Türkiyə CAATSA sanksiyalarının ləğvi üçün ABŞ-la danışıqları davam etdirir
Türkiyə ABŞ Senatında CAATSA sanksiyalarının aradan qaldırılması istiqamətində aparılan prosesləri yaxından izləyir və bu məsələ üzrə öz səylərini davam etdirir.
Crossmedia.az xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Yaşar Güler bildirib.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp Senatda CAATSA sanksiyalarının qaldırılması üçün çalışır və ABŞ rəsmiləri bu istiqamətdə iş aparırlar. Nazir qeyd edib ki, Ankara da paralel şəkildə sanksiyaların ləğvi üçün fəaliyyət göstərir və bu məqsədlə ayrıca işçi qrupları yaradılıb.
Yaşar Güler vurğulayıb ki, məsələ həllini tapdıqda ictimaiyyətə rəsmi açıqlama veriləcək və Türkiyə ilə ABŞ bu problemi birgə həll edəcək.
Nazir eyni zamanda Türkiyənin ABŞ-dan hərbi təyyarələr alması məsələsinə də toxunub. O bildirib ki, Ankara F-16 qırıcılarının alınmasında heç bir problem görmür, lakin əsas prioritet F-35 proqramına qayıdışdır. Güler əlavə edib ki, İsrail və Yunanıstan Türkiyəyə bu təyyarələrin satılmasına qarşı lobbiçilik fəaliyyəti aparır.
15:15 20.12.2025
Oxunuş sayı: 1239