Azərbaycanlı xanım Afrikanın ən yüksək zirvəsində
Alpinist Vəfa Musayeva fevralın 7-də Afrikanın ən hündür nöqtəsi olan Kilimancaro dağının Uhuru zirvəsində (5895 m) Azərbaycan Bayrağını dalğalandırıb.
Qeyd edək ki, 2025-ci il mayın 15-də, Nepal vaxtı ilə saat 10:15-də, nəfəsin tutulduğu, səmaya toxunmağın mümkün göründüyü uca bir zirvədə tarixi an yaşandı. Dünyanın ən yüksək nöqtəsi - 8849 metr hündürlükdə yerləşən Everest zirvəsində Azərbaycan bayrağı qürurla dalğalanarkən, onu sadə bir ingilis dili müəlliməsi, qayğıkeş ana və nümunəvi ev xanımı olan Vəfa Musayeva ucaltdı. Vəfa Musayeva bu möhtəşəm zirvəni fəth edərək Everestə qalxan ilk qadın Azərbaycan vətəndaşı kimi adını tarixə qızıl hərflərlə yazdırdı.
Beləliklə, Vəfa Musayeva dağçılıq yolunda növbəti zirvəni də fəth edərək Azərbaycan idman tarixində öz imzasını atmağa davam edir.
Vəfa Musayeva Crossmedia.az-a müsahibəsində fəaliyyəti və yaşadığı çətin anlarla bağlı fikirlərini bölüşüb.
- Mən Afrikanın ən hündür zirvəsi olan Kilimanjaro dağının ən yüksək nöqtəsi, Uhuru zirvəsinə Marangu Route marşrutu ilə qalxmışam.
- Zirvəyə qalxarkən ən çətin anlar nə idi?
- Sürətli çıxış etdiyim üçün üçüncü düşərgəyə çatanda cəmi iki saat istirahət edə bildim. Nə gecə yuxusu aldım, nə də bədən tam bərpa olundu. Zirvəyə gecə saatlarında, havanın ən soyuq və yuxunun ən ağır vaxtında doğru hərəkət etməyə başladım. Ən çətin anlardan biri məhz bu idi – yuxusuzluq. Hiss edirdim ki, gözlərim bağlanır, məni ciddi şəkildə yuxu tutur. Gözlərimi güclə açırdım. O anda başa düşdüm ki, belə davam etsəm ayağım sürüşə bilər, yıxılıb xəsarət ala bilərəm. Dayandım, özümü oyatdım, bir az toparlandım və yalnız bundan sonra davam etdim. Bu, həm fiziki, həm də təhlükəsizlik baxımından vacib qərar idi.İkinci çətin məqam zirvəyə təxminən 500 metr qalmış hissə oldu. Texniki baxımdan çətinlik yox idi, sadəcə davamlı hərəkət tələb olunurdu. Amma artıq hündürlük öz təsirini göstərirdi. Sürətim azaldı, daha asta addımlarla irəliləməyə başladım. Bədənim yüksəkliyin təsirini hiss edirdi. Bu ciddi maneə deyildi, amma artıq dağın varlığını daha dərindən hiss etdiyim an idi. Düşünürdüm ki, Kilimancaro texniki baxımdan çətin zirvə olmadığı üçün zirvədə bəlkə də çox güclü emosiyalar yaşamayacağam. Amma zirvəyə çatanda hər şey tam fərqli oldu. Zirvədə bir daşın üzərində əyləşdim. Gözlərimi sadəcə dinclik üçün yumdum. Amma gözlərimdən yaş axmağa başladı. Bu, sevinc, şükür və minnətdarlıq göz yaşları idi. Dağın asan və ya çətin olmasının heç bir fərqi yoxdur – insan məqsədinə çatanda qəlb dolur.Dostlarımdan biri həmin anın şəklini çəkmişdi. Sonradan baxanda gördüm ki, uşaq kimi əyləşmişəm, əllərim dizimin üstündə, gözlərim bağlı və sadəcə göz yaşları axır. Mən və Kilimancaro – baş-başa. O an qəlbimdə yalnız təşəkkür hissi var idi.Azərbaycan bayrağını çıxarıb dalğalandırmaq isə ən şərəfli an idi. Bayraq sanki insanın kimliyini, mənsubiyyətini, gücünü xatırladır. Zirvədə tək ola bilərsən, amma bayrağın varsa, xalqın səninlədir. Bayraq mənim üçün böyük stimul və motivasiya idi. Şəkillər çəkdik, video çəkdim və bütün sevgimi oradan Azərbaycana göndərdim.
- Hansı emosiyalar yaşadınız?
- Bu yolçuluqda qorxu demək olar ki, yox idi. Həyəcan da minimal idi. Ən dominant hiss sevinc idi.Məktəb illərində coğrafiya dərsində Afrikanın ən yüksək zirvəsi ilə bağlı sualları çox sevərdim. Xəritədə barmağımla Kilimanjaronu göstərərdim. İllər sonra həmin yerə ayaqlarımla doğru irəlilədiyimi düşünmək inanılmaz idi. Uşaq vaxtı xəritədə göstərdiyim zirvəyə indi öz addımlarımla qalxırdım.Marşrut çox zəngin idi – meşəliklər, müxtəlif heyvanlar, kolluqlar, axar sular, fərqli hava şəraiti. Eyni dağda təbiətin bütün mərhələlərini görmək mümkündür.Sadəcə bir “mexaniki qorxu” var idi – hava dəyişə bilərdi və düşərgədə gözləməli olardıq. İşlərimlə əlaqədar gözləmək istəmirdim, buna görə sürətli çıxış edirdim. Amma hava çox gözəl oldu və zirvəyə rahat yürüş etdik.
- Kilimancaro qərarını necə verdiniz?
- Kilimancaro mənim üçün həm uşaqlıq sevgisi, həm də strateji hədəf idi. Bu zirvə Afrikanın ən yüksək nöqtəsidir və prestijli Seven Summits proqramının əsas hissəsidir. Bu üç amil – uşaqlıq arzusu, qitənin ən yüksək nöqtəsi və 7 Zirvə proqramı – mənim üçün güclü motivasiya oldu. Əslində bir az daha gec planlaşdırmaq istəyirdim. Başqa bir dağla bağlı müzakirə apararkən söhbət Kilimanjaro mövzusuna gəldi və hiss etdim ki, artıq vaxtıdır. Bəzən qərarlar plan üzrə deyil, daxili çağırışla verilir. Mən də o çağırışı hiss etdim və bu zirvənin ardınca getdim.
Fatimə Məmmədova
09:30 16.02.2026
Oxunuş sayı: 511