Politoloq: Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün bir maneə qaldı
Azərbaycan və Ermənistan arasında sülh prosesində avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmalar yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. ABŞ-də Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə sülh sazişinin mətninin paraflanması tərəflərin uzunmüddətli münaqişədən sonra münasibətləri normallaşdırmaq istiqamətində atdığı mühüm addımlardan biridir. Lakin sənədin paraflanması ilə proses hələ tam başa çatmış hesab olunmur. Yekun sülh müqaviləsinin imzalanması üçün tərəflərin qarşısında bir sıra hüquqi və siyasi məsələlərin həlli dayanır. Azərbaycan tərəfi dəfələrlə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasını sülh sazişinin imzalanması üçün əsas şərtlərdən biri kimi təqdim edib. Bu məsələ həll edilmədən əldə olunan razılaşmanın davamlı sülh üçün hüquqi zəmanət yaradıb-yaratmayacağı ilə bağlı suallar qalır. Digər tərəfdən, siyasi sənədin yekunlaşdırılması gözlənilsə də, iki ölkə arasında praktiki təmasların və iqtisadi əməkdaşlığın artıq genişlənməsi diqqət çəkir. Azərbaycan ərazisindən Ermənistana müxtəlif məhsulların daşınması, yanacaq satışı və gələcəkdə Ermənistan məhsullarının da Azərbaycan üzərindən digər bazarlara çıxarılması regionda yeni iqtisadi münasibətlərin formalaşdığını göstərir. Bu baxımdan, sülh prosesi yalnız diplomatik masada aparılan danışıqlardan ibarət deyil, eyni zamanda tərəflər arasında real əməkdaşlıq imkanlarının yaranması ilə müşayiət olunur. Ancaq bütün bu proseslərin davamlı xarakter alması üçün hüquqi baxımdan yekun sülh sənədinin imzalanması əsas həlledici mərhələ olaraq qalır.
Mövzu ilə bağlı Politoloq Elxan Şahinoğlu Crossmedia.az-a açıqlamasında bildirib ki, 8 avqustda Vaşinqtonda sülh sazişinin paraflanması mühüm bir addım olsa da, prosesin tam yekunlaşması üçün növbəti həlledici gediş edilməlidir:
"İkinci əsas addım kimi Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaları ehtiva edən bənd referendum yolu ilə ləğv olunmalıdır. Yalnız bundan sonra — Prezident İlham Əliyevin də qeyd etdiyi kimi — yekun sülh müqaviləsinin imzalanması mümkün olacaqdır. Bununla belə, hətta sülh sazişi rəsmən imzalanmadan belə, regionda artıq sülh quruculuğu prosesi inkişaf edir, fəal təmaslar və ikitərəfli əməkdaşlıq mühiti formalaşır. Artıq Azərbaycan Ermənistana yanacaq satır, digər ölkələrin məhsulları Azərbaycan ərazisindən keçərək Ermənistana çatdırılır və tezliklə Ermənistanın da öz məhsullarını Azərbaycan vasitəsilə satması nəzərdə tutulur”.
Politoloq qeyd edib ki, Ermənistan parlamentinin sədri Alen Simonyanın da vurğuladığı məhz bu cür alış-veriş və əməkdaşlıq formatıdır: “Bununla belə, davamlı və sabit sülhün hüquqi təminatı üçün son addımın atılmasına — sülh sazişinin yekun olaraq imzalanmasına böyük ehtiyac var”.
Zeynəb Həsən
17:00 15.09.2026
Oxunuş sayı: 51