Ermənistan-Türkiyə sərhədi üçüncü ölkə vətəndaşları üçün nə vaxt açılacaq?
Üçüncü ölkə vətəndaşları üçün Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı hələlik konkret vaxt müəyyənləşdirilməyib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin “Sputnik Armenia”nın rəsmi sorğusuna cavabında bildirilir.
Daha əvvəl “Bloomberg” agentliyi mənbələrə istinadla xəbər vermişdi ki, Türkiyə qarşıdakı altı ay ərzində Ermənistanla quru sərhədinin açılması imkanını nəzərdən keçirir. Eyni zamanda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın 2026-cı ildə İrəvanla münasibətlərin normallaşdırılması prosesində “simvolik addımlar” atmağa hazır olduğunu bəyan etmişdi.
“Sputnik Armenia” Ermənistanın Baş nazirinin Aparatına sorğu göndərərək Ermənistan-Türkiyə münasibətlərinin hazırkı mərhələsinin qiymətləndirilməsini, sərhədin və ilk keçid məntəqəsinin açılması üçün mümkün vaxt çərçivələrini, həmçinin gözlənilən iqtisadi effekti açıqlamağı xahiş etmişdi. Bundan əlavə, Türkiyə prezidentinin Ermənistana mümkün səfərinə hazırlıq görülüb-görülmədiyi ilə də maraqlanılmışdı.
Ermənistan XİN cavabında qeyd edib ki, göstərilən məsələlərlə bağlı artıq bir sıra açıq bəyanatlar verilib, bu çərçivədə Baş nazir Nikol Paşinyanın dekabrın 9-da etdiyi çıxışa, eləcə də ATƏT-in Nazirlər Şurasının iclası və “Orbeli: sülhün və çoxtərəfli əməkdaşlığın qurulması” beynəlxalq konfransı zamanı xarici işlər naziri Ararat Mirzoyanın çıxışlarına istinad olunub. Türkiyə prezidentinin mümkün səfəri və 2026-cı ilin mayında Avropa Siyasi Birliyinin sammitində iştirak məsələsinə isə qurum Ermənistan Baş nazirinin noyabrın 4-dəki çıxışı, eləcə də xarici işlər nazirinin oktyabrın 27-də parlamentdə verdiyi cavablar kontekstində baxmağı təklif edib.
12:45 20.12.2025
Oxunuş sayı: 1266