Birləşmiş Ərəb Əmirlikləri İrana qarşı mümkün hərbi hücumlar üçün ölkənin hava məkanından, ərazisindən və ərazi sularından istifadəyə icazə verməyəcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyi rəsmi bəyanat yayıb. Bildirilib ki, ölkə heç bir tərəfin BƏƏ-yə məxsus hava məkanından və ya ərazilərindən İrana qarşı düşmənçilik xarakterli hərbi əməliyyatlar məqsədilə istifadə etməsinə imkan verməyəcək.
Nazirliyin açıqlamasında vurğulanıb ki, mövcud regional böhranların həlli üçün ən effektiv yol dialoq, gərginliyin azaldılması, beynəlxalq hüquqa riayət edilməsi və dövlətlərin suverenliyinə hörmətdir.
BƏƏ tərəfi regionda sabitliyin qorunmasının prioritet olduğunu qeyd edərək, hərbi eskalasiyanın daha ağır nəticələrə yol aça biləcəyi barədə xəbərdarlıq edib.