İran hakimiyyətinin davam edən repressiyaları və insan haqlarının geniş şəkildə pozulması fonunda Almaniyanın Hamburq şəhərində etiraz aksiyası təşkil olunub.
Crossmedia.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə , aksiyada Avropada yaşayan qeyri-fars millətlərdən olan fəallar, o cümlədən Güney Azərbaycan türkləri iştirak ediblər. Etiraza həmçinin azərbaycanlılar və ərəblər də daxil olmaqla müxtəlif etnik icmaların nümayəndələri qatılıblar.
Etirazçılar plakat və bannerlərlə İran İslam Respublikasında baş verən zorakılıqlara, qətllərə və sistemli ayrı-seçkiliyə etirazlarını ifadə ediblər. Aksiya zamanı molla rejiminin həyata keçirdiyi repressiv siyasət sərt şəkildə pislənib.
İştirakçılar səsləndirdikləri şüarlarla İran hakimiyyətindən zorakılıq və təzyiqlərə son qoyulmasını, siyasi məhbusların azadlığa buraxılmasını tələb ediblər. Eyni zamanda beynəlxalq ictimaiyyətə çağırış edilərək, xüsusilə ölkədə yaşayan qeyri-fars xalqların insan haqları vəziyyətinə diqqətin artırılmasının vacibliyi vurğulanıb.
Aksiya zamanı “Nə monarxiya, nə dini rəhbərlik — azadlıq və bərabərlik!” və “Siyasi məhbuslar azad edilməlidir” kimi şüarlar səsləndirilib.