Fələstinin Rusiyadakı səfiri Qəzza sabitləşdirici qüvvələri barədə açıqlama verib
İsrail tərəfi Qəzzadakı “sabitləşdirici qüvvələr”də Türkiyənin mümkün iştirakını rədd edib, Rusiya isə iştirak etmir.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fələstinin Rusiyadakı səfiri Əbdül Hafiz Nofəl mətbuata müsahibəsi zamanı bildirib.
ABŞ Prezidenti Donald Trampın hazırkı Qəzza üzrə sülh planına görə, ikinci mərhələdə Qəzzada beynəlxalq “sabitləşdirici qüvvələrin” yaradılması nəzərdə tutulur. Səfir qeyd edib ki, bu qüvvələrin yaradılması istiqamətində ciddi cəhdlər göstərilir, lakin onların mandatı hələ də aydın deyil – hansı şəkildə, harada və nə zaman fəaliyyət göstərəcəkləri məlum deyil.
“Buna görə də, əvvəllər iştirak etməyə hazır olduqlarını bildirən bir çox dövlətlər mövqelərindən geri çəkilməyə çalışır. Hazırda yalnız iki ölkədən – İndoneziya və İtaliyadan söhbət gedir, digər dövlətlərin razılığı gözlənilir. İsrail Türkiyənin bu qüvvələrdə iştirakını rədd edib, Rusiya isə bu formatın tərkibində deyil,” – deyə səfir vurğulayıb.
Fələstin diplomatının sözlərinə görə, bu təşəbbüs çərçivəsində əsas fikir ayrılığı qüvvələrin rolunun İsrail ordusunun nəzarətində olan ərazilərin ayrılmasına yönələcəyi, yoxsa onların məqsədinin HƏMAS hərəkatının silahsızlandırılması olacağı məsələsindədir.
“Vəziyyət hələ də sabitdir. Bununla yanaşı, bu qüvvələrdə iştirak edən və ya iştirak etməyi nəzərdən keçirən bir sıra dövlətlər, o cümlədən Misir Ərəb Respublikası, yalnız HƏMAS-ın silahsızlandırılmasına məhdudlaşmayan, həqiqi sülhməramlı qüvvələrin yaradılmasını dəstəkləyirlər,” – deyə səfir əlavə edib.
Pərvin Hacıyeva
17:23 20.12.2025
Oxunuş sayı: 1156