“Sülh Şurası”nın doğuluşu, BMT-nin kölgəyə çəkilməsi və Azərbaycanın yeni dünya düzənində strateji yeri
Davos görüşü bu dəfə
sadəcə qlobal iqtisadiyyatın nəbzinin tutulduğu yer olmadı. Davos 2026, mahiyyət
etibarilə, “pulun dili” ilə “gücün dili”nin eyni masada birləşdiyi, yeni dünya
düzəninin konturlarının çəkildiyi bir geopolitik laboratoriyaya çevrildi. Bir tərəfdən
“sülh” sözü səsləndi, digər tərəfdən isə, bu sözün arxasında hər zamankı kimi
real siyasətin, sərt gücün və böyük oyunçuların strategiyasının konturları
görünürdü. Həmin konturların ən diqqətçəkən xətti isə “Sülh Şurası”
adlandırılan yeni təşəbbüsün ortaya çıxması və bu təşəbbüsün Azərbaycanın adı
ilə birlikdə təqdim edilməsidir. Bu detal təsadüfi deyil. Çünki yeni dünya düzənində
sülh anlayışı artıq yalnız humanist ideal deyil; sülh, geosiyasi mühəndisliyin,
enerji və ticarət axınlarının, nəqliyyat dəhlizlərinin və regional təhlükəsizlik
arxitekturasının mərkəzi konseptinə çevrilib. Başqa sözlə, sülh bu gün “dəyər”
olmaqdan çıxıb “alət” statusuna keçir: kim sülhün mexanizmini qurursa, gələcəyin
iqtisadi və siyasi xəritəsini də o yazır.
“Sülh Şurası”
ideyasının Davosda gündəmə gətirilməsi və onun bir növ qlobal platforma kimi təqdim
olunması, sadəcə yeni bir təşkilatın yaradılması deyil. Bu, qlobal idarəetmədə,
beynəlxalq hüququn praktiki tətbiqində və konfliktlərin tənzimlənməsində “BMT mərkəzli
dünya”dan “post-BMT dünya”ya keçidin rəmzi ola bilər. BMT-nin son onilliklərdə
yaşadığı legitimlik böhranı, qərarvermədə tıxanmalar, veto mexanizminin faktiki
iflicə çevrilməsi və böyük güclərin BMT-ni “siyasi teatr” kimi görməsi, artıq
beynəlxalq sistemdə yeni vasitəçi mexanizmlərə ehtiyac doğurub. Davosda Sülh
Şurası təşəbbüsü məhz bu boşluğun üzərinə gəlir: “gücsüz BMT”nin yerini
“effektiv, çevik və real güc mərkəzi” ola biləcək yeni bir formatın alması. Bu,
bir çoxları üçün narahatedici görünə bilər, çünki beynəlxalq hüquq idealının
yerini geosiyasi pragmatizm tutur. Lakin reallıq budur: dünya, BMT-nin normativ
dünyasından daha çox, böyük güclərin “nəticə dünyası”na doğru gedir. Nəticə
varsa, legitimlik sonradan yazılır.
Sülh Şurasının BMT-yə alternativ kimi çıxması, ilk baxışda sülh üçün yeni ümid kimi görünür. Amma burada daha dərin bir qat var: Sülh Şurası, əslində, qlobal güc mərkəzlərinin konfliktlərə “idarə olunan həll” tətbiq etmək üçün yaratdığı yeni mexanizm ola bilər. Bu mexanizm BMT kimi universal konsensus tələb etmir, daha çox “seçilmiş aktorların razılığı” ilə işləyə bilər. Bu isə effektivlik gətirir, amma eyni zamanda selektivlik riskini artırır. Yəni hansı konfliktə “sülh” adı verilib müdaxilə ediləcək, hansına “daxili məsələ” deyilib susulacaq — bu, yeni formatın əsas sınağıdır. Bu mənada Sülh Şurası, BMT-nin universal hüquq iddiasını kənara qoyub, real siyasətin “hədəf seçmə” məntiqini önə çəkə bilər. Dünya artıq “hamı üçün eyni hüquq” modelindən “prioritet bölgələr” modelinə keçir. Prioritet bölgələr isə enerji, logistika, texnologiya və geosiyasi qovşaqlardır.

Bu qovşaqlardan biri
Cənubi Qafqazdır. Və bu qovşağın mərkəzində Azərbaycan dayanır. Məhz bu səbəbdən
Davosda Azərbaycanın adı sadəcə bir dövlət kimi deyil, “yeni sülh
arxitekturasının əsas sütunlarından biri” kimi çəkilir. Azərbaycan artıq yalnız
regional oyunçu deyil; o, yeni dünya düzənində “geosiyasi keçid nöqtəsi” rolunu
oynamağa başlayır. Keçid nöqtəsi olmaq isə həm fürsətdir, həm risk. Fürsətdir,
çünki böyük güclər belə nöqtələri itirmək istəmir, ona görə də həmin dövlətin əhəmiyyəti
artır. Riskdir, çünki keçid nöqtələri həmişə rəqabətin episentrində olur.
Davosda Trampın
yanında Azərbaycanın və türk dövlətlərinin liderlərinin ön planda görünməsi, təbii
olaraq sual yaradır: bu, ABŞ-nin yeni dünya düzənində Türk dövlətləri ilə daha
sistemli əməkdaşlıq xəttinə keçdiyini göstərirmi? Bu sualın cavabı “bəli”yə
yaxın görünür, amma şərtlərlə. ABŞ üçün Türk dünyası bu gün bir neçə səbəbə görə
strateji əhəmiyyət daşıyır. Birincisi, Türk dövlətləri Avrasiya xəritəsində
“geosiyasi kəmər” rolunu oynayır: Rusiya ilə Çin arasında, İran ilə Avropa
arasında, Orta Asiya ilə Qara dəniz arasında bir əlaqə xətti. İkincisi, enerji
və nəqliyyat dəhlizləri məhz bu coğrafiyadan keçir. Üçüncüsü, Türk dövlətləri
ideoloji baxımdan da ABŞ üçün daha rahat əməkdaşlıq zonası yaradır: nə tam
anti-Qərb blokudur, nə də Qərbə tam inteqrasiya olmuş vahid struktur. Bu isə,
Vaşinqtona elastik diplomatiya imkanı verir.
Amma ən əsas səbəb
budur: ABŞ artıq “bir qütblü dünya” illüziyasını geridə qoyub və yeni
strategiyası “şəbəkə ittifaqları”dır. Yəni bir NATO kimi sərt bloklar deyil,
müxtəlif bölgələrdə müxtəlif formatlı əməkdaşlıqlar. Türk dövlətləri bu şəbəkə
ittifaqlarının ən uyğun materialıdır. Çünki həm coğrafi baxımdan keçid
zonasıdır, həm də siyasi baxımdan tam qapalı deyil. Davosda bu görüntünün
yaradılması, məhz belə bir şəbəkə ittifaqının ictimai “səhnəyə çıxarılması”
kimi də oxuna bilər: ABŞ Türk dövlətlərinə mesaj verir ki, “yeni düzəndə siz tək
deyilsiniz, siz sistemin içindəsiniz”.
Bu nöqtədə Azərbaycan xüsusi yer tutur. Çünki Azərbaycan Türk dünyasının “enerji və logistika qapısı”dır. Azərbaycanın enerji resursları Avropaya gedən xəttin bir hissəsidir, nəqliyyat dəhlizləri isə Asiya-Avropa ticarətinin alternativ yoludur. Azərbaycan həm də regionda hərbi-siyasi balansı dəyişmiş, öz suverenliyini bərpa etmiş bir aktordur. Bu, onu “uğurlu dövlət modeli” kimi təqdim etməyə imkan verir. Yeni dünya düzənində ABŞ belə aktorları sevir: öz gücü ilə ayaqda duran, amma strateji əməkdaşlığa açıq olan dövlətlər.

Lakin bu əməkdaşlığın
dərinləşməsi Azərbaycanın qarşısına ən çətin sualı çıxarır: ABŞ ilə strateji
müttəfiqliyə gedən yolda Azərbaycan İran, Rusiya, Çin və Avropa ilə münasibətlərini
necə quracaq? Burada sadə cavab yoxdur. Çünki Azərbaycanın mövqeyi “blok seçmək”
üçün deyil, “blokları idarə etmək” üçün qurulub. Azərbaycanın əsas üstünlüyü məhz
balans siyasətidir. Amma yeni dünya düzənində balans siyasəti getdikcə daha çətinləşir.
Çünki böyük güclər daha açıq “tərəf seç” təzyiqi göstərə bilər.
Rusiya məsələsi ilə
başlayaq. Rusiya Cənubi Qafqazı tarixən öz təsir zonasının bir hissəsi hesab
edib. Azərbaycan isə son illərdə göstərdi ki, Moskvanın bu təsirini qəbul etsə
də, ona tabe olmur. Bu, incə diplomatik xəttdir: nə açıq düşmənçilik, nə də
asılılıq. ABŞ ilə yaxınlaşma bu xətti riskə ata bilər. Vəziyyətin asan olmadığı
hər kəsə bəllidir: Rusiya ilə münasibətləri pozmaq regional təhlükəsizlik
riskini artırar. Ona görə də, Azərbaycanın optimal modeli “strateji müttəfiqlik”
deyil, “strateji koordinasiya” ola bilər: Rusiya ilə təhlükəsizlik və regional
sabitlik üzrə minimal əməkdaşlıq, ABŞ ilə isə texnologiya, enerji və iqtisadi
modernləşmə üzrə maksimum əməkdaşlıq. Yəni iki güc arasında funksional
bölüşdürmə. Bu modelin adı var: selektiv tərəfdaşlıq.
İran məsələsi daha
mürəkkəbdir. İran Azərbaycanın həm qonşusudur, həm də tarixi-mədəni bağların
olduğu bir dövlətdir. Amma eyni zamanda İran regionda öz təsir dairəsini
qorumaq istəyir və Azərbaycan-Türkiyə xəttinin güclənməsindən narahatdır. ABŞ
ilə strateji yaxınlaşma İranın bu narahatlığını daha da artıracaq. Burada Azərbaycan
üçün ən ağıllı strategiya “güvənlik tamponu” yaratmaqdır: İranla münasibətləri
ideoloji müstəvidə deyil, iqtisadi-logistik müstəvidə saxlamaq. Ticarət,
tranzit, sərhəd təhlükəsizliyi, su və enerji əməkdaşlığı kimi sahələrdə dialoq
davam etməlidir. Azərbaycan İranı düşmən kimi deyil, “riskli qonşu” kimi idarə
etməlidir. Yeni dünya düzənində qonşunu idarə etmək, onu məğlub etməkdən daha
qiymətlidir.
Çin məsələsi ayrıca strateji qatdır. Çin Azərbaycan üçün həm iqtisadi tərəfdaş, həm də Orta Dəhliz kontekstində potensial investor ola bilər. ABŞ isə Çinlə rəqabətdədir. Azərbaycanın burada manevr imkanları var, çünki Çin Azərbaycanın təhlükəsizlik sisteminə deyil, daha çox iqtisadi infrastrukturuna maraq göstərir. Azərbaycan Çinlə münasibətləri “iqtisadi layihə tərəfdaşlığı” səviyyəsində saxlayıb, ABŞ ilə “strateji təhlükəsizlik və geosiyasi koordinasiya” səviyyəsində qura bilər. Bu, Çinlə ABŞ arasında birbaşa seçim etmədən, iki ayrı sahədə iki ayrı əməkdaşlıq modeli qurmaqdır. Lakin burada əsas risk odur ki, ABŞ texnologiya və investisiya sahəsində Çinə qarşı məhdudiyyətləri genişləndirdikcə, Azərbaycan da dolayı yolla bu məhdudiyyətlərin təsirinə düşə bilər. Ona görə də Azərbaycanın əsas prioriteti “kritik infrastrukturun kimə bağlı olması” məsələsini strateji səviyyədə planlaşdırmaqdır. Yəni liman, enerji, data mərkəzləri, rabitə xətləri kimi sahələrdə hansı tərəfdaşla işlədiyini çox incə seçməlidir.

Avropa məsələsi isə
daha “yumşaq”, amma daha “dərin”dir. Avropa Azərbaycan üçün enerji bazarıdır,
ticarət tərəfdaşıdır, eyni zamanda normativ təsir mərkəzidir. Avropa “dəyər
siyasəti” ilə çıxış edir, insan hüquqları və demokratik standartları gündəmə gətirir.
ABŞ ilə yaxınlaşma Avropanı kənara qoymaq demək deyil. Əksinə, ABŞ ilə
yaxınlaşma Avropa ilə münasibətləri daha pragmatik edə bilər: Avropa enerji təhlükəsizliyində
Azərbaycana ehtiyac duyur, Azərbaycan isə Avropa bazarına. Burada qarşılıqlı
asılılıq var. Azərbaycan bu asılılığı öz xeyrinə idarə etməyi bacarır. Yəni
Avropa ilə münasibətlər davam edəcək, sadəcə Avropanın Azərbaycan üzərində
“normativ təzyiq aləti” bir qədər zəifləyə bilər, çünki Azərbaycanın alternativ
güc mərkəzləri ilə əlaqəsi güclənir.
Bu böyük mənzərədə
Azərbaycan üçün ən real sual budur: ABŞ ilə strateji müttəfiqlik nə deməkdir?
Çünki “müttəfiqlik” sözü emosional səslənir, amma geopolitikada onun qiyməti
var. ABŞ müttəfiqlikdən adətən üç şey istəyir: təhlükəsizlik koordinasiyası,
geosiyasi mövqe dəstəyi və strateji layihələrdə üstünlük. Azərbaycan isə müttəfiqlikdən
üç şey gözləyə bilər: təhlükəsizlik zəmanəti, iqtisadi investisiya axını və
diplomatik dəstək. Bu mübadilə baş verərsə, Azərbaycan yeni dünya düzənində
daha güclü mövqe qazana bilər. Amma risk də var: ABŞ ilə yaxınlaşma avtomatik
olaraq Rusiya və İranın təzyiqini artırar. Deməli, Azərbaycan müttəfiqliyi
“maksimum səs-küy”lə deyil, “minimum risk”lə qurmalıdır. Yəni səhnədə böyük
şüarlar yox, kulisdə dəqiq mexanizmlər.
Davosda Trampın
yanında Türk liderlərinin önə çıxması həm də yeni bir ideoloji xəttin işarəsi
ola bilər: ABŞ qlobal sistemdə “mədəni bloklar”la işləməyə başlayır. Türk
dünyası bu mədəni bloklardan biridir. Bu, təkcə geopolitika deyil, həm də
“sivilizasiya diplomatiyası”dır. ABŞ anlayır ki, dünya artıq liberal
universalizmin tək xəttinə tabe olmur. Dünya çoxmərkəzli olur və bu çoxmərkəzlilik
yalnız iqtisadi deyil, mədəni-identik əsaslıdır. Türk dünyası isə həm mədəni, həm
də coğrafi baxımdan birləşdirici kəmərdir. ABŞ bu kəməri öz strateji xəritəsinə
daxil etmək istəyir. Bu, bir tərəfdən Rusiya və Çin təsirini balanslamaq
üçündür, digər tərəfdən isə Avrasiyada “alternativ nizam” qurmaq üçündür.
Bu alternativ
nizamın mərkəzində Sülh Şurası kimi formatların olması, BMT-nin kölgəyə çəkilməsinin
simvoludur. Əslində BMT artıq uzun müddətdir kölgədədir, sadəcə bunu hamı açıq
demirdi. Davosda isə, bu fakt “yeni institusional forma” ilə elan olundu. Sülh
Şurası BMT-nin yerini tutmağa başlayırsa, deməli dünya “universal hüquq”dan
“seçilmiş koalisiyalar”a keçir. Bu keçid həm təhlükəlidir, həm də reallıqdır. Təhlükəlidir,
çünki hüquq selektiv ola bilər. Reallıqdır, çünki böyük güclər universal
konsensus gözləmək istəmir. Onlar sürətli nəticə istəyir. Yeni dünya düzəninin əsas
prinsipi budur: nəticə hüququ doğurur, hüquq nəticəni yox.
Bu mənzərədə Azərbaycanın rolunu dəyərləndirəndə, biz onu “kiçik dövlətin uğuru” kimi yox, “orta gücün yüksəlişi” kimi oxumalıyıq. Azərbaycan artıq regional orta gücdür. Orta güc olmaq isə, böyük güclər arasında “alət” olmaq deyil, “arbitraj” olmaqdır. Arbitraj o deməkdir ki, sən təkcə tərəf seçmirsən, tərəflər sənin üzərindən keçmək məcburiyyətində qalır. Azərbaycan bu statusa doğru gedir: enerji, logistika, diplomatiya və təhlükəsizlik sahələrində kəsişmə nöqtəsinə çevrilir.

İlham Əliyevin Tramp
ilə görüşü və BlackRock rəhbərliyi ilə təmasları da bu arbitrajın iki üzüdür:
biri geopolitik legitimlik, digəri geoiqtisadi kapital. Bu iki xətt birləşəndə
dövlətin real gücü artır. Çünki yeni dünya düzənində dövlətlər yalnız tankla
yox, kapital axını ilə də idarə olunur. Kapital axınını özünə cəlb edən dövlət,
geopolitikada da daha sərbəst olur. BlackRock kimi qlobal maliyyə mərkəzləri ilə
görüş, Azərbaycanın yalnız investisiya axtarması deyil, həm də qlobal iqtisadi
şəbəkəyə “strateji daxilolma” cəhdidir. Bu, eyni zamanda bir mesajdır: Azərbaycan
yalnız enerji ixrac edən ölkə deyil, kapitalın yerləşdirilə biləcəyi sabit
platformadır. Bu mesaj Davos kimi məkanda təsadüfi səslənmir. Davos kapitalın
“hansı ölkəyə gedək?” sualını verdiyi yerdir.
Bəs bütün bunların pərdəarxası
məntiqi nədir? Pərdəarxasında bir əsas ideya var: dünya yeni idarəetmə modelinə
keçir. Dövlətlər artıq təkbaşına qərar verə bilmir, beynəlxalq təşkilatlar isə
qərar verə bilmir. Bu boşluğu “şuralar”, “platformalar”, “koalisiyalar”
doldurur. Sülh Şurası bu boşluğu doldurmağa namizəddir. BMT normativ güc idi,
amma icra gücü yox idi. Sülh Şurası icra gücünə iddia edir, normativliyi isə
sonradan quracaq. Bu, yeni dövrün institusional fəlsəfəsidir: əvvəl təsir,
sonra legitimlik.
Azərbaycan üçün bu dövrdə ən vacib məsələ “kimlə dost olmaq” deyil, “özünü necə mərkəzə çevirmək”dir. Dostluqlar dəyişir, maraqlar qalır. Azərbaycan maraqlarını qorumaq üçün özünü sistemin vazkeçilməz elementinə çevirməlidir. Bu element nə ola bilər? Birincisi, enerji təhlükəsizliyi. İkincisi, nəqliyyat və logistika. Üçüncüsü, regional sülh prosesində vasitəçi rol. Dördüncüsü, Türk dünyasının koordinasiya mərkəzi. Bu dörd sütun Azərbaycanı yeni dünya düzənində dayanıqlı edər.

Amma burada bir strateji risk var: çoxmərkəzli olmaq, çox təzyiq deməkdir. Azərbaycan ABŞ ilə yaxınlaşdıqca, Rusiya və İran daha çox “sərhəd həssaslığı” göstərə bilər. Çin isə “iqtisadi layihələrdə ehtiyatlılıq” edə bilər. Avropa isə “normativ təzyiqi” artırmağa çalışa bilər. Deməli, Azərbaycanın diplomatiyası daha da incə olmalıdır. Bu incəlik “söz diplomatiyası” deyil, “struktur diplomatiyası”dır. Struktur diplomatiyası o deməkdir ki, sən elə layihələr qurursan ki, heç bir güc səni itirmək istəmir. İtirmək istəmədikləri üçün də sənə təzyiq edəndə iki dəfə düşünürlər.
Bu baxımdan Davosda Azərbaycan və Türk liderlərinin önə çıxması, təkcə ABŞ-Türk dünyası əməkdaşlığının başlanğıcı deyil, həm də Türk dünyasının qlobal sistemdə “müstəqil geosiyasi blok” kimi görünməyə başlamasıdır. Bu blokun mərkəzində isə, iqtisadi inteqrasiya, enerji-logistika sinxronu və təhlükəsizlik koordinasiyası dayanacaq. ABŞ bu blokla işləyərək həm Avrasiyada təsirini saxlayacaq, həm də Çin-Rusiya tandemini balanslayacaq. Azərbaycan isə, bu blokun “qapısı” rolunu oynayacaq.
Sülh Şurasının gələcəkdə real güc mərkəzi olub-olmayacağı məsələsinə gəlincə, burada həlledici faktor onun “nəticə istehsal edib-etməməsidir”. Əgər Sülh Şurası real konfliktlərdə nəticə göstərə bilsə, BMT tamamilə ikinci plana keçəcək. Çünki dünya artıq ideal axtarmır, dünya mexanizm axtarır. Mexanizm işləyirsə, onu qəbul edirlər. İşləmirsə, onu “dəyərlər”lə bəzəyib muzeyə qoyurlar. BMT bir çoxları üçün artıq belə muzeyə çevrilib: kağız üzərində böyük ideallar, reallıqda isə zəif təsir.
Bu yeni dövrdə Azərbaycan üçün ən ağıllı yol “strateji müttəfiqlik + strateji balans” modelidir. ABŞ ilə strateji xətt qurmaq, amma eyni zamanda Rusiya ilə konfliktə girməmək; İranla gərginliyi idarə etmək, Çinlə iqtisadi əlaqəni saxlamaq, Avropa ilə enerji və ticarət münasibətlərini davam etdirmək. Bu asan deyil. Amma Azərbaycanın son illərdəki diplomatik performansı göstərir ki, Bakı bu oyunu oynamağı bacarır. Azərbaycan diplomatiyası artıq klassik “kiçik dövlət diplomatiyası” deyil, “orta güc diplomatiyası”dır. Orta güc diplomatiyası isə bir cümlə ilə belə izah olunur: “Mən heç kimin düşməni deyiləm, amma heç kimin də tabeliyində deyiləm.”
Əgər bu prinsip qorunarsa, Davosda görünən mənzərə Azərbaycanın gələcək statusunu daha da gücləndirə bilər. Sülh Şurası BMT-nin yerini alacaqsa, o Şurada yer almaq, gələcəyin masasında oturmaq deməkdir. Trampın yanında önə çıxmaq, gələcəyin koordinatlarında görünmək deməkdir. BlackRock ilə görüşmək, gələcəyin kapital axınında pay sahibi olmaq deməkdir. Bunların hamısı bir araya gələndə Azərbaycan yeni dünya düzənində “kənarda duran ölkə” deyil, “mərkəzdə duran aktor” olur.
Və ən sonda, bu prosesin ən dərin fəlsəfi nəticəsi budur: dünya sülhə doğru getmir, dünya sülhü idarə etməyə doğru gedir. Sülh Şurası bunun simvoludur. Sülh artıq “arzulanacaq son” deyil, “idarə olunacaq proses”dir. Bu prosesi kim idarə edirsə, gələcəyi o yazır. Azərbaycan isə görünür ki, gələcəyin yazıldığı masada artıq yer almağa başlayıb. Bu, həm tarixi fürsətdir, həm də tarixi məsuliyyət. Çünki mərkəzdə olmaq həmişə cazibədardır, amma mərkəzdə qalmaq üçün strateji ağıl və soyuqqanlılıq lazımdır.
16:20 24.01.2026
Oxunuş sayı: 670