Özbəkistan təcrübəsi Azərbaycanda: Çox kitab oxuyunlara əlavə pul veriləcək? - ARAŞDIRMA
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin imzaladığı “Oxu mədəniyyətinin inkişafı və əhalinin kitablara marağının artırılması tədbirləri haqqında” sənəd 2026–2030-cu illər üçün ölkədə oxu mədəniyyətinin yüksəldilməsini və vətəndaşların kitablarla aktiv tanışlığını təmin etməyi hədəfləyir. Proqram çərçivəsində hər bir vətəndaşın ildə orta hesabla 10 kitab oxuması nəzərdə tutulur və nazirliklərdə, idarələrdə işçilər arasında keçiriləcək müsabiqələr vasitəsilə ən çox kitab oxuyan şəxslər aylıq maaş həcmində əlavə mükafatla təltif ediləcək.
Eyni və ya oxşar yanaşmanın Azərbaycanda da tətbiq olunsa, ölkədə oxu mədəniyyətinin yüksəlməsinə, intellektual inkişafın sürətlənməsinə və dövlət qurumlarında stimullaşdırıcı rəqabət mühitinin formalaşmasına təkan verə bilər. Eyni zamanda, belə proqramlar gənc nəsildə bilik və tədqiqat marağını artıraraq, uzunmüddətli perspektivdə ölkənin intellektual potensialını gücləndirə bilər.
Crossmedia.az bu barədə araşdırma aparıb.
BDU dosenti Pərviz Kazımi:
"Əməkdaşların mütaliəsi ilə əlaqədar onların vaxtaşırı təşviq olunması ideyası, heç şübhəsiz ki, yaxşı ideyadar. Əlbəttə, ən yaxşı mükafatı mütaliə sahibləri özləri-özlərinə müəyyənləşdirib. Çünki, mütaliə özü ən böyük mükafatdır.
Mütaliənin davamlı və sistemli olması üçün erkən yaşlardan vərdişlər formalaşdırılmalıdır. Belə olan halda mütaliə ömürboyu bir prosesə çevrilir. Yaşlaşdıqca mütaliənin əhatəliyi konkretləşir, məzmun dərinləşir və şəxsin kompitentliyini müəyyənləşdirən göstəriciyə çevrilir.

Təəssüflə qeyd etməliyəm ki, mütaliənin genişliyi və sistemliliyinin öyrənilməsi və qiymətləndirilməsi ilə əlaqədar sadə ölçü vahidləri və modellər mövcud deyil. Ən sınanmış üsul belə insanlarla ünsiyyətdə müəyyənləşir. Mütaliə normaları haqqında da bütün yaş dövrlərinə aid edilə biləcək bir standart yoxdur. Müxtəlif yaş dövrlərində cazibədar olan mövzular və janrlar ortaya çıxır. Orta siniflərdə həvəslə oxunan macara ədəbiyyatı yetkinlik yaşlarında lirik-romantik əsərlərlə əvəz olunur. Çoxpilləli mütaliə prosesi tədricən şəxsiyyətin formalaşmasına və onun peşə kompitentliyinə gətirib çıxarır ki, bu zaman mütaliə vərdişlərinin qorunub saxlanılması çox vacibdir".
Onun fikrincə, geniş və dərin mütaliəsi olan insanları başqalarından fərqləndirmək yalnız bir xüsusiyyəti müəyyənləşdirməklə mümkün olmur: "Burada nitq, idrak, nəticələndirmə, davranış və metamədəni göstəricilərin məcmusu nəzərdə alınır. Bunlar əsas indikatorlardır. Eləcə də yardımçı əlamətlər də var, məsələn: İlkin mənbələrə ciddi maraq göstərməsi, sakit və rahat düşüncəyə hörmətlə yanaşması, şüarlara və standart formalara şübhə ilə yanaşması və s. Dərin mütaliəsi olan oxucu biliklərinin həcmi ilə deyil, mətnlərlə uzunmüddətli təmasda olması nəticəsində formalaşan düşüncə tərzi ilə fərqlənir və nəticədə: interpretasiya qabiliyyəti, mürəkkəbliliyə dözümlülük, linqvistik dəqiqlik, strukturlaşdırılmış düşüncə, intellektual təvazökarlıq kimi xüsusiyyətlər formalaşır.
Nəticə olaraq, belə oxucular öz fəaliyyətləri sahəsində yüksək kompitensiyaları ilə fərqlənirlər. Peşə kompitensiyasının müəyyənləşdirilməsi üçün bir neçə riyazi modellər mövcuddur. Eləcə də anket metodu ilə də peşə kompitensiyasını müəyyənləşdirmək olar. Son illər belə mülahizələr meydana gəlib ki, internet əsrində çox oxumağa ehtiyac yoxdur və lazım olan məlumatı asanlıqla internetdən əldə etmək olar. Bu, çox yanlış yanaşmadır.
İnternet tələbatçıya yalnız epizod-məlumatlar verilir və onun bir çox hallarda mötəbərliyi sual altında olur. Əksər hallarda İnternetdən əldə olunmuş məlumat böyük bir sistemin tərkib hissəsi kimi mövcuddur, süni intellektdən də əldə olunmuş məlumat böyük bir sistem anlayışının tərkibindən götürülmüş məlumat parçasından ibarət olur. Konkret vəziyyətdə bu kimi informasiya yardımı faydalı olsa da orta və uzun müddətli perspektivdə işə yaramır".
P. Kazımi qeyd edib ki, “Mütaliə vərdişi bir mədəniyyətdir və o kimdə varsa mədəni insandır...”deyimi bu gün də, internet əsrində də keçərlidir: "Klassik kitab yüzillərin nəticəsində formalaşmış və mütaliə üçün kamfortlu bir ideal format almış fenomendir. 3-5 səhifəlik materialı internetdən onlayn oxumaq olar. Lakin 500 səhifəlik materialı ekrandan oxumaq yorucudur və bu səbəbdəndir ki, orta və böyük həcmli kitabların oxunuşu ildən-ilə azalır.
Azərbaycanda kütləvi mütaliənin müasir durumu, mütaliə olunan brendlər və tendensiyalar, oxucularımızın xarici ədəbi proseslərə inteqrasiya səviyyəsi, məktəbli və yeniyetmələrin mütaliə vərdişləri, “qadcet”-internet və klassik mütaliənin konflikti kimi mövzuların öyrənilməsi maraqlı ola bilər".
Sosioloq Elçin Bayramlının fikrincə isə son dövrlərdə qəbul edilən bu qərar olduqca təqdirəlayiqdir: "İnternet texnologiyalarının, mobil cihazların və sosial şəbəkələrin sürətlə yayılması fonunda kitab oxuma mədəniyyəti bütün dünyada zəifləyir. Xüsusilə bizim kimi ölkələrdə bu mədəniyyət demək olar ki, yox olmaq üzrədir. Məhz buna görə də kitab oxuma vərdişinin formalaşdırılması üçün məqsədyönlü və stimullaşdırıcı addımların atılması zəruridir.

Bu istiqamətdə həm maarifləndirici, həm də həvəsləndirici tədbirlərin təşkili mümkündür. Özbəkistanda son illərdə dövlətin elmə və təhsilə artan marağı ölkədə ümumi inkişafın əsas göstəricilərindən biridir. Artıq aydın şəkildə görünür ki, istənilən ölkənin iqtisadi, elmi və texnoloji inkişafının təməlində elm və təhsil dayanır. Elm və təhsilin əsas dayağı isə kitab oxuma mədəniyyətidir. Bu baxımdan qəbul edilən qərarın müsbət nəticə verəcəyinə heç bir şübhə yoxdur.
Kitab oxumaq təkcə bədii ədəbiyyat baxımından deyil, eyni zamanda elmi-texniki biliklərin əldə olunması, insanların dünyagörüşünün genişlənməsi və mədəni səviyyəsinin yüksəldilməsi üçün də mühüm əhəmiyyət daşıyır. Təəssüf ki, cəmiyyətimizdə kitab oxuma vərdişi zəifdir".
Sosioloq əlavə edib ki, tarixən qəzet oxuma mədəniyyətini də, kitab oxuma vərdişini də tədricən itirmişik:
"İnsanları kitab oxumağa cəlb etməyin ən real yolu stimullaşdırıcı mexanizmlərdən istifadə etməkdir. Mövcud şəraitdə başqa üsullar effektiv nəticə vermir. Cəmiyyətdə insanların məlumat bazası zəifdir, əksəriyyət vaxtını əsasən əyləncəli seriallara, filmlərə və kompüter oyunlarına sərf edir. Elmə və təhsilə maraq yalnız azsaylı bir qrupun maraq dairəsində qalır.
Bu səbəbdən stimullaşdırıcı proqramlar uşaqlardan başlayaraq həyata keçirilməlidir. Müasir dövrdə uşaqlar dərs yükü ilə həddindən artıq məşğuldur və bədii, elmi-texniki ədəbiyyat oxumağa demək olar ki, vaxt ayırmırlar. Halbuki əvvəlki nəsillər məktəbdənkənar vaxtlarda daha çox kitab oxuyurdu. Bu gün isə demək olar ki, hər bir uşağın əlində smartfon var və vaxtlarının böyük hissəsi oyunlara sərf olunur. Bu problem yalnız uşaqlara deyil, böyüklərə də aiddir.
Tətbiq ediləcək proqramlar iki əsas istiqaməti əhatə etməlidir. Birinci istiqamət məktəb yaşlı uşaqların ədəbiyyatla yaxından tanış olması üçün məktəblərdə müsabiqələrin, yarışların və oxu layihələrinin təşkili olmalıdır. İkinci istiqamət isə dövlət orqanlarında, şirkətlərdə və müəssisələrdə kitab oxuyan şəxslər üçün mükafatlar, hədiyyələr və hətta səyahət kimi təşviqedici mexanizmlərin tətbiq edilməsidir.
Bu cür tədbirlər Azərbaycanda kitab oxumağa marağı artıracaq, əhalinin savadlanma səviyyəsini yüksəldəcək və dünyagörüşünün genişlənməsinə səbəb olacaq. Dünyada kitab, qəzet və elmi məlumatlara marağın yüksək olduğu ölkələr hər sahədə inkişaf edir. Təəssüf ki, bu gün bir çox evlərdə kitab rəfi belə yoxdur. Şəxsi müşahidələr göstərir ki, bəzi evlərdə kitablar artıq lazımsız əşya kimi çıxarılıb atılıb.
Belə bir cəmiyyətdə stimullaşdırıcı və həvəsləndirici addımlar xüsusilə vacibdir. Müsabiqələr, oxu kampaniyaları, pulsuz kitab paylanması, məktəblərdə oxu saatlarının təşkili bu baxımdan effektiv ola bilər. Məsələn, gündə 5–6 saat dərs keçirilirsə, əlavə 1–2 saat dərsdənkənar oxuya həsr edilə bilər. Məktəblər şagirdləri kitabxanalara üzv etməli, müəllimlər isə onların oxu vərdişlərini sistemli şəkildə izləməlidir.
Eyni zamanda ictimai yerlərdə — parklar, metro stansiyaları, vağzallar və meydanlarda kitab rəfləri yerləşdirilə bilər. Kitabların qiyməti isə əlçatan olmalıdır, çünki hazırda 10–30 manat civarında olan kitabları hər kəs almaq imkanına malik deyil. Bu səbəbdən kitablar bəzən hədiyyə və ya mükafat formasında təqdim edilə bilər.
Bütün bu addımlar ümumilikdə ölkədə kitab oxuma mədəniyyətinin inkişafına, insanların elmə marağının artmasına və savadlılıq səviyyəsinin yüksəlməsinə ciddi töhfə verə bilər".
İqtisadçı, "Liberal İqtisadçılar Mərkəzi"nin sədri Akif Nəsirli düşünür ki, Özbəkistanda qəbul edilən bu qərar ilk baxışdan mədəni təşəbbüs kimi görünsə də, əslində onun arxasında kifayət qədər ciddi iqtisadi və institusional resurslar dayanır: "Dövlət büdcəsinin belə stimullaşdırıcı mexanizmləri uzun müddət daşıya bilməsi üçün həm maliyyə dayanıqlığı, həm də icra intizamı lazımdır. Azərbaycanda isə oxşar qərarın tam miqyasda tətbiqi hazırkı şəraitdə asan görünmür. Büdcə xərclərinin strukturu, dövlət sektorunda çalışanların sayı və maaş fondu nəzərə alındıqda, hər il minlərlə işçiyə maaşı həcmində əlavə mükafat verilməsi ciddi maliyyə yükü yarada bilər.

Amma məsələ təkcə pulda deyil. Kitab oxumağı inzibati qərar və ya müsabiqə ilə geniş vərdişə çevirmək çətindir. İnsanlar kitabı mükafat üçün deyil, daxili ehtiyac və maraq olduqda oxuyurlar. Burada əsas şərt sosial rifahdır. Əgər əhali gündəlik dolanışıq, kredit, kirayə, kommunal xərclər və işsizlik qorxusu ilə yaşayırsa, kitab oxumaq onun prioritet siyahısında arxa plana keçir. Bu baxımdan, maariflənmə ilə rifah arasında birbaşa əlaqə var.
Əhalinin daha çox kitab oxumasını istəyiriksə, ilk növbədə onun firavanlığını yüksəltməliyik. İş saatlarının uzunluğu, qeyri-sabit iş qrafikləri və əlavə qazanc dalınca qaçmaq məcburiyyəti insanın həm vaxtını, həm də zehni enerjisini alır. İnsan axşam evə yorğun qayıdırsa, onun əlində telefon və ya televiziya pultu olur, kitab yox. Oxu mədəniyyəti üçün boş vaxt, psixoloji rahatlıq və sabaha inam lazımdır".
İqtisadçı əlavə edib ki, bununla yanaşı, kitabın özü də əlçatan olmalıdır: "Kitab qiymətləri orta gəlirli ailə üçün problemə çevrilirsə, kitab mağazaları regionlarda yoxdursa, kitabxanalar formal fəaliyyət göstərirsə, oxu mədəniyyətindən danışmaq çətinləşir. Dövlət bu sahədə daha çox kitabxanaların yenilənməsinə, elektron kitab platformalarına, məktəbdənkənar oxu proqramlarına və yerli müəlliflərin dəstəklənməsinə diqqət ayırmalıdır.
Nəticə olaraq, Özbəkistandakı model Azərbaycanda yalnız mexaniki şəkildə tətbiq olunsa, gözlənilən effekti verməyə bilər. Heç Özbəkistanda da bu layihənin uğur qazanması gözlənilən deyil. Oxuyan cəmiyyət mükafatla deyil, rifahla, azad vaxtla və bilik ehtiyacının formalaşdırılması ilə yaranır. Yəni biliyə ehtiyac duyulan bir sistem qurulmalıdır ilk növbədə. Əgər bu əsaslar qurulmasa, istənilən “10 kitab” hədəfi kağız üzərində qalan göstəricidən o yana keçməyəcək".
"Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu məsələyə münasibət bildirib:
"Yadıma gəlir ki, sovet dövrüdə maaşdan çıxmaq şərti ilə adamlara kitablar paylanırdı. Hər halda, bu, bir təşviqat və təbliğat işi kimi kitab oxumağı bir qədər stimullaşdırırdı. Özbəkistanda bu proqramın necə tətbiq ediləcəyini bilmirəm, amma xatırlayıram ki, Kamal Abdulla öz Universitetində (Azərbaycan Dillər Universiteti) belə bir qayda tətbiq etmişdi: kim kitab alırsa, aldığı kitabın qiymətini universitetin ümumi büdcəsindən geri ala bilirdi. Yəni tələbə kitabxanadan və ya kitab dükanından kitab alır və həmin məbləği universitetin mühasibatlığına təqdim edərək geri alırdı. Bəzən tam geri alırdılar, bəzən isə müəyyən bir hissəsini — bu dəqiq yadımda deyil".

Ş.Xuduoğlunun fikrincə, bu onu göstərir ki, kitab oxumaq ümumilikdə stimullaşdırılmalıdır və buna dəstək verilməlidir: "Kitab oxumaq həm dövlət, həm də özəl müəssisələrdə təşviq olunmalıdır. Təəssüf ki, bizdə bu sahə çox zəifdir; hətta bəzi universitetlərin kitabxanaları yoxdur, kitabları yoxdur. Bu baxımdan, məncə, bizdə kitab oxuma mədəniyyətinin Özbəkistandakından daha çox inkişaf etdirilməsinə ehtiyac var. Hər halda, belə bir təşəbbüs varsa, bu, çox müsbət addımdır və dəstəklənməlidir".
Ayhan
15:38 24.01.2026
Oxunuş sayı: 716