Taleyin sınadığı qadın – Şükriyyə...
Həyatın yükünü zərif çiyinlərində daşıyan, lakin əyilməyən qadınlara...
Tarix boyu qadın həm zərifliyin, həm də sarsılmaz bir iradənin simvolu kimi cəmiyyətin ən mürəkkəb qatlarında özünə yer tapıb. Qadın bir millətin yaddaşını, mənəviyyatını və ən çətin anlarda göstərdiyi dözümü öz çiyinlərində daşıyan gizli qəhrəmandır.
Tarixin müxtəlif mərhələlərində qadınlar ağır sınaqlarla üz-üzə qalıblar. Azərbaycan qadını isə bu sınaqlardan hər zaman alnıaçıq çıxmağı bacarıb, lakin onun ömür yolunda elə bir kəsir var ki, o yaranın qaysağı hələ də tam qopmayıb.
Müharibələr, siyasi repressiyalar və ictimai təlatümlər onların həyatına dərin izlər salıb. Xüsusilə repressiya illərində minlərlə qadın həyat yoldaşlarının və yaxınlarının taleyi ilə bağlı irəli sürülən ittihamların kölgəsində yaşamağa məcbur qalıb. Bu gün həmin qadınların həyatına nəzər saldıqda yalnız tarixi faktları deyil, həm də səssizcə yaşanan ağrıları görmək mümkündür. Çünki hər bir belə talenin arxasında susaraq dözən, ailəsini qorumağa çalışan və bütün çətinliklərə baxmayaraq ümidini itirməyən qadın hekayələri dayanır.
Bu talelərin mərkəzində dayanan ən sarsıdıcı simalardan biri Əhməd Cavadın şeirlərindəki müqəddəs sevginin ünvanı olan Şükriyyə Axundzadədir. Onun ağır və şərəfli ömür yolunun səhnə təcəssümü isə “Şükriyyə” tamaşasıdır. Akademik Milli Dram Teatrının səhnəsində Cavid Zeynallının pyesi əsasında hazırlanmış bu tamaşa repressiyaya məruz qalan istiqlal şairimiz Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin həyatının ən ağır dönəmləri, fədakarlığı və iradəsi səhnələşdirilir.
Tamaşanı izləyərkən beynimdə dolaşan ilk fikir bu oldu: Bir qadın nə qədər yükü daşıya bilər?
Sonra gözümün önünə 1937-ci ilin o qara və soyuq mənzərəsi gəldi. O mənzərə ki, qadınların ruhunu həbs etməyə çalışdı, bir gecədə “vətən xaininin arvadı” damğası ilə minlərlə qadını isti evindən qoparıb Sibirin buzuna, Qazaxıstanın sonsuz çöllərinə atdı. İzlədiyimiz bu səhnə əsəri məhz o qadınların sükut dolu fəryadı və bir dövrün psixoloji mənzərəsi idi.
Səhnədə qurulan dəmir yolu relsləri və çamadanlar tarixin tozlu yollarında itirilən həyatları, səssizcə yox olan ümidləri simvolizə edərək tamaşaçını dərhal hadisələrin mərkəzinə çəkir. Sanki bir zaman maşınında idik və o illərə qayıtmışdıq. Səhnədəki vizual həllər, işıq və kölgə oyunları repressiya dövrünün o boğucu, qaranlıq atmosferini tamaşaçıya dərindən hiss etdirir, uzaqdan gələn qatar səsi insanın canına üşütmə salırdı.
Tamaşanın çalarlarında həm hüzn, həm də gizli bir qürur var. Aktyor oyunu vasitəsilə Şükriyyənin daxili dünyasındakı sarsıntılar, uşaqlarına olan həsrəti və Cavadın xatirəsinə sadiqliyi təbii dillə tamaşaçıya çatdırılır.
İstintaq zamanı Fyodor Alekseyeviç (Nurəddin Mehdixanlı) obrazı dindirilmə anındakı sərtliyi və sonrakı daxili çevrilməsi ilə diqqət çəkir. Onun dilindən səslənən “Dünən bir şair gətiriblər, o isə sadəcə “mən əzilən bir millətin haqq bağıran səsiyəm” deyir” cümləsi sanki yalnız Əhməd Cavad üçün deyil, bütün istiqlal şairlərimiz üçün deyilmiş manifest kimi zalda əks-səda doğurur.
Şükriyyənin (Münəvvər Əliyeva) səhnədə görünməsi isə tamaşanın emosional zirvəsini təşkil edir. İstintaq otağının soyuq atmosferində Şükriyyəyə təklif olunan “boşanma müqabilində azadlıq” şərti onun sarsılmaz iradəsi qarşısında aciz qalır: “Mənim boşanmaq haqqında ərizəm Cavada atılan güllədən də betər olar”.
“Cavada görə soyadımdan, Vətənimdən imtina etmişəm. Cavadı heç kimə dəyişmərəm” deyərək özündən və soyadından dönməyən fədakar qadın üç azyaşlı balasından, körpəsindən qopardılaraq Qazaxıstanın Akmolinski vilayətinə, əmək koloniyasına sürgün edilir.
Tamaşada Şükriyyə ilə yanaşı digər ölkələrdən sürgün edilmiş qadınların taleyi də əks olunur. İnsan iradəsi, mənəvi təmizlik və çətin sınaqlar qarşısında qorunan ləyaqət tamaşaçılara dərindən hiss etdirilir, aktyorlar da bu duyğunu uğurla çatdırır.
Tamaşanın ilk hissəsində zənnimcə, ən təsirli səhnələrdən biri də Şükriyyə ilə atası Süleyman bəyin xəyali söhbəti idi. Xalq artisti Əli Nurun “balam” deyə yüksələn fəryadı bir atanın hayqırtısını bütün çılpaqlığı ilə bizə çatdırdı.
Tamaşanın fəlsəfi yükünü artıran məqamlardan biri Fyodor Alekseyeviçin daxili dünyasına edilən səyahət idi. Oğlu İsa dünyaya gəldikdən sonra sanki yenidən doğulan Fyodor vicdanı ilə baş-başa qalır, Şükriyyədən bağışlanma diləyir. Əslində bir tatar olduğunu və adının belə ona məxsus olmadığını etiraf edən bu obraz fonunda repressiyanın insanları necə simasızlaşdırdığını bir daha dərk edirik. Azərbaycan qadınının ürəyinin böyüklüyü isə məhz burada bir daha sübut olunur: Şükriyyə xanımın səkkiz il göz bəbəyi kimi qoruduğu, körpəsi Yılmaz üçün toxuduğu əlcəyi ona işgəncə verən şəxsin oğluna hədiyyə edir. Bu, Azərbaycan qadınının bağışlamaq bacarığının və qəlbinin böyüklüyünün təzahürü, amansız taleyə və onu sındırmaq istəyən rejimə verilən ən böyük mənəvi cavab idi.
Bu qaranlıq sürgün tablosuna Günəş kimi doğan isə balaca Lali (Aylin Həşimova) olur. O, sürgün həyatının bütün acılarını öz uşaq məsumiyyəti ilə alt-üst edirdi. Hər kəsin taleyin ağır sınaqları altında əzildiyi bir vaxtda dörd yaşlı gürcü qızı insanın içini sızladırdı. Onun qorxanda qaçmağa başqa yeri yox imiş kimi masa altına sığınıb sakitcə ağlaması ən təsirli anlardan idi.
“Balaların səni gözləyir. Get balalarına qovuş, Şükrü”
Tamaşanın mahiyyəti bizə bir həqiqəti aşılayır: rejimlər dəyişir, ideologiyalar yıxılır, amma Şükriyyə kimi qadınların fədakarlığı və ləyaqəti zamanın fövqündə qalır. Aktrisanın hər bir jesti – övlad həsrəti ilə çırpınan əlləri, Cavadın adını pıçıldayan dodaqları tamaşaçını sanki o dərdi bölüşməyə məcbur edirdi.
Səhnə əsəri həm də yaddaş təzələnməsidir, o dövrdə susdurulan minlərlə qadının səsi bu gün Şükriyyənin obrazında səhnədən bizə xitab edir.
“O, Şükriyyədir. Cavadın yarım qalmış mirası, Sibirin buzunu isidən göz yaşıdır”
19:56 08.03.2026
Oxunuş sayı: 2659