Ermənistan-ABŞ işçi qrupunun ilk iclası keçirilib
TRIPP çərçivəsində Ermənistan-ABŞ işçi qrupunun ilk iclası keçirilib. İclas 2025-ci il avqustun 8-də keçirilmiş Vaşinqton Sülh Sammiti çərçivəsində əldə olunan razılaşmaların reallaşdırılması məqsədilə təşkil olunub.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, dekabrın 17-də baş tutmuş iclasda Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan və ABŞ dövlət katibinin köməkçisinin müavini Sonata Koulter giriş nitqləri ilə çıxış ediblər. Onlar Ermənistan ilə ABŞ arasında sürətlə inkişaf edən strateji tərəfdaşlığı yüksək qiymətləndiriblər.
Məlumata görə, Nazir müavini Kostanyan ABŞ-nin Cənubi Qafqazda sülhün bərqərar olmasına verdiyi əvəzsiz dəstəyi vurğulayıb və Ermənistan tərəfinin 8 avqust tarixində imzalanmış Ermənistan-ABŞ Anlaşma Memorandumlarının icrası istiqamətində fəal işləməkdə maraqlı olduğunu təsdiqləyib.
Eyni zamanda, iclasda ikitərəfli qaydada Anlaşma Memorandumlarının icrası istiqamətində atılmış mühüm addımlar qeyd olunub, görülən işlərin gedişi barədə hesabatlar təqdim edilib və ekspertlər səviyyəsində əldə edilmiş konkret razılaşmaların həyata keçirilməsi məqsədilə müzakirələrin ən qısa zamanda davam etdirilməsi barədə razılıq əldə olunub.
Türkan Kərimli
23:07 18.12.2025
Oxunuş sayı: 877