Türkiyənin ilk nüvə reaktorunun hazırlıq səviyyəsi 95 faiz oldu
Türkiyənin ilk atom elektrik stansiyası olan Akkuyu Nüvə Güc Santralında (AES) birinci enerji blokunun tikinti və montaj işləri üzrə hazırlıq səviyyəsi 95 faizə yüksəlib.
Crossmedia.az xəbər verir ki, bu barədə layihə ilə bağlı yayılan rəsmi məlumatlarda bildirilib. Məlumata görə, hazırda birinci reaktorda əsas texnoloji sistemlərin quraşdırılması, sınaq və istismara hazırlıq mərhələsi davam etdirilir. Mühəndislik infrastrukturu, təhlükəsizlik sistemləri və köməkçi qurğular üzrə işlərin böyük hissəsi artıq tamamlanıb.
Layihə çərçivəsində ilk nüvə reaktorunun 2026-cı ildə istismara verilməsi planlaşdırılır. Reaktorun işə düşməsi ilə Akkuyu AES Türkiyənin enerji balansında mühüm rol oynayacaq, ölkənin elektrik enerjisinə artan tələbatının ödənilməsinə və enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verəcək.
Qeyd edək ki, Akkuyu Nüvə Güc Santralı Aralıq dənizi sahilində, Mersin vilayətində inşa olunur və layihə tam gücü ilə fəaliyyətə başladıqdan sonra Türkiyənin elektrik istehsalının əhəmiyyətli hissəsini təmin edəcək. Dörd reaktordan ibarət olan stansiya həm iqtisadi, həm də strateji baxımdan ölkə üçün əsas enerji layihələrindən biri hesab olunur.
Sevinc Yarməmmədova
18:03 16.01.2026
Oxunuş sayı: 1720