Ermənistana etibar yoxdur, parlament seçkilərinə qədər... - MÜSAHİBƏ
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması yalnız regionda sülh və sabitliyin bərqərar olması üçün deyil, həm də hər iki xalqın rifahı üçün mühüm əhəmiyyət daşıyır. Uzun illər davam edən gərginlik və qarşılıqlı şübhələr münasibətlərin inkişafını çətinləşdirib, eyni zamanda tərəflər arasında etimadın formalaşmasına mane olub. Qarşılıqlı etimadın gücləndirilməsi, tərəflərin bir-birinə hörmət və anlayışla yanaşması, regionda davamlı sülh və əməkdaşlıq üçün vacib şərtlərdəndir. Bu baxımdan, Azərbaycanla Ermənistan arasında etimad quruculuğunu dəstəkləyəcək konkret addımların atılması hər iki tərəf üçün uzunmüddətli fayda təmin edə bilər.
Azad Vətən Partiyasının sədri Akif Nağı regional proseslərlə bağlı Crossmedia.az-ın suallarını cavablandırıb:
- Azərbaycan–Ermənistan münasibətlərinin hazırkı dinamikasını necə qiymətləndirirsiniz?
- Azərbaycan–Ermənistan münasibətləri nisbətən müsbət istiqamətdə gedir. Ermənistan rəhbərliyi, nəhayət, başa düşür ki, Azərbaycanın haqlı mövqeyi ilə hesablaşmaq lazımdır. Son olaraq Əbu -Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş oldu. Orada Azərbaycan Prezidenti bir daha mövqeyini ortaya qoydu, bir daha məsələnin düzgün yolla getməli olduğunu göstərdi. Paşinyan da reallıqları anlayır və qəbul edir. Əbu - Dabidə iqtisadi münasibətlər, yolların açılması, Zəngəzur dəhlizi ilə bağlı müəyyən açıqlamalar oldu. Düzdür, qarşı tərəfə bir o qədər də etibar etmək olmaz. Amma hər halda məcburiyyət qarşısında müəyyən addımlar atırlar. Yəni müsbət tendensiya artıq hiss olunur. Müəyyən bir nəticənin də əldə olunacağı ümid var. İstər Ermənistan konstitusiyasında müəyyən dəyişikliklərlə bağlı, istər Ermənistanın ölkəmizə qarşı müəyyən qərəzli mövqeyinin son verilməsi ilə bağlı Azərbaycanın mövqeyi ortadadır. Fikrimcə, İrəvan öz mövqeyini dəyişə bilər. Hər halda buna meyl hiss olunur.
- Münasibətlərin daha da normallaşması üçün qarşılıqlı etimad mühitinin yaradılması məqsədilə bundan sonra hansı addımlar atılmalıdır?
- Ermənilərə etibar yoxdur. Qarşılıqlı etimadın formalaşmasından hələ danışmaq mümkün deyil. Çünki dediyim kimi, biz ermənilərə etibar edə bilmirik. Onlar dedikləri sözün üstündə durmurlar. Son bir neçə gün ərzində əsas xəttdən kənara çıxan addımlar atıblar. Avropa Şurası Parlament Assambleyasında Ermənistan nümayəndəsi çıxışında bildirdi ki, guya Azərbaycan sülh prosesinə maraqlı deyil və prosesi pozmağa çalışır, ləngidir. Yəni bu, əsassız ittihamlar səsləndirməkdir. Deməli, bunlar hələ də qarşılıqlı münasibətlərin tam normaya düşməsini istəmirlər. Eyni zamanda, Paşinyanın özü də Ermənistanın silahlı qüvvələrinin ildönümündə təntənəli mərasimdə çıxışında belə bir fikir səsləndirdi ki, guya Ermənistanın əraziləri işğal altındadır, Azərbaycan tərəfindən guya işğal olunub. Bu, onların növbəti ənənəvi yalanlarının təkrarı kimi qəbul oluna bilərdi. Əgər bu cür mövqedən çıxış edirlərsə, deməli, etimad mühitindən hələ danışmaq olmaz. Bəzən beynəlxalq təşkilatlar da deyirlər ki, etimad mühiti vətəndaş cəmiyyəti arasında gediş-gəlişlərlə formalaşmalıdır. Əbu- Dabidə də o son görüşdə bu məsələnin üzərinə gəldilər. Hesab edirəm ki, hələ rəsmi qaydada məsələlər getməlidir. Ermənilər Azərbaycan üçün daim təhlükə mənbəyidir. Buna görə də cəmiyyətlər arasındakı yaxınlaşmalara mən ehtiyatla yanaşıram.
Bəzən deyirlər ki, guya etimad mühiti formalaşmasına ehtiyac yoxdur. Məncə, əsas rəsmi səviyyədə söhbətlər getməlidir. Dövlət rəhbərliyi öz mövqeyini ortaya qoymalıdır, davamlı şəkildə regionda sülhün və sabitliyin tərəfdarı olduğunu göstərməlidir, özünü etibarlı tərəfdaş kimi təqdim etməlidir. Ondan sonra- xeyli müddətdən sonra, bu məsələlərə qayıtmaq olar. Təkrar edirəm ki, ermənilərə etibar yoxdur. Şəhidlərin ruhları, qazilərimiz, şəhid anaları qarşısında bu cinayətləri ermənilərə bağışlayıb, heç olmamış kimi qucaqlaşmaq olmaz.
- Sizcə, Azərbaycandakı ermənilərin bəzilərinə ömürlük həbs cəzası verilməsinə rəsmi İrəvanın münasibəti necə oldu? Bu, ikitərəfli münasibətlərə təsir edə bilərmi?
- Həmin hərbi canilərə Azərbaycanda hökm oxundu, ağır cəzalar verildi, yəni hərəkətlərinə, cinayətlərinə uyğun olaraq cəzalar verildi. Qarşı tərəfin mövqeyi bir qədər isterik oldu, yəni Ermənistan rəhbərliyi populist hərəkət göstərdi ki, guya buradakı məhkəmənin qərarları ilə razı deyillər. Təbii ki, Ermənistan müxalifəti bundan istifadə etməyə çalışdı və Azərbaycana qarşı ittihamlar səsləndirdi. Rusiyadan da ittihamlar gəldi. Hakim "Vahid Rusiya" Partiyasının üzvü Konstantin Zatulin qeyri - adekvat fikirlər səsləndirdi. Azərbaycan tərəfi bununla bağlı öz mövqeyini bildirdi. Rusiyanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı və ona xəbərdarlıq edildi ki, hansısa çıxışlara yol verməsinlər. Biz bunu hansısa formada dolayısı ilə Rusiya hakimiyyətinin mövqeyi kimi qəbul edirik, çünki rəsmi şəxsdir, komitə sədridir, üstəlik hakimiyyətə yaxın adamdır. Əgər belə fikirlər səsləndirənlərlə bağlı lazımi səviyyədə "ölçü götürülmürsə", bu, Rusiya hakimiyyətinin ona şərait yaratdığını göstərir. Yəqin ki, oxşar reaksiyalar bundan sonra da davam edəcək.

- Rusiyanın buna mümkün reaksiyası necə ola bilər? Cari ildə yekun sülh sazişinin imzalanmasını real hesab edirsinizmi?
- Rusiyanın mövqeyi aydındır. Rəsmi qaydada aydındır ki, artıq heç kim Azərbaycan qərarlarına təsir edə bilmir. Rusiya rəsmi hakimiyyəti – prezident və onun ətrafı – bu məsələ ilə bağlı ehtiyatlı açıqlamalar verməyə, münasibətlər göstərməyə çalışırlar. Azərbaycan elə bir səviyyədə, elə bir gücdədir ki, heç kəs Azərbaycanı mövqeyindən çəkindirməyə cəhd göstərmir: istər Avropa ölkələri olsun, istər Amerika olsun, istər Rusiya olsun, heç biri artıq təzyiq edə bilmir. Sülh prosesi hələ ki gedir. İndiki şəraitdə iyun ayının 7-si üçün parlament seçkiləri təyin edilib, yəni fövqəladə bir hadisə baş verməsə, vaxtından qabağa keçirilməsə və ya təxirə salınmasa, müəyyən bir müddət ərzində parlament seçkilərinə qədər Ermənistanın danışıqlara gedəcəyi və sülh müqaviləsini imzalayacağı inandırıcı görünmür. Çünki birincisi, Azərbaycanın şərtləri var. Hər şeydən əvvəl Ermənistan konstitusiyasını dəyişməlidir. Seçkilərə qədər baş nazir buna getsə, əleyhdarları ondan sui-istifadə edə bilər. Beləliklə, Paşinyanın seçkilərdə mövqeyi aşağı düşə bilər. Ona görə də hökumət başçısı, yəqin ki, bu riskə getməz. Eyni zamanda vatından əvvəl sülh sazişinin imzalanması seçki ərəfəsində hazırkı iqtidarın xeyrinə olmaya bilər. Böyük ehtimalla, bu proses iyundan sonra başlaya biləcək. İndiki halda Paşinyan bu günə qədər gedən prosesləri, o cümlədən liderlər səviyyəsində təmasları davam etdirməyə çalışacaq. Seçkilərdən sonra proses sürətlə gedəcək. Çünki Ermənistan da maraqlıdır ki, sülh müqaviləsi imzalansın, Zəngəzur dəhlizindən geniş şəkildə istifadə olunsun. ABŞ artıq buradadır, regiondadır və bu məsələləri sürətləndirir. Bir tərəfdən Çin də bu məsələdə maraqlıdır. Ona görə də yalnız sülh müqaviləsinin imzalanmasını seçkilərdən sonrakı dövr üçün nəzərdən saxlamaq olar.
Mehriban Yariyeva
11:55 10.02.2026
Oxunuş sayı: 1058