Ukrayna, ABŞ və Avropa İttifaqı arasında Mayamidə danışıqlar başa çatıb
Ukrayna nümayəndə heyəti ABŞ və Avropa İttifaqının təmsilçiləri ilə ABŞ-ın Mayami şəhərində keçirilən görüşləri yekunlaşdırıb. Bu barədə Ukraynanın müdafiə naziri Rustem Umerov açıqlama verib.
Crossmedia.az xəbər verir ki,nazirin sözlərinə görə, danışıqlar zamanı Amerika tərəfi ilə gələcək addımların koordinasiyası və yaxın dövrdə birgə əməkdaşlığın davam etdirilməsi ilə bağlı razılıq əldə olunub. Umerov görüşlərin konstruktiv keçdiyini və tərəflər arasında təmasların davam edəcəyini vurğulayıb.
Rusiya prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev də Mayamiyə səfər edib. Məlumata görə, Dmitriyev ABŞ-li iş adamı və diplomat Stiv Uitkoff, həmçinin Cared Kuşnerlə görüşlər keçirməyi planlaşdırır.
Agentliyin mənbəsi xüsusi olaraq qeyd edib ki, Kirill Dmitriyevin Ukrayna nümayəndə heyəti ilə hər hansı görüş keçirməsi nəzərdə tutulmur və belə bir təmas istisna olunur.
Qeyd edək ki, Mayamidə paralel şəkildə aparılan bu görüşlər beynəlxalq ictimaiyyətin Ukrayna ətrafında cərəyan edən proseslərə diqqətinin davam etdiyini göstərir. ABŞ və Aİ-nin Ukrayna ilə siyasi və təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələri mütəmadi xarakter daşıyır.
Nastya Qəniyeva
13:20 20.12.2025
Oxunuş sayı: 1273