Əlcəzair parlamenti Fransanın müstəmləkə dövrünü cinayət kimi tanıyan qanun layihəsini müzakirə edəcək
Əlcəzair parlamentinin üzvləri Fransanın Əlcəzairdəki müstəmləkə hakimiyyətinin cinayət kimi tanınmasını nəzərdə tutan qanun layihəsinə səsverməyə hazırlaşırlar. İranın Press TV telekanalının məlumatına görə, parlamentin sədri bu təşəbbüsü ölkə tarixində “əhəmiyyətli mərhələ” adlandırıb.
Crossmedia.az bildirir ki, Əlcəzair Milli Xalq Məclisinin məlumatına əsasən, qanun layihəsinin müzakirəsi Fransa ilə diplomatik münasibətlərin gərginləşdiyi bir vaxtda çərşənbə günü keçiriləcək. Sənəd Fransanın 1830–1962-ci illərdə Əlcəzairdə apardığı müstəmləkə siyasətinin rəsmi şəkildə tanınmasını və cinayət kimi qiymətləndirilməsini nəzərdə tutur.
Qanun layihəsinin əsas məqsədi Fransanı müstəmləkə dövründə törədilən cinayətlərə görə məsuliyyətə cəlb etmək, rəsmi tanınma və üzr istənilməsinə nail olmaq, eyni zamanda tarixi yaddaşı qorumaq və milli barışığa töhfə verməkdir.
AL24 News-un məlumatına görə, layihə beynəlxalq hüquq normalarına və tarixi ədalət prinsiplərinə əsaslanan 5 fəsil və 27 maddədən ibarətdir.
Parlamentin sədri İbrahim Buqali bildirib ki, bu qanun layihəsi “suverenlik aktı və aydın siyasi-mənəvi mesajdır”. Onun sözlərinə görə, sənəd Əlcəzairin müstəmləkə dövrünün qurbanlarının xatirəsinə sadiqliyini göstərir. O vurğulayıb ki, müstəmləkəçilik sistemli yoxsullaşdırma və Əlcəzair kimliyinin məhv edilməsi siyasəti ilə müşayiət olunub.
Qeyd edək ki, Fransanın Əlcəzairdəki hakimiyyəti 130 ildən çox davam edib və bu dövr işgəncələr, kütləvi qırğınlar, iqtisadi istismar və yerli əhaliyə qarşı ayrı-seçkiliklə yadda qalıb. Əlcəzair 1962-ci ildə təxminən 1,5 milyon insanın həyatına son qoyan müstəqillik müharibəsindən sonra azadlığını əldə edib. Qanun layihəsinin səsvermə nəticələrinin iki ölkə arasında onsuz da gərgin olan münasibətləri daha da çətinləşdirə biləcəyi bildirilir.
Fransa hökuməti isə hələlik məsələ ilə bağlı rəsmi mövqe açıqlamayıb.
13:05 22.12.2025
Oxunuş sayı: 1139