SON DƏQİQƏ: Nusaybin–Qamışlı sərhədində gərginlik yaşanıb
Türkiyənin Nusaybin şəhəri ilə Suriyanın Qamışlı vilayəti arasında sərhəd xəttində ciddi gərginlik yaşanıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Nusaybində yaşayan kürd əhalinin bir hissəsi YPG-nin nəzarətində olan Qamışlıya keçməyə cəhd göstərib.
Hadisə zamanı sərhədə toplaşan şəxslərin Türkiyə tərəfindən terror təşkilatı kimi tanınan SDQ/YPG bayraqları və Abdullah Öcalanın şəkilləri ilə gəldiyi bildirilir. Türkiyə Silahlı Qüvvələrinin əsgərləri kütləni dayandırmaq üçün havaya xəbərdarlıq atəşi açaraq müdaxilə etməyə çalışıblar.
Məlumatlara əsasən, Nusaybin–Qamışlı xəttində Türkiyə bayrağı endirilib, ardınca yandırılıb və təhqiramiz hərəkətlər edilib. Həmçinin sərhəd xəttinin bəzi hissələrinin dağıdıldığı, nəticədə müxtəlif qrupların Suriya ərazisinə keçdiyi qeyd olunur.
Hadisələr fonunda DEM Partisinin təmsilçilərindən Ahmet Türk və Tülay Hatimoğullarının Nusaybində keçirilən aksiyalara dəstək verdiyi bildirilir.
Eyni zamanda, YPG-nin nəzarətində olan Qamışlıdan da Türkiyə sərhədinə doğru hərəkətlər və təzyiqlər qeydə alınıb. Məlumata görə, Nusaybin və Qamışlıdakı qruplar ikitərəfli, koordinasiyalı şəkildə hərəkət edərək birləşməyə cəhd göstəriblər.
Rəsmi qurumlar hadisələrlə bağlı araşdırmanın davam etdiyini bildirir, təhlükəsizlik tədbirləri gücləndirilib.
16:55 20.01.2026
Oxunuş sayı: 1204