Sülh Şurasının ilk iclasının tarixi AÇIQLANDI
Ağ Ev fevralın 19-da ABŞ-də Qəzza zolağında nizamlanma məsələlərinə həsr olunmuş Sülh Şurasının iclasını keçirməyi planlaşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, bu toplantı Qəzza Sülh Şurasının ilk rəsmi iclası olacaq və eyni zamanda Qəzza zolağının yenidən qurulması üçün vəsait toplamağa yönəlmiş beynəlxalq konfrans kimi nəzərdə tutulur. ABŞ-dən olan rəsmi mənbə bildirib ki, iclas nizamlanma planının növbəti mərhələsinin icrasına dəstək vermək məqsədi daşıyır.
"Axios"un qeyd etdiyi kimi, Ağ Ev bu görüşün Qəzza zolağında vəziyyətin sabitləşdirilməsi üzrə planın ikinci mərhələsinin həyata keçirilməsinə töhfə verəcəyinə ümid edir.
Bildirilir ki, fevralın 6-dan etibarən Vaşinqton administrasiyası tədbirə liderlərin dəvət olunması və logistika məsələlərinin razılaşdırılması üçün onlarla ölkə ilə təmaslara başlayıb. Lakin həmin ölkələrin siyahısı açıqlanmayıb.
Portal vurğulayır ki, toplantı ilə bağlı planlar dəyişdirilə bilər. Eyni zamanda qeyd olunur ki, ABŞ Prezidenti Donald Tramp fevralın 18-də Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahunu qəbul etməyi planlaşdırır.
11:47 07.02.2026
Oxunuş sayı: 537