Tramp “topal ördək” olacaqmı?
ABŞ prezidenti Donald Trampın reytinqinin 34%-ə qədər enərək prezidentlik dövrünün ən aşağı səviyyəsinə düşməsi ölkədə siyasi balansın dəyişdiyini göstərən ciddi siqnaldır.
Bu azalma həm daxili sosial-iqtisadi narazılıqların artması, həm də xarici siyasətdə atılan mübahisəli addımlar fonunda baş verir.
Mövcud vəziyyət isə Trampın növbəti seçkilərdə taleyi, eləcə də bu geriləmənin əsas səbəbləri ilə bağlı sualları daha da aktuallaşdırır.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli qeyd edib ki, ABŞ prezidenti Donald Trampın nüfuzu həm qlobal məkanda, həm də Amerika cəmiyyətində getdikcə zəifləyir:

“Artıq Trampa Amerika vətəndaşları arasında inam azalıb, ona olan etimad əvvəlki səviyyədə deyil. Üstəlik, onun həm daxili, həm də xarici siyasəti ABŞ siyasi elitası və cəmiyyətində ciddi narazılıq doğurur.
Son dövrlərdə ABŞ-ın müxtəlif ştatlarında Tramp administrasiyasına qarşı kütləvi etiraz aksiyaları keçirilir.
Eyni zamanda, ölkənin siyasi elitası da Trampa qarşı təzyiqləri artırır. Əsas narazılıq səbəblərindən biri isə onun siyasətinin ABŞ-ni yeni bir “savaş bataqlığı”na sürükləməsi və bunun dövlət büdcəsinə ciddi yük yaratması ilə bağlıdır. Hərbi xərclərin həddindən artıq artması bu narazılığı daha da gücləndirir”.
Politoloq əlavə edib ki, hazırda ABŞ siyasi dairələrində Trampın səlahiyyətlərinin məhdudlaşdırılması istiqamətində müəyyən addımlar müzakirə olunur:
“Bunlardan biri onun nüvə silahından istifadə qərarı vermək hüququnun məhdudlaşdırılmasıdır. Bu məsələ ilə bağlı ABŞ Konqresinə müvafiq sənəd təqdim edilib və müzakirələrin aparılması gözlənilir.
Digər mühüm məsələ isə Trampa qarşı impiçment prosedurunun başladılması ehtimalıdır. Həm daxili siyasətdə yol verilən səhvlər, xüsusilə əhalinin sosial-iqtisadi narazılığı, həm də ABŞ-nin hərbi münaqişələrə cəlb olunması bu təşəbbüslərin əsas səbəbləri kimi göstərilir.
Bu proses onun vaxtından əvvəl prezident postundan uzaqlaşdırılmasına gətirib çıxara bilər. Trampın nüfuzunun azalması Respublika partiyası üçün də ciddi siyasi risklər yaradır.
Böyük ehtimalla, Respublikaçıların aralıq seçkilərdə qalib gəlmək şansları zəifləyib. Əgər bu seçkilərdə məğlub olsalar, Tramp “topal ördək” (səlahiyyətləri məhdudlaşdırılmış prezident) vəziyyətinə düşə bilər və onun qərarları parlament tərəfindən bloklana bilər.
Bu isə o deməkdir ki, Tramp faktiki olaraq məhdud səlahiyyətlərlə fəaliyyət göstərən dövlət başçısına çevrilə bilər. Digər tərəfdən, impiçment baş tutmasa belə, mövcud vəziyyət onun və ya Respublikaçıların növbəti prezident seçkilərində qalib gəlmək şanslarının zəif olduğunu göstərir.
Bununla belə, seçki prosesi dinamikdir və situasiya hər an dəyişə bilər. Tramp hakimiyyətdə qalarsa, növbəti seçkilərə qədər vəziyyəti öz xeyrinə dəyişmək ehtimalı da istisna deyil. Lakin hazırkı mənzərə onu göstərir ki, əgər seçkilər bu gün keçirilsəydi, Tramp böyük fərqlə məğlub ola bilərdi”.
Ayhan
10:45 30.04.2026
Oxunuş sayı: 50