Yarım milyondan çox Kamboca sakini evlərini tərk edib
Kamboca–Tailand sərhədində vəziyyətin gərginləşməsi nəticəsində yarım milyondan çox Kamboca sakini evlərini tərk etmək məcburiyyətində qalıb. Ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Crossmedia.az bu barədə Khmer Times qəzetinə istinadən xəbər verir.
Nazirliyin açıqlamasına görə, bazar günü axşam saatlarınadək Tailandın “qəddar və seçici olmayan hücumları” səbəbindən təhlükəsiz ərazilərə təxliyə olunan mülki şəxslərin sayı 525 231 nəfərə çatıb. Onların 274 800-ü qadın, 167 100-ü isə uşaqdır.
Məlumata əsasən, dekabrın 7-dən bəri baş verən artilleriya və raket atəşləri, eləcə də mülki yaşayış məntəqələrinin bombalanması nəticəsində 19 nəfər həlak olub, 79 nəfər yaralanıb. Tailand ordusunun sərhəd bölgələrinə endirdiyi zərbələr nəticəsində 100-dən çox fərdi yaşayış evi, 5 məktəb, 3 tibb müəssisəsi, 11 inzibati bina, 3 otel, bir neçə körpü, 1 yanacaqdoldurma məntəqəsi və 28 nəqliyyat vasitəsi zədələnib və ya tamamilə dağıdılıb.
Günel Verdiyeva
12:56 22.12.2025
Oxunuş sayı: 970