“Korporativ elektron kitabxana sistemlərinin nəzəri əsasları” adlı yeni kitabın təqdimatı baş tutub
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) “Korporativ elektron kitabxana sistemlərinin nəzəri əsasları” adlı yeni kitabın təqdimatı keçirilib. Kitab MEK) direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov, MEK-in Rəqəmsallaşma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev və Kitabxananın Rəqəmsal kitabxana və süni intellekt şöbəsinin baş mütəxəssisi fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Azad Qurbanovun həmmüəlifliyi ilə ərsəyə gəlib.
Kitabxana müdirlərinin, elm adamlarının, ictimai-siyasi xadimlərin, KİV-in də iştirak etdiyi tədbiri giriş sözü ilə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli açıb. O, qədim dövrlərdən informasiyanın əhəmiyyətini vurğulayaraq, kitabxanalarda toplanan zəngin irsin xalqın sərvəti olduğunu bildirib və Mərkəzi Elmi Kitabxananı ölkəmiz üçün mühüm elm məbədi kimi dəyərləndirib. Akademik onu da xüsusi qeyd edib ki, maarifçi cəmiyyətə və uzaqgörən idarəçiliyə malik dövlət daim inkişaf edəcək.
Akademik çıxışında kitabın hər zaman yüksək dəyərə malik olduğunu, müasir dövrdə isə elektron resursların geniş yayıldığını diqqətə çatdırıb. Dövlətin inkişafına xidmət edən elmi mənbələrin üzə çıxarılmasının ciddi araşdırma tələb etdiyini bildirən Teymur Kərimli “Korporativ elektron kitabxana sistemlərinin nəzəri əsasları” kitabının bu sahədə mühüm rol oynayacağını vurğulayıb.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa kitab təqdimatlarının cəmiyyətdə böyük əhəmiyyət daşıdığını vurğulayaraq, AMEA Mərkəzi Elmi Kitabxanasının son illərdə ictimaiyyətə açıq fəaliyyəti və kitab mədəniyyətinin təbliği istiqamətində gördüyü işi yüksək qiymətləndirib. O bildirib ki, cəmiyyəti kitaba yönləndirmək və sağlam oxu mühitini təşviq etmək sosial inkişafın əsas amillərindəndir.
Fazil Mustafa XXI əsrin əsas çağırışlarından birinin elektron kitabxana modelinə rəqəmsal transformasiya olduğunu qeyd etməklə yanaşı, ənənəvi kitabxanaların, çap mediasının və əlyazmaların da qorunmasının vacibliyini diqqətə çatdırıb. Natiq vurğulayıb ki, hər bir sahənin möhkəm nəzəri bazası olmalıdır və təqdim olunan kitab kitabxana-informasiya elmi, biliklərin idarə olunması, rəqəmsal humanitar elm və korporativ informasiya sistemləri arasında mövcud nəzəri boşluğu uğurla dolduran mühüm tədqiqat əsəridir.
Monoqrafiyanın həmmüəlliflərindən olan MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov akademik İsa Həbibbəylinin layihə rəhbərliyi ilə ərsəyə gələn kitab haqqında ətraflı məlumat verib: “Korporativ elektron kitabxana sistemlərinin nəzəri əsasları nəinki Azərbaycanda, o cümlədən postsovet məkanında ilk dəfə monoqrafik tədqiqata cəlb edilib. Biz bu mövzuya təsadüfi şəkildə müraciət etməmişik. Belə ki, müasir dövrdə kitabxana-informasiya sahəsində baş verən dərin və çoxsəviyyəli transformasiyalar açıq şəkildə göstərir ki, ənənəvi elektron kitabxana modelləri artıq mövcud reallıqları tam əhatə etmir və yeni elmi yanaşmalara ehtiyac yaranıb. Tədqiqatın aktuallığı, həmçinin rəqəmsal transformasiya şəraitində biliklərin idarə olunmasının səmərəliliyinə, korporativ yaddaşın dayanıqlılığına və informasiya resurslarının təşkilati fəaliyyətə inteqrasiyasına artan tələblərlə şərtlənir”, - deyə kitabxana rəhbəri qeyd edib.
Monoqrafiyanın girişdən, yeddi fəsildən, nəticə hissəsindən, istifadə olunmuş ədəbiyyat siyahısından ibarət olduğunu diqqətə çatdıran H.Hüseynov kitabda 87 adda xarici nüfuzlu elmi nəşrlərə istinad edildiyini də xüsusi vurğulayıb. Natiq onu da bildirib ki, Mərkəzi Elmi Kitabxanada ötən ayda əlçatanlığı təmin edilən 30 mindən artıq türkdilli məzmunu və Türkiyənin 500-dən çox aparıcı nəşriyyatının elektron resurslarını özündə birləşdirən iri rəqəmsal kitab bazası olan Hiperkitap platformasında sözügedən kitab artıq istifadəçilərə təqdim olunub.
Daha sonra kitabın elmi redaktoru, Bakı Mühəndislik Universitetinin İnformasiya və kompüter texnologiyaları fakültəsinin dekanı texnika elmləri doktoru, professor Vaqif Qasımov əsərlə bağlı fikirlərini bölüşüb. O bildirib ki, tədqiqat obyektinin kitabxana və kitabxana–informasiya fəaliyyətini əhatə etməsi mühüm əhəmiyyət daşıyır, çünki alim və tədqiqatçıların tez-tez müraciət etdiyi bu məkanlar müasir tələblərə cavab verməlidir. Əsərdə kitabxanaların yeni formatda təkmilləşdirilməsi, korporativ elektron kitabxana sistemlərinin nəzəri əsasları və rəqəmsal transformasiya kontekstində kitabxana–informasiya sisteminin inkişaf mərhələləri əksini tapıb.
Tədbirdə çıxış edən kitabın rəyçiləri Bakı Dövlət Universitetinin İnformatika kafedrasının müdiri texnika elmləri doktoru Mübariz Xəlilov və ADA Universitetinin Kitabxana və İnformasiya Xidmətləri Mərkəzinin direktoru texnika üzrə fəlsəfə doktoru Elçin Məmmədov monoqrafiyanın kitabxana-informasiya mütəxəssisləri, tədqiqatçılar, İT və bilik menecerləri üçün faydalı elmi mənbə olmaqla yanaşı, qərarvericilər üçün də strateji düşüncə materialı rolunu oynayacağını vurğulayıbar.
Həmçinin İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı Ələmdar Bayramov, fakültənin Biblioqrafiyaşünaslıq kafedrasının müdiri pedaqogika üzrə fəlsəfə doktoru Nadir İsmayılov və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli kitabın elmi ictimaiyyətdə müzakirələrə, yeni yanaşmalara və praktiki təşəbbüslərə təkan verəcəyini qeyd ediblər.
Kitabın həmmüəllifi fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Azad Qurbanov da öz növbəsində kitabın əhəmiyyətindən danışıb. Bildirib ki, tədqiqat zamanı əsas məqsəd korporativ elektron kitabxananı sadəcə axtarış sisteminə malik rəqəmsal fond kimi deyil, mürəkkəb sosiotexniki sistem kimi əsaslandırmaq olub. Bu sistemdə texnologiya, insan amili, təşkilati struktur və bilik axınları bir-biri ilə sıx qarşılıqlı əlaqədə çıxış edir: “Biz göstərməyə çalışmışıq ki, korporativ elektron kitabxana sistemi yalnız texniki həllər toplusu deyil, eyni zamanda bilik idarəetmə alətidir. Monoqrafiyada kitabxana-informasiya sistemlərinin rəqəmsal transformasiya şəraitində keçdiyi inkişaf mərhələlərini ardıcıl şəkildə təhlil etmişik. Xüsusilə vurğulamışıq ki, müasir kitabxana artıq passiv informasiya anbarı rolundan çıxaraq aktiv bilik istehsalı, analitika və qərar dəstəyi mərkəzinə çevrilir. Bu dəyişikliklər korporativ yanaşmanın formalaşmasını zəruri edir”.
O, qeyd edib ki, monoqrafiyada beynəlxalq təcrübənin təhlilinə də xüsusi yer verilib. Müxtəlif ölkələrdə formalaşmış korporativ elektron kitabxana modelləri araşdırılaraq, onların müsbət tərəfləri və tətbiq mexanizmləri ümumiləşdirilib.
15:35 06.02.2026
Oxunuş sayı: 572