Qazaxıstanda qar uçqunu nəticəsində üç alpinist həlak olub
Qazaxıstanın Almatı şəhərinin Medeu rayonu ərazisində baş verən qar uçqunu nəticəsində üç alpinist həyatını itirib. Hadisə təxminən 3 700 metr yüksəklikdə qeydə alınıb.
Crossmedia.az xəbər verir ki,məlumata görə, alpinistlərdən ibarət qrup dekabrın 24-də dağa qalxmağa başlayıb. Dekabrın 26-na keçən gecə onlarla əlaqə kəsilib. Bundan sonra itkin düşənlərin yaxınları dərhal xilasedici xidmətlərə müraciət ediblər.
Axtarış-xilasetmə əməliyyatı çətin yüksək dağ şəraitində aparılıb. Aşağı temperatur, seyrək hava və yüksək uçqun təhlükəsi əməliyyatı daha da çətinləşdirib. Xilasetmə işlərinə ümumilikdə 80-ə yaxın şəxs cəlb olunub. Əməliyyatda helikopter, pilotsuz uçuş aparatları (dronlar) və kinoloqlar da iştirak ediblər.
Nəticədə həlak olan alpinistlərin cəsədləri dağdan endirilərək hüquq-mühafizə orqanlarına təhvil verilib. Hadisə ilə bağlı araşdırma aparılır. Ölənlərin yaxınlarına psixoloji yardım göstərilir.
Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi bir daha dağlıq ərazilərə səfər edən şəxsləri təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, hava şəraitini və uçqun riskini nəzərə almağa çağırıb.
Nastya Qəniyeva
00:05 28.12.2025
Oxunuş sayı: 921