Rusiya İrandan olan güləşçilərə viza vermədi
Rusiyanın Tehrandakı səfirliyi İran güləşçilərinə İvan Yarıgin Kubokunda iştirak üçün viza verməkdən imtina edib. Bu səbəbdən İranın sərbəst güləş üzrə milli komandası nüfuzlu beynəlxalq turnirdə iştirak edə bilməyəcək.
Crossmedia.az xəbər verir ki, İran Güləş Federasiyası təxminən bir ay əvvəl Rusiya vizasının alınması üçün bütün inzibati prosedurlara start verib. Yanvarın 28-də başlayacaq yarışa texniki heyət üzvləri ilə birlikdə 13 güləşçinin göndərilməsi planlaşdırılırdı.
İvan Yarıgin Kuboku 28 yanvar – 2 fevral tarixlərində Rusiyanın Krasnoyarsk şəhərində keçiriləcək. Lakin Rusiyanın Tehrandakı səfirliyi vizaların verilməməsinin səbəbi ilə bağlı heç bir rəsmi açıqlama yaymayıb.
Qeyd edək ki, İvan Yarıgin Kuboku dünya güləşi üçün ən prestijli turnirlərdən biri hesab olunur və hər il aparıcı ölkələrin milli komandaları bu yarışda iştirak edir.
16:25 27.01.2026
Oxunuş sayı: 411