Beynəlxalq Forumun iştirakçıları ADA Universiteti və “ASAN xidmət” mərkəzi ilə tanış olublar
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə bu gündən Bakıda “Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” mövzusunda beynəlxalq işə başlayır.
Crossmedia.az xəbər verir ki, Forum iştirakçıları aprelin 30-da tanışlıq proqramı çərçivəsində ADA Universitetində olublar.
Qonaqlar universitetin kampusu ilə tanış olub, burada yaradılan müasir tədris və tədqiqat mühiti barədə məlumatlandırılıblar. Universitetin əməkdaşları tərəfindən təhsil ocağının fəaliyyəti, beynəlxalq əməkdaşlıq imkanları və həyata keçirilən akademik proqramlar barədə ətraflı təqdimat edilib.
Forum iştirakçıları daha sonra 7 saylı ASAN xidmət mərkəzinə gəliblər. Qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti, vətəndaşlara göstərilən xidmətlərin operativliyi və şəffaflığı, eləcə də sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.
Bildirilib ki, milli brendə çevrilmiş “ASAN xidmət” modeli bu gün təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də maraq doğurur. Bu intellektual məhsulun ixracı istiqamətində artıq 30-dan çox ölkə və beynəlxalq təşkilatla əməkdaşlıq sənədləri imzalanıb.(Azərtac)
13:00 30.04.2026
Oxunuş sayı: 31