Vardanyanın əleyhinə ifadə verən şəxs qorxu səbəbindən Qarabağdan Ermənistana getməyib.
Crossmedia.az Ermənistan mediasına istinadən xəbər verir ki, Ruben Vardanyanın əleyhinə ifadə verən şəxs təhlükəsizlik qorxusu səbəbindən Qarabağdan Ermənistana köçməkdən imtina edib.
“Azadlıq Radiosu”nun Ermənistan bürosuna danışan erməni ictimai xadim Tiqran Petrosyan bildirib ki, yaxın günlərdə Qarabağdan Ermənistana köçürülən şəxslər arasında onun tanışı da olub və o, həmin şəxslə qısa söhbət aparıb.
Petrosyanın sözlərinə görə, Vardanyanın əleyhinə ifadə verən şəxs Ermənistana gedəcəyi təqdirdə öldürüləcəyindən qorxduğunu deyib:
“Deyirdi ki, mən getmirəm, məni ermənilər öldürəcəklər. Ağlayıb-sızlayırdı. Sonra onu yenidən maşına mindirib apardılar.”
“Azadlıq Radiosu”nun Ermənistan bürosu yazır ki, Ermənistana getmək istəməyən həmin şəxs daha sonra Bakıda keçirilən məhkəmə prosesində Ruben Vardanyanın əleyhinə ifadə verib.
Məlumata görə, söhbət Mişa Qriqoryandan gedir. Bildirilir ki, o, Xankəndidən Ermənistana yola düşən son nəqliyyat vasitəsi ilə hərəkət etsə də, yolun yarısında geri qayıdıb.
Ermənistan KİV-lərinin məlumatına əsasən, Qarabağdan köçürülən 11 nəfərin əksəriyyəti hazırda Ağverən qəsəbəsində yerləşən hoteldə müvəqqəti məskunlaşdırılıb.