Donald Tramp: Ukrayna üzrə sülh danışıqlarında əsas fiqur mənəm
ABŞ Prezidenti Donald Tramp Rusiya–Ukrayna müharibəsinin dayandırılması ilə bağlı istənilən danışıqlarda özünü əsas fiqur hesab etdiyini bildirib. Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenskinin təqdim edəcəyi sülh planı Vaşinqtonun razılığı olmadan irəliləyə bilməz.
“Mən bunu təsdiqləməyincə onun heç nəyi olmayacaq. Ona görə də görək nə təqdim edir”, – deyə Tramp vurğulayıb.
Crossmedia.az xəbər verir ki,bu bəyanat Tramp və Zelenski arasında bu gün Floridada baş tutması gözlənilən görüş ərəfəsində səslənib. Ukrayna prezidenti görüş zamanı 20 maddədən ibarət yeni sülh planını təqdim etməyi planlaşdırır. Sənəddə silahsızlaşdırma olunmuş zona ideyası, eləcə də ABŞ tərəfindən təhlükəsizlik zəmanətlərinin müzakirəsi nəzərdə tutulur.
Tramp qarşıdakı danışıqların məhsuldar olacağına əminliyini ifadə edib. O, yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putinlə də danışmağı planlaşdırdığını bildirib. “Düşünürəm ki, onunla hər şey yaxşı keçəcək”, – deyə Tramp qeyd edib.
ABŞ prezidenti eyni zamanda Rusiyanın iqtisadi vəziyyətinin ağır olduğunu iddia edib: “Onların iqtisadiyyatı çox çətin vəziyyətdədir”.
Nastya Qəniyeva
12:41 27.12.2025
Oxunuş sayı: 3469