin şahidi oluruq. Keşikçilər korpusunun rəhbər şəxsləri müxtəlif platformalardan ölkəmizi təhdid etməyə davam edir. Bu isə onu göstərir ki, İranda çox ciddi idarəetmə böhranı hökm sürür. Əlbəttə, indiki şəraitdə istər Azərbaycan, istərsə də İran üçün hər hansı bir hərbi münaqişə arzuolunan deyil. Hesab edirəm ki, cənub qonşumuz dövlət rəhbərimizin Təhlükəsizlik Şurasının iclasında səsləndirdiyi fikirlərdən dərs çıxarmalıdır. Qarşı tərəf mütləq şəkildə məsuliyyətli davranmalı və aqressiv hərəkətlərdən çəkinməlidir.
- Cənubi Azərbaycanda yaşayan soydaşlarımız haqqında nə düşünürsünüz? Cənubi Azərbaycan tarixən heç vaxt bu qədər azad olmaq şansı əldə etməmişdir. Azadlıq əldə edə bilərlərmi?
- İran çox uluslu bir dövlət olduğu üçün hər daim parçalanma məsələləri özünün aktuallığını qoruyub saxlayır. Xüsusilə, indiki halda bu məsələ daha çox dilə gətirilir. Lakin dinamika hesab edirəm ki, tamamilə fərqlidir. Göründüyü kimi xarici aqressiya xalqı rejim ətrafında birləşdirib. Paralel olaraq ABŞ və İsrail hücum edən tərəf olaraq İranın parçalanmasında maraqlı deyil. Belə olduğu təqdirdə proses, yəni, Cənubi Azərbaycanın müstəqillik məsələsi birmənalı şəkildə daxili-siyasi dinamikadan asılıdır. Əgər İran daxilində ciddi destabilizasiya olsa müstəqillik tələbləri arta bilər. Eyni zamanda kürd qruplaşmaların Cənubi Azərbaycan torpaqlarına iddiası fonunda rejim bu məsələyə lazımı səviyyədə yanaşmasa burada soydaşlarımızın özünü müdafiəsi fonunda müstəqillik məsələsi aktuallaşa bilər.
- Bildiyiniz kimi müharibədə BƏƏ də iştirak edir. Müharibə davam etdikcə ərəb koalisiyas yaradıla bilərmi? Digər ərəb dövlətləri də müharibəyə qoşula bilərmi?
- Ərəb dövlətlərinin koalisiya formalaşdırıb İrana qarşı hərbi əməliyyatlara qoşulmaq ehtimalı hazırda real səslənmir. Çünki, münaqişənin uzanması öz növbəsində ərəb ölkələrinə də ciddi təsirlər göstərir və iqtisadi böhran riskləri gün keçdikcə daha da artır. Bu kontekstdə biz müşahidə edirik ki, körfəz Dövlətləri Birləşmiş Ştatlara etiraz edirlər. Çünki həmin ölkələrdə ABŞ tərəfindən qurulan təhlükəsizlik çətirinin əslində İsrailin müdafiə edilməsi məqsədi daşıdığı ortaya çıxıb. Bu isə Ərəb ölkələri üçün ciddi təhlükəsizlik boşluqları yaradır.
Ayhan
15:21 10.03.2026
Oxunuş sayı: 88