Rusiya Cənubi Qafqazı və Mərkəzi Asiyanı yenidən işğal etmək istəyir - Moskva aqressivləşir
Rusiyalı filosof Aleksandr Duqin bildirib ki, milli dövlətlər artıq keçmişdə qalıb və Mərkəzi Asiya ilə Cənubi Qafqaz ölkələri Rusiyanın rəhbərliyi altında formalaşdırılacaq vahid ittifaqa daxil olmalıdır. Onun sözlərinə görə, Ermənistanın, Gürcüstanın, Azərbaycanın, Qazaxıstanın, Özbəkistanın, Tacikistanın və Qırğızıstanın suveren dövlət kimi mövcudluğu qəbuledilməzdir. Duqin iddia edib ki, bu ölkələr ya Rusiyanın daxil olduğu geosiyasi düşərgənin bir hissəsinə çevrilməli, ya da Qərbin və ya Çinin təsir dairəsində platsdarm rolunu oynamalıdır.
Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli Crossmedia.az-a açıqlama verib. O bildirib ki, hazırda Rusiya imperiyası açıq şəkildə çöküş mərhələsini yaşayır: “Ukrayna müharibəsi bu imperiya konstruksiyasını ciddi şəkildə zəiflədib, eyni zamanda Rusiya iqtisadiyyatı da dərin böhran fazasına daxil olub. Bu reallıq artıq təkcə region ölkələrinə deyil, ABŞ və Qərb dairələrinə də tam dəqiqliyi ilə məlumdur. Məhz buna görə də indiki mərhələdə Kremlin son dərəcə ağır vəziyyətə düşdüyü və beynəlxalq rəqibləri qarşısında müqavimət potensialını sürətlə itirdiyi heç bir şübhə doğurmur.

Belə situasiyalarda Rusiya ənənəvi olaraq imperiya ambisiyalarını ön plana çıxarır, daha aqressiv və təhdidkar ritorika ilə çıxış edərək neoimperialist iddialarını legitimləşdirməyə çalışır. Kreml hesab edir ki, mövcud proseslər bu templə davam edərsə və vaxtında preventiv addımlar atılmazsa, Rusiya imperiyasının qalıqları da parçalanaraq tarixin arxivinə qovuşa bilər”.
Elçin Xalidbəylinin fikrincə, bu qorxu Kremlin daxilində ciddi təşviş yaradıb: “Məhz bu qorxu fonunda imperiyanı hansısa formada qorumaq, hətta genişləndirmək planları üzərində işlənilir. Aleksandr Duqinin son açıqlamaları da bu planların ideoloji müstəvidə gündəmə gətirilməsindən başqa bir şey deyil.
Aydın şəkildə qeyd edilməlidir ki, Duqin müstəqil fiqur deyil və səsləndirdiyi fikirlər onun şəxsi mövqeyini əks etdirmir. Bu tezislər Kreml tərəfindən verilən konkret siyasi təlimatların nəticəsidir. Məqsəd post-sovet məkanında qorxu atmosferi yaratmaq, müstəqil dövlətləri psixoloji təzyiq altında Rusiyaya loyal mövqe tutmağa məcbur etməkdir”.
Politoloq hesab edir ki, Duqinin daha doğrusu, ona bu tezisləri diktə edənlərin əsas strateji səhvi milli dövlətlərin dövrünün başa çatdığı iddiasıdır: “Əksinə, milli dövlətçilik ideyası məhz Rusiya imperiyasının dağılma prosesi fonunda daha da aktuallaşır və gələcəkdə daha geniş inkişaf edəcəyi şübhə doğurmur.
Kreml gec-tez anlamalıdır ki, Rusiyanın imperiya iddialarının dövrü artıq bitib. Başqa xalqları işğal edərək onları müstəmləkəyə çevirdiyi mərhələ tarixdə qalıb. Bundan sonra post-sovet ölkələrinin suverenliyinə son qoymaq barədə düşünmək əvəzinə, Rusiya öz daxilində mövcud olan təxminən 20-yə yaxın milli-etnik subyektin potensial müstəqillik perspektivlərini ciddi şəkildə nəzərə almalıdır.
Çünki Rusiya adlı dövlət məhz digər xalqların və milli azlıqların suverenliyinin zorla məhdudlaşdırılması hesabına mövcud olub. Əgər bir gün bu etnik subyektlər ayağa qalxaraq müstəqillik uğrunda mübarizəyə başlasalar, Rusiya ərazisinin coğrafi baxımdan nə qədər kiçiləcəyini Duqin hamıdan yaxşı anlayır”.
Sonda Elçin Xalidbəylinin vurğuladığına görə, bütün bu proseslər Kremlin daxilində yaşanan dərin təşvişin açıq göstəricisidir: “Bütün bu proseslər Kremlin daxilində yaşanan dərin təşvişin açıq göstəricisidir. Rusiya imperiyasının tam dağılmasının qarşısını almaq məqsədilə post-sovet məkanına, eləcə də qlobal arenaya “Rusiya xofu” ixrac edilməyə çalışılır və bununla ölkənin güclü olduğu görüntüsü yaradılmaq istənilir. Halbuki bu gücün artıq əvvəlki səviyyədə olmadığı faktını bu gün bütün dünya çox yaxşı dərk edir”.
Həmayıl Şükürova
09:30 21.01.2026
Oxunuş sayı: 1205