ABŞ, Macarıstan və Slovakiya Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxır
NATO-nun baş katibi Mark Rutte bəyan edib ki, ABŞ, Macarıstan və Slovakiya Ukraynanın Alyansa tamhüquqlu üzv kimi qəbul edilməsinə hazırda razılıq vermir.
Crossmedia.az xəbər verir ki,Mark Ruttenin sözlərinə görə, Ukraynanın NATO-ya qəbul edilməsi məsələsi alyans daxilində razılıq tələb edir və bu mövzuda üzv ölkələrin mövqeləri hələ də fərqlidir. Baş katib qeyd edib ki, bəzi dövlətlər Kiyevin üzvlüyünün təhlükəsizlik riskləri və regionda gərginliyin daha da artması ehtimalı ilə bağlı narahatlıqlarını gizlətmir.
Eyni zamanda vurğulanıb ki, NATO Ukraynaya siyasi və hərbi dəstəyini davam etdirir. Alyans Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi, silahlı qüvvələrin islahatı və NATO standartlarına uyğunlaşdırılması istiqamətində əməkdaşlığı prioritet hesab edir.
Mark Rutte əlavə edib ki, Ukraynanın gələcəkdə alyansa üzvlüyü məsələsi açıq qalır və bu, həm müharibənin gedişatından, həm də NATO daxilində ümumi razılaşmanın əldə olunmasından asılı olacaq. Hazırkı mərhələdə isə məsələ gündəlikdə olsa da, yaxın perspektiv üçün konkret qərar gözlənilmir.
Nastya Qəniyeva
19:38 18.12.2025
Oxunuş sayı: 1059