Ermənistanda seçki kampaniyasında sülh mövzusu ön plana çıxır
Ermənistanda hakim Mülki Müqavilə partiyası qarşıdan gələn seçkilər üçün kampaniya elementlərinin hazırlanması üzərində fəal iş aparır.
Crossmedia.az xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazıb.
Nəşr bildirir ki, hazırda seçki şüarı hələlik dəqiqləşdirilməyib. Bununla belə, şüarın sülh mövzusu ilə bağlı olacağı və ehtimal ki, “sülh” sözünü ehtiva edəcəyi qeyd olunur.
Məlumata görə, kampaniyanın əsas elementləri deputat Vaaqn Aleksanyanın rəhbərlik etdiyi xüsusi qrup tərəfindən hazırlanır. Hakimiyyət kampaniya mahnısı kimi əvvəllər “Varçabend” qrupunun himninə çevrilmiş, baş nazir Nikol Paşinyanın “Real Ermənistan” adlı şeiri əsasında bəstələnmiş musiqidən istifadə etməyi planlaşdırır.
Bundan əlavə, kampaniyanın vizual simvolu kimi Paşinyanın barmaqları ilə formalaşdırdığı “ürək” jestinin seçilməsi nəzərdə tutulur. Nəşr yazır ki, bu elementlər hakim partiyanın sülh mesajını seçicilərə daha emosional və vizual formada çatdırmaq məqsədi daşıyır.
14:28 07.02.2026
Oxunuş sayı: 2910