Zelenski: Ukrayna xaricdə seçkilərin keçirilməsi üçün infrastruktur yaradır
Ukraynanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarının xaricdə səsvermədə iştirakını təmin etmək məqsədilə zəruri infrastrukturun yaradılması üzərində işə başlayıb. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama verib.
Crossmedia.az xəbər verir ki,prezidentin sözlərinə görə, seçkilərin keçirilməsi birbaşa təhlükəsizlik məsələləri ilə bağlıdır və bu, əsas şərt olaraq qalır. Zelenski bildirib ki, səsvermənin mümkün olması üçün variantlardan biri atəşkəsin elan edilməsi və ya ən azı seçkilər dövründə müharibənin dayandırılmasıdır.
Dövlət başçısı vurğulayıb ki, bütün vətəndaşların, o cümlədən cəbhədə xidmət edən hərbçilərin səsvermə hüququ təmin olunmalıdır.
Zelenski, həmçinin qeyd edib ki, Rusiya reparasiyalar ödəyəcəyi təqdirdə, Ukrayna €90 milyard məbləğində krediti geri qaytaracaq.
Odessa vilayətində hava hücumundan müdafiə sistemində yaranan problemlərə də toxunan prezident bildirib ki, bu məsələ ilə bağlı məsul şəxslər araşdırılır və müzakirələr birbaşa onunla Silahlı Qüvvələrin Baş Qərargah rəisi Aleksandr Sırski arasında aparılacaq.
Prezident sonda əlavə edib ki, Ukraynada seçkilərin nə vaxt və hansı formatda keçiriləcəyinə Rusiya Prezidenti Vladimir Putin deyil, yalnız Ukrayna dövləti qərar verə bilər.
Nastya Qəniyeva
20:12 20.12.2025
Oxunuş sayı: 1187