İnsanlığın sınağı, mənəviyyatın qürubu – Varlı qadın
Mənəvi eybəcərliyin sərvət maskası
Dünən axşam Akademik Milli Dram Teatrının səhnəsində izlədiyimiz "Varlı qadın" tamaşası dramaturq Əli Əmirlinin ailə-məişət janrı partiturasında özünəməxsus yer tutan, dərin fəlsəfi qatları olan ekssentrik qara komediyadır. Rejissor işi və aktyor ansamblı ilə böyük uğura imza atan bu səhnə əsəri, tamaşaçını bir sualla üz-üzə qoyur: Böyük pullar qarşısında insan nə qədər "insan" qala bilir?
Tamaşanın süjet xətti böyük pulların insan mənəviyyatı və sarsılmaz hesab edilən ailə dəyərləri üzərindəki amansız hökmranlığından bəhs edir. Tamaşa boyu seyrçini müşayiət edən o acı təbəssüm, əslində maddiyyatın mənəvi dəyərləri necə diz çökdürdüyünün vizual etirafıdır. Hadisələrin mərkəzində dayanan Həvva Zərrinskaya (Firəngiz Mütəllimova) üçün qəfil və gözlənilməz gələn, bibisindən qalan miras xəbəri Həvva Zərrinskaya üçün sadəcə varlanmaq deyil, həm də bir faciənin – daxili sınağın başlanğıcı olur. Xalq artisti Firəngiz Mütəllimova Həvvanın xarakterindəki o qorxunc dəyişimi möhtəşəm bir ustalıqla nümayiş etdirir. Biz səhnədə pulun təsiri ilə bir qadının necə "başqalaşdığını", doğma həyat yoldaşı Sarıdan belə asanlıqla üz döndərə biləcək bir "yad"a çevrildiyini görürük. Aktrisanın hər jesti və baxışı ruhun maddiyyata necə məğlub olduğunu addım-addım tamaşaçıya hiss etdirir.
Xalq artisti Sabir Məmmədovun canlandırdığı Sarı obrazı hər şeyin pulla ölçüldüyü, mənəviyyatın maddi maraqlara qurban verildiyi yeni düzəndə ən sarsıdıcı simadır. Elmin, ləyaqətin və dürüstlüyün təmsilçisi olan professor pulun hökm sürdüyü mühitdə çarəsiz qalır. Sabir Məmmədovun plastikası və obrazın daxili dünyasını açan manevrləri bir insanın mənəvi aşınma qarşısında necə tək qaldığını və intihara cəhd edəcək dərəcədə sarsıldığını ürəkağrısı ilə göstərir. Sarı maddiyyat üzərində qurulan yeni dünya düzəninin qəbul etmədiyi bir "yad" kimidir.
Burada qəhrəmanlar sadəcə maddi azadlıq əldə etmirlər, onlar pulun cazibəsinə qapılaraq mənəvi eybəcərliyə könüllü şəkildə təslim olurlar. Səhnədə Qaranın və hiyləgər Vəkilin timsalında təqdim olunan situasiyalar ailə bağlarının pul qarşısında necə sürətlə çürüdüyünü, səmimiyyətin saxta təriflərlə əvəzləndiyini, cəmiyyətin ikiüzlülüyünü qroteks dillə ifşa edir. Bu personajlar vasitəsilə biz gülürük, lakin bütün gülüşlərin arxasında ciddi bir kədər gizlənir.
Tamaşa boyu pulun hər şeyi satın ala biləcəyi ab-havası hakim olsa da, finalda bütün mənəvi iflası, qaranlıq mənzərəni darmadağın edən bu sözlər işıq kimi parlayır:
"Xeyr, Həvva Zərrinskaya, bu dünyanı pul idarə etmir, bu dünyanı mərhəmət və ədalət idarə edir!"
Tamaşaçını ən çox təsirləndirən və sarsıdan məqam da məhz bu an idi. Hər kəsin maddi güc qarşısında əyildiyi bir anda Sarının ucalan səsi əslində vicdanın və ləyaqətin səsi oldu. Onun bu sözləri sübut etdi ki, ləyaqət pulla satın alına bilməyən tək sərvətdir. Çünki pulun bitdiyi yerdə insanı ayaqda saxlayan yeganə güc elə mərhəmətin özüdür.
17:57 18.01.2026
Oxunuş sayı: 1231