Rusiya Ermənistana xəbərdarlıq edib
Rusiya Ermənistanı Avropa İttifaqına inteqrasiya prosesini davam etdirəcəyi təqdirdə enerji və xammal sahəsində mövcud güzəştlərin ləğv oluna biləcəyi barədə xəbərdar edib.
Crossmedia.az xəbər verir ki, məlumata görə, Rusiyanın energetika naziri Sergey Tsivilyov mayın 25-də Ermənistanın Ərazi İdarəetmə və İnfrastrukturlar Nazirliyinə göndərdiyi məktubda Moskvanın qaz, neft məhsulları və xam almaz tədarükü üzrə sazişi birtərəfli qaydada dayandıra və ya denonsasiya edə biləcəyini bildirib.
Rusiya və Ermənistan arasında sözügedən saziş 2013-cü ildə imzalanıb. Sənədə əsasən, Rusiya Ermənistana qaz, neft məhsulları və almaz ixracına tətbiq olunan gömrük rüsumlarını müddətsiz olaraq ləğv edib.
Moskva bildirib ki, sazişin ləğvi halında Ermənistan Rusiyaya kompensasiya ödəməli olacaq. Əks halda ödənilməmiş məbləğlər Rusiyaya qarşı dövlət borcu kimi tanına bilər.
Ekspertlərin fikrincə, sazişin dayandırılması Ermənistan üçün ciddi iqtisadi çətinliklər yarada bilər. Çünki ölkənin Rusiya mənşəli enerji və xammal tədarükünü qısa müddətdə alternativ mənbələrlə əvəz etməsi asan görünmür.
09:23 27.05.2026
Oxunuş sayı: 71