ABŞ-nin İranla bağlı planı sülh, yoxsa yeni böhran vəd edir?
Ağ Evin xahişi ilə ABŞ kəşfiyyat strukturlarının Vaşinqtonun İranla mümkün hərbi gərginliyi birtərəfli qaydada “sona çatdırmaq” barədə verə biləcəyi bəyanatın siyasi və geostrateji nəticələrini qiymətləndirməsi beynəlxalq gündəmdə ciddi müzakirələr doğurur.
Bu cür yanaşma, əslində, yalnız hərbi əməliyyatların deyil, eyni zamanda regiondakı güc balansının və diplomatik münasibətlərin də yenidən formalaşdırılması ehtimalını gündəmə gətirir.
Lakin əsas sual ondan ibarətdir ki, ABŞ bu proses vasitəsilə öz strateji məqsədlərinə nail ola bilirmi, yoxsa əksinə, regionda yeni risklər və qeyri-müəyyənliklər yaradır?
Bu kontekstdə verilən bəyanatın real siyasi iradəni ifadə edib-etmədiyi və ya daha çox təzyiq və sınaq xarakteri daşıdığı da xüsusi diqqət tələb edir.
Mövzu ilə bağlı politoloq Vaqif Hüseyn Crossmedia.az-a açıqlama verib:

“Bu bəyanatın haradan gəldiyini, yəni bu bəyanatı kim edib və bu xəbərin hansı mənbədən gəldiyini dəqiq müəyyən etmək lazımdır. Müharibə elə bir şeydir ki, onun içində olmasan belə, orada qalib gəlməlisən — bu, ayrı bir məsələdir.
Amerikanın burada istədiyi nədir?
Hər iki tərəfdə öz tərəfdarlarının maksimalist mövqeləri, xüsusilə də, amerikalılar tərəfindən daha sərt şəkildə müdafiə olunur. Bu maksimalist mövqelərdən geri çəkilmək istənilən halda məğlubiyyət kimi qiymətləndirilir və bu, hər iki tərəf üçün keçərlidir.
İrana gəlincə, İranda faktiki olaraq görünən odur ki, Amerika Administrasiyası və ya institutlarının orada nə dərəcədə zəiflədiyi açıq şəkildə müşahidə olunur. Amerika faktiki olaraq göstərir ki, Prezident Pezeşkian ilə birbaşa danışıqlar aparılmır, İran prezidenti ilə birbaşa təmas yoxdur”.
Politoloq əlavə edib ki, əvəzində SEPAH ilə əlaqələr və anlaşmalar gündəmdədir. Amma Amerika SEPAH-ı öz yanaşmasına uyğun şəkildə müəyyən çərçivəyə almağa çalışır, lakin bu məsələnin müzakirəsi həmin ərazilərdə bir qədər çətindir:
“SEPAH-ın qarşısında da Amerika var və Amerikanın başında olan şəxs də məlumdur. Yəni biz bilirik ki, bir qədər eqoist, daha çox öz mövqeyini və xidmətini ön plana çıxaran bir insandır. Belə bir insanın yaxın vaxtlarda hansısa məsələdə geri çəkilə biləcəyi inandırıcı görünmür.
Ona görə də hələ ki, bu məsələnin real nəticə verəcəyinə inanmaq çətindir. Daha çox donmuş vəziyyətdə qalması hər iki tərəf üçün ən məqbul variant kimi görünür. İndi tərəflər yaralarını sarıyır, xüsusilə İran tərəfi.
Hörmüz boğazından bəzi gəmilər keçə bilər, bəziləri isə keçə bilmir. Amma bu vəziyyət nə qədər davam edə bilər? Bu böhran və gərginlik nə qədər sürəcək? Hansı tərəfin hansı addımı atacağı açıq şəkildə bəyan edilməlidir. Əks halda, bu gün örtülü bazarlıq şəraitində proses idarə olunacaq”.
Ayhan
12:00 30.04.2026
Oxunuş sayı: 55