Digər ölkələrin təhlükəsizliyini qoruyarkən öz təhlükəsizliyimizi unutmuşuq -ABŞ müdafiə naziri
ABŞ-ın müdafiə naziri Pit Heqset bildirib ki, Birləşmiş Ştatlar uzun müddət digər ölkələrin təhlükəsizliyinin təmin olunmasına fokuslanarkən, öz milli təhlükəsizliyinə lazımi səviyyədə diqqət ayırmayıb.
APA xəbər verir ki, nazir bu fikirləri Vaşinqtonda 34 ölkənin hərbi rəhbərliyinin iştirakı ilə keçirilən yüksək səviyyəli görüşdə səsləndirib.
Heqset qeyd edib ki, hazırkı administrasiya ABŞ ərazisinin müdafiəsini yenidən silahlı qüvvələrin əsas prioritetinə çevirməyi planlaşdırır. Onun sözlərinə görə, əvvəlki yanaşmanın nəticələri həm ABŞ, həm də müttəfiq ölkələr üçün ciddi problemlər yaradıb.
“Fentanil, kokain və digər ölümcül narkotiklər sərhədlərimizdən keçərək ölkəmizə axın edib. Bu maddələr milyonlarla amerikalının həyatını məhv edib və ölümünə səbəb olub. Bu təhlükələr nəticəsində həyatını itirən amerikalıların sayı ABŞ-ın iştirak etdiyi istənilən müharibədəki itkilərdən daha çoxdur”, – deyə müdafiə naziri vurğulayıb.
Heqsetin açıqlamaları ABŞ-ın təhlükəsizlik siyasətində daha sərt və daxili müdafiəyə yönəlmiş yanaşmanın gücləndiriləcəyinə işarə kimi qiymətləndirilir.
08:31 12.02.2026
Oxunuş sayı: 424