Türkiyədə silahlı terror təşkilatı kimi tanınan “Marksist-Leninçi Kommunist Partiyası”na (MLKP) qarşı genişmiqyaslı əməliyyatlar həyata keçirilib. Təhlükəsizlik qüvvələrinin eyni vaxtda apardığı reydlər İstanbulla yanaşı, daha 21 vilayəti əhatə edib.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Əməliyyatlar Antalya, Adıyaman, Şanlıurfa, Rize, Bursa, Van, Tekirdağ, Qaziantep, Samsun, Tunceli, Malatya, Diyarbakır, Kocaeli, Yalova, Balıkesir, Denizli, Ankara, İzmir, Sakarya, Adana və Mersin vilayətlərində keçirilib. Reydlər zamanı təşkilatın fəaliyyətində iştirakda şübhəli bilinən şəxslər saxlanılıb.
Axtarışlar zamanı iki ədəd siqnal tapançası, üç ov tüfəngi, onlara aid 489 patron, həmçinin çoxlu sayda təşkilati sənədlər və rəqəmsal daşıyıcılar müsadirə edilib.
Məhkəmənin qərarına əsasən, saxlanılanlardan 77 nəfər barəsində həbs qətimkan tədbiri seçilərək cəzaçəkmə müəssisəsinə göndərilib, iki nəfər ev dustaqlığına alınıb, daha 23 nəfər isə məhkəmə nəzarəti altında azadlığa buraxılıb.