Partiyalar vahid platformadan çıxış etsin - MÜSAHİBƏ
Regionda və dünyada geosiyasi proseslərin sürətlə dəyişdiyi, Cənubi Qafqazda yeni siyasi reallıqların formalaşdığı bir dövrdə daxili siyasi münasibətlərin xarici siyasət kursu ilə necə uzlaşdığı xüsusi maraq doğurur. Qlobal güc balansının yenidən qurulduğu, regional münaqişələrin intensivləşdiyi və diplomatik manevr imkanlarının genişləndiyi indiki mərhələdə həm iqtidar–müxalifət münasibətləri, həm də Azərbaycanın beynəlxalq mövqeyi aktual müzakirə mövzusudur. Dövlətimizin beynəlxalq arenada qazandığı güc və daim demokratiya tərəfdən çıxış etməsi sözsüz ki, dövlətimizin daxilindəki proseslərdə də öz əksini tapır. Məhz bu kontekstdə müxalifət və iqtidar dialoqunu formalaşdırmaq zəruridir.
Azərbaycan Xalq Partiyasının sədri Qiyas Sadıqov Crossmedia.az-a müsahibə verib:

- İqtidar–müxalifət dialoqunun hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?
- Hazırda iqtidar və müxalifət arasında müəyyən təmaslar mövcuddur, lakin konkret mövzular üzrə dialoq mühiti zəifdir. Son zamanlar hər hansı ciddi müzakirə, toplantı və ya geniş formatlı görüş keçirilməyib. Düşünürəm ki, bu vəziyyət müəyyən mənada qonşu dövlətdə baş verən hadisələrlə də bağlıdır. Həmin proseslər başa çatdıqdan sonra, yəqin ki, belə görüşlər və ümumi müzakirələr yenidən mümkün olacaq.
- Partiya rəhbəri kimi necə bir dialoq görmək istərdiniz? Azərbaycanda hansı dialoqa ehtiyac var?
- Ümumiyyətlə, Azərbaycanda ciddi bir dialoqa ehtiyac var. Arzuolunandır ki, bütün müxalifət partiyaları bu dialoqda iştirak etsinlər. Siyasi və iqtisadi islahatlarla bağlı geniş müzakirələrin aparılması bu gün Azərbaycan üçün olduqca vacibdir.
- Məsələn, konkret hansı siyasi və iqtisadi məsələlər üzrə?
- Siyasi məsələlər baxımından, ilk növbədə seçkilərlə bağlı mövzular – bələdiyyə və parlament seçkiləri. Azərbaycan bu proseslərə doğru gedir və nə qədər tez və şəffaf şəkildə həyata keçirilsə, bir o qədər yaxşı olar. İqtisadi islahatlar sahəsində isə vergi islahatları, gömrük sahəsində dəyişikliklər, rəqabət mühitinin yaxşılaşdırılması, monopoliyadan çıxış yolları kimi məsələlər gündəmdə olmalıdır. İqtisadiyyatın bütün sahələrində kiçik və orta biznesin inkişafı, şəffaflığın artırılması istiqamətində islahatlara böyük ehtiyac var.
- Sizcə, real siyasi dialoq üçün əsas maneə nədir? Yalnız qonşu dövlətlərdə baş verən proseslər?
- Xeyr, məsələ təkcə regionla bağlı deyil. Bu gün ümumiyyətlə dünyada demokratiya, söz və mətbuat azadlığı, insan hüquqları məsələləri arxa plana keçib. Beynəlxalq hüquq mexanizmləri zəifləyib, beynəlxalq təşkilatlar çətin vəziyyətdədir. Bu amillər Azərbaycana da təsir edir və nəticədə dialoq istədiyimiz səviyyədə deyil.
- Sizin istədiyiniz səviyyə necədir?
- İstərdik ki, ciddi və nəticəyönümlü müzakirələr aparılsın. Müxalifətin güclü və ya zəif olmasından asılı olmayaraq, irəli sürdüyü təkliflər hakimiyyət tərəfindən nəzərə alınsın, eyni zamanda hakimiyyətin təklifləri də qarşılıqlı anlaşma şəraitində müzakirə edilsin. Orta məxrəcə gəlmək üçün real siyasi iradəyə ehtiyac var.
- Partiya olaraq dialoq prosesində hansı konkret təkliflərlə çıxış etmək istəyirsiniz?
- Əgər ciddi dialoq prosesi başlasa, yaxşı olar ki, müxalifət partiyaları müəyyən məsələlər üzrə vahid platformadan çıxış etsin və ümumi sənəd hazırlasınlar. Bizim partiyanın əsas prioritetləri siyasi islahatlar və seçki məsələləridir. Şəffaf və ədalətli seçkilərin keçirilməsi, yaxud keçid dövrü üçün razılaşdırılmış seçki mexanizminin formalaşdırılması vacibdir. İqtisadi sahədə də bir sıra konkret təkliflərimiz var.
- Fərqli proqramları olan müxalifət partiyalarının bir platformada çıxış etməsi nə dərəcədə düzgündür?
- Burada söhbət bütün məsələlərdə eyni mövqedə dayanmaqdan getmir. Müəyyən əsas məsələlər ətrafında ortaq platforma formalaşdırmaq mümkündür. Hər partiyanın öz proqramı, nizamnaməsi və siyasi xətti var və təbii ki, hər biri iqtidara gəlmək istəyir. Amma seçkilər, siyasi islahatlar kimi fundamental mövzularda ortaq mövqe sərgiləmək mümkündür. Məsələn, iqtisadi islahatlarda bəzi fərqli yanaşmalar ola bilər – biri vergi faizinin 2% olmasını təklif edə bilər, digəri 1% deyə bilər. Amma ümumilikdə böyük fikir ayrılıqları yoxdur ki, ortaq məxrəcə gəlmək mümkünsüz olsun.
- Partiyada rəhbərlik dəyişikliyindən sonra hansısa dəyişikliklər edilibmi?
- Pənah bəy -sabiq sədr Azərbaycanda tanınmış siyasətçidir və onun siyasi çəkisi, nüfuzu var. Ondan sonra partiyaya rəhbərlik etmək asan deyil, çətinlikləri var. Amma biz mübarizə yolu keçmişik, bu çətinliklərə hazırıq. Partiyamız müxalifət partiyasıdır və qarşıya qoyduğu əsas məqsəd iqtidarda təmsil olunmaqdır. Dialoq prosesi olduğu müddətdə biz dialoqun əleyhinə olmamışıq. Düşünürəm ki, bu gün heç bir müxalifət partiyası dialoqdan kənarda qalmaq istəməz. Əsas məsələ dialoqun formal deyil, real və nəticəli olmasıdır.
- Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında normallaşma prosesi gedir. Bu vəziyyəti necə qiymətləndirirsiniz?
- Dünyada vəziyyət dəyişib, beynəlxalq hüquq zəifləyib, güclü dövlətlər öz maraqlarını diktə edirlər. Ədalətli və ədalətsiz müharibələr var. Məsələn, Rusiya Ukrayna ərazilərini işğal edib. Bizim Ermənistanla apardığımız 44 günlük müharibə isə haqq müharibəsi idi. Şükürlər olsun ki, qələbə qazandıq və Azərbaycanın suveren hüquqlarını bərpa etdik. Bu baxımdan Azərbaycan xalqına və bu qələbədə əməyi olan hər kəsə minnətdar olmalıyıq. Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması müsbət haldır. Zəngəzur dəhlizinin açılması da hamının səbirsizliklə gözlədiyi məqamlardandır. Ümid edirəm ki, tezliklə sülh müqaviləsi imzalanacaq.
- Ermənistanda keçiriləcək parlament seçkiləri sülh prosesinə necə təsir edə bilər?
- Düşünürəm ki, seçkilər başa çatdıqdan sonra proses daha da sürətlənə bilər. ABŞ-də keçirilən görüşlərdə də bu məsələlər müzakirə olunub. Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşlər sülh prosesinə müəyyən təkan verib. Parlament seçkilərindən sonra yaxın aylarda sülh müqaviləsinin imzalanma ehtimalı var.
- Əgər Ermənistanda hakimiyyət dəyişikliyi baş versə və Paşinyandan fərqli bir siyasi fiqur seçilsə, bu sülh prosesinə mənfi təsir göstərə bilərmi?
- Bu halda proses bir qədər uzana bilər. Lakin ümumilikdə nəticənin köklü şəkildə fərqli olacağını düşünmürəm.
- Azərbaycan–Rusiya münasibətləri isə Azərbaycan təyyarəsinin vurulmasından sonra artan gərginlik fonunda davam edir və bu gərginlik hələ də qalmaqdadır.
Bu region üçün nə vəd edir?
- Ümumiyyətlə, Azərbaycan təyyarəsinin vurulması və Rusiyanın rəsmi şəkildə üzr istəməməsi, habelə kompensasiyaların hələ də ödənilməməsi Rusiya ilə münasibətlərin tam normal məcraya düşmədiyini göstərir. Bununla belə, Rusiya ilə ciddi bir münaqişənin olacağına inanmıram. Çünki Azərbaycanın, ilk növbədə, güclü müttəfiqləri var – Türkiyə və Pakistan kimi dövlətlərlə strateji tərəfdaşlıq münasibətlərimiz mövcuddur. Eyni zamanda, digər regional və beynəlxalq tərəfdaşlarla münasibətlərimiz müsbət məcradadır. Bu baxımdan Rusiyanın birbaşa riskə gedəcəyini düşünmürəm. Rusiya hazırda Ukrayna cəbhəsində ciddi problemlərlə üz-üzədir və vəziyyətdən çıxış yolları hələ tam aydın görünmür. Rusiyanın öz daxili və xarici problemləri kifayət qədərdir. Ona görə də ikinci bir cəbhə açacağını düşünmürəm. Azərbaycanın regionda nüfuzunun artması, müstəqil siyasət yürütməsi fonunda Rusiya tərəfindən ciddi bir təhlükə gözlənildiyini hesab etmirəm. Bildiyimiz kimi, son günlərdə Yaxın Şərq genişmiqyaslı münaqişə ocağına çevrilib. İran, İsrail, daha sonra Birləşmiş Ərəb Əmirliklərinin və İraqın proseslərə qoşulması regionda vəziyyəti daha da gərginləşdirib. Bu hadisələrin hamısı Azərbaycanın yaxınlığında baş verir və münaqişə tərəflərinin hər biri ilə Azərbaycanın diplomatik münasibətləri mövcuddur.
- Bu vəziyyət Cənubi Qafqaza təsir göstərə bilərmi?
- Təbii ki, İranda və ümumiyyətlə qonşu ölkələrdə müharibənin getməsi bizi narahat etməlidir. Biz hər cür müharibənin əleyhinəyik və atəşkəsin əldə olunmasını, danışıqlara başlanmasını dəstəkləməliyik. Azərbaycan müəyyən mənada vasitəçilik təşəbbüsü ilə də çıxış edə bilər. Məsələnin dialoq, sülh və danışıqlar yolu ilə həlli daha məqsədəuyğundur. Azərbaycan üçün də əlavə risklərin yaranması arzuolunan deyil. Hər iki tərəfin bir-birinin ərazisinə zərbələr endirməsi, mülki şəxslərin həlak olması insanlıq baxımından ağırdır və bizi də üzür. Qonşu dövlətdə müharibə getməsi hər zaman təhlükə yaradır. Qaçqın axını, humanitar problemlər və digər fəsadlar mümkündür. Məsələn, İranda qız məktəbinin vurulması və çoxlu sayda şagirdin həlak olması barədə yayılan məlumatlar olduqca üzücüdür. Allah rəhmət eləsin. İsrail isə bu hadisədə məsuliyyət daşımadığını bildirib və araşdırma aparılacağını qeyd edib. Hadisənin təsadüfən və ya səhvən baş verməsi ehtimalı da səsləndirilir. Hər halda, belə raketlərin təsadüfən başqa ərazilərə, o cümlədən bizim sərhədlərimizə düşməsi ehtimalı nəzəri olaraq mövcuddur. Bu baxımdan hər cür təhlükəni nəzərə almaq lazımdır. Azərbaycan hər üç dövlətlə – həm İran, həm İsrail, həm də digər regional aktorlarla – münasibətlərini balanslı şəkildə saxlamalı, atəşkəsə nail olunmasına və danışıqların başlanmasına tərəfdar olmalıdır. Qeyd etdiyimiz kimi, Azərbaycan münaqişə tərəfi olan dövlətlərin hər biri ilə diplomatik münasibətlərə malikdir və ölkəmiz hər zaman beynəlxalq aləmdə sülhə çağıran, vasitəçilik təşəbbüsləri ilə çıxış edən dövlət kimi tanınıb.
- Azərbaycan İran və İsrail arasında vasitəçi ola bilərmi?
- Düşünürəm ki, bu məsələdə əsas vasitəçiliyi Türkiyə dövləti həyata keçirə bilər. Türkiyə prosesdən kənarda qalmamalıdır. ABŞ və İran arasında da vasitəçilik missiyasını əsasən Türkiyənin üzərinə götürməsi daha məqsədəuyğun ola bilər.
- Niyə məhz Türkiyə?
- Çünki Türkiyənin regionda və Yaxın Şərqdə nüfuzu artıb, NATO üzvüdür, eyni zamanda İranla qonşudur və hər iki tərəflə dialoq imkanlarına malikdir. Bu baxımdan hesab edirəm ki, əsas vasitəçilik rolu Türkiyənin üzərinə düşə bilər. Azərbaycanın regiondakı nüfuzu ,İranla qonşu olması və orada 40 milyon soydaşımızın yaşaması Azərbaycana tam tərəfləri dialoqa çağırmağa münaqişənin sülh yolu ilə həll olunması üçün təşəbbüslə çıxış etməyə imkan verir.
Ayhan
09:56 03.03.2026
Oxunuş sayı: 661