Rusiya ilk dəfə “İskander-M” raketini 800 km məsafəyə atəşləyib
Rusiya ilk dəfə olaraq “İskander-M” operativ-taktiki raket kompleksinə (OTRK) məxsus raketi təxminən 800 kilometr məsafəyə atəşləyib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni raket bərk yanacağın həcminin artırılması və döyüş başlığının kütləsinin azaldılması hesabına 900–1000 kilometr məsafəni qət etmək imkanına malikdir. Bildirilir ki, raket “Kinjal”a yaxın sürətlə uçur və trayektoriyanın bütün mərhələlərində manevr edə bilir.
Qeyd olunur ki, 2024-cü ildən etibarən Rusiya Silahlı Qüvvələrində şərti olaraq “İskander-1000” adlandırılan, uçuş məsafəsi 1000 kilometrə qədər olan modernləşdirilmiş OTRK-nın meydana çıxması ilə bağlı şayiələr yayılıb.
2025-ci ilin oktyabrında Ukrayna Hərbi Kəşfiyyat Baş İdarəsi (GUR) Rusiyanın raket potensialına dair qiymətləndirməsini təqdim edib. Həmin materialda “İskander-M” OTRK üçün əvvəllər məlum olmayan 9M723-2 indeksli raket modifikasiyalarına yer verilib və bu modifikasiyaların 1000 kilometrə qədər uçuş məsafəsinə malik raketlə əlaqəli ola biləcəyi ehtimal edilib.
Lakin hazırda “İskander” üçün yeni uzaqmənzilli ballistik raketin mövcudluğunu təsdiqləyən əlavə məlumat yoxdur.
19:06 20.12.2025
Oxunuş sayı: 1113