Çoxuşaqlı ailələrə şad xəbər: Güzəşlər tətbiq olunacaq...
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova 2026-cı ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı üç və daha çox uşağı olan qadınlar üçün müəyyən güzəştlərin tətbiqini təklif edib. Təklif parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında müzakirə olunub. Bu təşəbbüs, həm qadınların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir, həm də çoxuşaqlı ailələrin sayının artması üçün əlavə stimul yaratmaq məqsədini daşıyır.

Milli Məclisin deputatı Vüqar Bayramov səslənən təklif barədə Crossmedia.az-a danışıb: "Çoxuşaqlı ailə anlayışına yenidən baxılması və bu kateqoriyaya aid ailələr üçün müəyyən edilmiş uşaq sayının beşdən üçə endirilməsi ilə bağlı təkliflərimizi Milli Məclisin müvafiq komitəsinə təqdim etmişik. Hesab edirik ki, bu istiqamətdə müzakirələrin aparılması, xüsusilə üç və daha çox uşağı olan ailələr üçün həm sosial güzəştlərin tətbiqi, həm də həmin ailələrdə böyüyən uşaqlara göstərilən dövlət dəstəyinin gücləndirilməsi məqsədəuyğundur. Nəzərə almaq lazımdır ki, hazırda Azərbaycanda çoxuşaqlı ailələrin sayı azalmaqdadır. Statistika göstərir ki, ailə sayı baxımından ən geniş yayılmış model iki uşaqlı ailələrdir. Daha sonra bir uşaqlı ailələr, ondan sonra isə üç uşaqlı ailələr gəlir. Bu baxımdan, təklif olunan dəyişikliklər bir tərəfdən təbii artımın stimullaşdırılmasına xidmət edə, digər tərəfdən isə üç və daha çox uşağı olan ailələrdə, xüsusən də anaların, bəzi hallarda isə ataların daha erkən pensiyaya çıxmasına şərait yarada bilər".
Deputat, həmçinin bu kateqoriyadan olan ailələr üçün erkən pensiya təyinatının tətbiqi sosial baxımdan vacib və məqsədəuyğun hesab edilə biləcəyini bildirib: "Digər tərəfdən, çoxuşaqlı ailə anlayışının yenidən müəyyənləşdirilməsi üç və daha çox uşağı olan ailələrin aylıq sosial müavinət alma imkanlarını da genişləndirə bilər. Bu isə həm təbii artımın təşviqinə, həm də həmin ailələrin sosial təminatının daha da gücləndirilməsinə mühüm töhfə verər. Bu səbəbdən biz çoxuşaqlı ailə anlayışına yenidən baxılmasının, uşaq sayının beşdən üçə endirilməsinin və üç və daha çox uşağı olan ailələrə dövlət dəstəyinin gücləndirilməsinin tərəfdarıyıq".

İqtisadçı- ekspert, hüquqşünas Əkrəm Həsənov isə bildirib ki, hər hansı deputat, xüsusən də komitə sədri populist və əsassız təkliflərlə çıxış etməməlidir: "“Gəlin güzəşt nəzərdə tutaq” demək kifayət deyil. Hansı güzəşt? Kimlər üçün? Hansı məbləğdə? Deputat xalq adından ümumi çağırışlar etməklə yox, konkret və hesablanmış təkliflərlə çıxış etməlidir. Deputat öz statusuna uyğun davranmalıdır. “Xalqa xoş gəlsin” deyə deyilən, amma arxasında real mexanizm olmayan fikirlərin praktikada heç bir nəticəsi olmur. Hazırda dövlət büdcəsinin layihəsi açıqlanıb və orada konkret rəqəmlər mövcuddur. Gəlirlər, xərclər və onların nisbəti bəllidir. Aydındır ki, büdcə kəsirlə formalaşır və xərclər gəlirlərdən artıqdır. Bu şəraitdə əgər hansısa deputat əlavə sosial müavinətlərin verilməsini təklif edirsə, o zaman bu təklifin maliyyə yükünü də açıq şəkildə izah etməlidir: hansı mənbədən, nə qədər və ümumilikdə dövlət büdcəsinə nə qədər əlavə xərc yaradacaq? Məsələn, “üç uşağı olan ailələrə güzəşt verilsin” demək yetərli deyil. Hansı növ güzəşt? Nə qədər? Hansı kateqoriyaya aid şəxslər üçün? Bu suallar cavabsız qaldıqca, belə çıxışlar yalnız ümumi və məsuliyyətsiz bəyanat təsiri bağışlayır. Doğrudur, əvvəllər bu cür stimullaşdırıcı tədbirlərə ciddi ehtiyac yox idi. Çünki Azərbaycanda təbii artım yüksək idi. Lakin son illər bu göstərici azalır və azalma tendensiyası davam edəcək. Bu isə ciddi problemdir, mütləq tədbirlər görülməlidir. Amma həmin tədbirlər konkret, hesablanmış və maliyyə baxımından əsaslandırılmış olmalıdır. Ümumi və qeyri-müəyyən fikirlərlə yox, dəqiq mexanizmlərlə çıxış etmək lazımdır". 
Sosioloq Əhməd Rəhmənov söyləyib ki, biz ölkədə demoqrafik vəziyyəti yaxşılaşdırmaq, yəni əhalinin say artımına nail olmaq istəyiriksə, bu məsələni təkcə hansısa bir güzəştin tətbiqi ilə həll etmək mümkün deyil: "Bu, kompleks yanaşma tələb edən bir problemdir. Məsələn, hazırda analar üçün müəyyən güzəştlər mövcuddur: əməkhaqqına əlavələr, sosial ödənişlər və s. Lakin burada əsas məsələ ondan ibarətdir ki, ana üç uşağı böyütmək üçün onların sosiallaşmasına şərait tapmalıdır. Bunun üçün isə uşaqların uşaq bağçalarına yerləşdirilməsi vacibdir. Təəssüf ki, dövlət uşaq bağçalarının sayı çox azdır, mövcud olanların da əksəriyyəti yararsız vəziyyətdədir. Məsələn, Bakının yaxın ərazilərindən biri olan Keşlə qəsəbəsini götürək. Bu qəsəbədə dövlətə məxsus cəmi bir uşaq bağçası mövcuddur. Halbuki hər bir valideyn istəyir ki, övladı sağlam mühitdə böyüsün, sosial bacarıqlar qazansın. Bu isə artıq dövlətin birbaşa məsuliyyətidir. Əgər biz sağlam cəmiyyət formalaşdırmaq istəyiriksə, bu istiqamətdə real və sistemli addımlar atılmalıdır. Valideynlərə verilən güzəştlərə gəlincə, ilk növbədə ölkədə yaşayış minimumu və minimal istehlak səbəti reallığı əks etdirməlidir. Hazırkı göstəricilər real həyat səviyyəsini əks etdirmir. Əgər bu göstəricilər aşağıdırsa, valideynə verilən istənilən maddi dəstək də nəticə etibarilə təsirsiz olacaq".
Sosioloq, həmçinin sosial inkişafa nail olmaq istəyiriksə, ilk növbədə minimal istehlak səbətinin artırılmalı olduğunu və bunun əsasında yaşayış minimumu yenidən hesablanmalı olduğunu qeyd edib: "Yalnız bundan sonra valideynlərə verilən maddi dəstək real mənada fayda verə bilər. Analara verilə biləcək ən səmərəli güzəşt isə uşaq pulunun tətbiqidir. Hər bir uşağa görə heç olmasa yaşayış minimumunun yarısı qədər aylıq ödəniş edilməlidir. Məsələn, hər uşağa görə 100 manat məbləğində uşaq pulu ödənilməsi valideyn üçün ciddi stimul ola bilər. Unutmaq olmaz ki, uşaq hansı şəraitdə böyüməsindən asılı olmayaraq, valideyn sevgisini heç nə əvəz edə bilməz. Ona görə də həm ana, həm də ata stimullaşdırılmalıdır ki, ailədə uşaqların sayı artsın. Digər bir təklif isə üç və daha çox uşağı olan analar üçün iş vaxtının azaldılmasıdır. Məsələn, 8 saatlıq iş günü 6 saata endirilə bilər. Lakin burada əsas problem icra mexanizminin olmamasıdır. Bu sahədə nəzarət edən qurumlar, xüsusilə Dövlət Əmək Müfəttişliyi və Həmkarlar İttifaqları faktiki olaraq monitorinq aparmır. Reallıqda isə bir çox iş yerində formal olaraq 6 saat yazılsa da, işçi 8 saat işləməyə məcbur edilir. Bu da güzəştin mahiyyətini tamamilə sıradan çıxarır. Ona görə də tətbiq olunan güzəştlər elə mexanizmlər üzərində qurulmalıdır ki, onların icrası asan və nəzarət oluna bilən olsun. Bu baxımdan da ən real və effektiv variant yenə də uşaq pulunun tətbiqidir. Valideyn üçün bundan daha güclü və praktik stimul demək olar ki, yoxdur".
Elmir Heydərli
17:32 29.01.2026
Oxunuş sayı: 660