Sörlotun het-triki “Atletiko”nu 1/8 finala daşıdı -Çempionlar Liqası
"Atletiko" Madrid Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda "Klub Brügge" üzərində 4:1 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib. İki oyunun ümumi nəticəsinə əsasən Madrid təmsilçisi 7:4 hesabı ilə üstün olub.
Oyunda əsas fiqur norveçli hücumçu Aleksander Sörlot olub. O, zəif müdafiə səhvlərindən maksimum yararlanaraq het-trik müəllifi kimi komandasının qələbəsində həlledici rol oynayıb. İlk hissədə hesabı açan madridlilər, qonaqların cavab qolundan sonra fasiləyə bərabərliklə yollanıblar.
İkinci yarının əvvəlində Conni Kardoso uzaq məsafədən baxımlı zərbə ilə “Atletiko”nu yenidən önə keçirib. Sonradan Sörlot daha iki dəfə fərqlənərək matçın taleyini tam həll edib.
Beləliklə, Madrid klubu Çempionlar Liqasının pley-off mərhələsində əsas vaxtda məğlubiyyətsiz oyunlar seriyasını 20-yə çatdırıb. Dieqo Simeonenin komandası 1/8 finalda "Liverpul" və ya "Tottenhem" ilə qarşılaşacaq. Püşkatma mərasimi cümə günü keçiriləcək, ilk oyunlar isə mart ayında baş tutacaq.
Türkanə Muradlı
23:47 24.02.2026
Oxunuş sayı: 125