Qəzzada “sarı xətt” irəliləyir: on minlərlə insan yenidən köçkün vəziyyətinə düşür
Hərbi xəritədə çəkilmiş bir xətt zamanla Qəzza ərazisində real maneəyə çevrilib. Atəşkəs razılaşmasına əsasən İsrail qüvvələrinin geri çəkilmə xəttini göstərmək üçün yerləşdirilən sarı rəngli beton blokların Qəzzanın qərbinə doğru hərəkət etdiyi, ilkin razılaşdırılmış xətti aşaraq daha dərin ərazilərə irəlilədiyi bildirilir.
Crossmedia.az bu barədə TRT Word-a istinadən xəbər verir. Köçkün düşənlərdən biri, Raed Abulkas bildirib ki, artıq İsrail hücumları zamanı həlak olmuş uşaqlarının məzarlarına belə çata bilmir. Onun sözlərinə görə, Qəzzanın Ət-Tufah məhəlləsində yerləşən evi “qırmızı zona” elan edildikdən və “sarı xətt” həmin əraziyə çatdıqdan sonra ailə məcburi şəkildə oranı tərk etməli olub. “Hamı köçdü. İndi orada nə ev var, nə divar - yalnız dağıntılar qalıb. Uşaqlarım da orada dəfn olunub. Hər gün heç olmasa məzarlarına gedə bilmək arzusu ilə yaşayıram”, – deyə o bildirib.
Oxşar sarı beton blokların Xan Yunis, Cəbəliyyə və Bəni Suheylə bölgələrində də yerləşdirildiyi sənədləşdirilib. Peyk görüntüləri bəzi ərazilərdə bu blokların ilkin xəritədə göstərilən mövqedən təxminən 200–400 metr irəlidə yerləşdirildiyini göstərir. HƏMAS bu addımı atəşkəs razılaşmasının pozulması kimi qiymətləndirir.
İsrail tərəfi isə xəritələrdə göstərilən xəttin yalnız təxmini xarakter daşıdığını və yer şəraitinin dəqiq yerləşdirməyə imkan vermədiyini bildirir. Bununla belə, yeni mövqelərin müəyyən edilməsi nəticəsində xəttin qərbində yaşayan on minlərlə insan evlərini tərk etməyə məcbur qalacaq, daha on minlərlə sakin isə əvvəl yaşadıqları ərazilərə geri qayıda bilməyəcək.
Humanitar təşkilatların məlumatına görə, bu proses Qəzza əhalisinin demək olar ki, hamısının ərazinin cəmi 30 faizindən azını təşkil edən dar qərb zolağında cəmlənməsinə gətirib çıxarıb. Yardım agentlikləri sahilboyu ərazilərdə həddindən artıq sıxlıq yarandığını, İsrail hücumları nəticəsində dağıdılmış binalar arasında hər boş sahənin çadırlarla dolduğunu bildirir.
Ət-Tufah sakini olan bir qadın isə bildirib ki, ailəsi illərlə həmin evdə bir yerdə, xoşbəxt yaşayıb. “Bu sarı daşlar qoyulduqdan sonra evimizi tərk etməyə məcbur olduq. Qaçarkən üzərimizə mərmilər düşürdü. İki oğlum öldürüldü, həyat yoldaşım və bir oğlum isə ayaqlarını itirdi”, – deyə o qeyd edib.
Qəzza səhiyyə qurumlarının məlumatına görə, oktyabr ayında qüvvəyə minən atəşkəsdən sonra İsrail atəşi nəticəsində 460-dan çox fələstinli həyatını itirib. Ölənlərin böyük hissəsi məhz bu sərhəd xətlərinə yaxın ərazilərdə olub.
Analitiklər xəbərdarlıq edir ki, bu markerlərin irəliləməsi gələcəkdə əhalinin geri qayıdışı və yenidənqurma prosesini daha da çətinləşdirə bilər. Hər bir sarı blokun yerinin dəyişdirilməsi ilə Qəzzada fələstinlilər üçün qalan yaşayış sahəsi daha da azalır.
Sevinc Yarməmmədova
12:24 27.01.2026
Oxunuş sayı: 440