Tramp marixuanaya dair məhdudiyyətlərin yumşaldılacağını açıqladı
ABŞ prezidenti Donald Tramp tibbi məqsədlər üçün qanuni istifadəsi olan marixuanaya dair mövcud məhdudiyyətlərin yumşaldılmasını nəzərdə tutan fərmanı imzalamağı planlaşdırdığını bəyan edib. Onun sözlərinə görə, marixuana narkotik vasitələrin təsnifatında ən sərt nəzarət rejimini nəzərdə tutan birinci kateqoriyadan üçüncü kateqoriyaya keçiriləcək.
Crossmedia.az xəbər verir ki,Tramp qeyd edib ki, bu addım marixuananın tibbi məqsədlərlə istifadəsi ilə bağlı elmi araşdırmaların və səhiyyə sahəsində tətbiqlərin genişlənməsinə imkan yarada bilər. Bununla yanaşı, prezident vurğulayıb ki, imzalanacaq fərman marixuananın tam şəkildə leqallaşdırılması anlamına gəlmir və rekreasiya məqsədli istifadəyə icazə vermir.
Məlumata görə, birinci kateqoriyaya aid maddələr yüksək asılılıq riski daşıyan və tibbi istifadəsi qəbul olunmayan narkotiklər hesab olunur. Marixuananın üçüncü kateqoriyaya keçirilməsi isə onun tibbi potensialının rəsmi şəkildə tanınması və nəzarət mexanizmlərinin nisbətən yumşaldılması deməkdir.
Ekspertlərin fikrincə, bu qərar ABŞ-da kannabis siyasətində mühüm dəyişiklik kimi qiymətləndirilir və gələcəkdə federal səviyyədə yeni hüquqi tənzimləmələrin müzakirəsinə zəmin yarada bilər.
Nastya Qəniyeva
10:51 19.12.2025
Oxunuş sayı: 1301