Lyayen: Ukraynanın maliyyələşdirilməsi həll olunmayana qədər Avropa İttifaqı sammiti davam edəcək
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, Ukraynanın növbəti iki il üçün maliyyələşdirilməsi məsələsi tam həll olunmayana qədər Avropa İttifaqının sammiti davam edəcək.
Crossmedia.az xəbər verir ki,onun sözlərinə görə, Aİ liderləri Ukraynaya uzunmüddətli maliyyə dəstəyinin göstərilməsi üçün intensiv müzakirələr aparırlar. Hazırda iki əsas mexanizm nəzərdən keçirilir: vəsaitin Avropa İttifaqının ümumi büdcəsi hesabına ayrılması və reparasiya mexanizmi çərçivəsində kreditin verilməsi. Hər iki variant Ukraynanın iqtisadi dayanıqlığının qorunmasına və müharibənin yaratdığı ağır nəticələrin aradan qaldırılmasına yönəlib.
Ursula fon der Lyayen qeyd edib ki, Ukraynanın qarşıdakı iki il üçün ümumi maliyyə ehtiyacı təxminən 137 milyard avro təşkil edir. Avropa İttifaqının məqsədi isə bu məbləğin ən azı 90 milyard avrosunu təmin etməkdir. O vurğulayıb ki, ayrılacaq vəsait dövlət büdcəsinin əsas xərclərinin ödənilməsinə, sosial öhdəliklərin yerinə yetirilməsinə, eləcə də ölkənin bərpa və yenidənqurma prosesinə dəstək verəcək.
Avropa Komissiyasının sədri əlavə edib ki, Aİ Ukraynanın yanında olmağa davam edəcək və onun suverenliyi ilə ərazi bütövlüyünün qorunmasına yönəlmiş səyləri dəstəkləyəcək. Onun sözlərinə görə, bu məsələ Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıyır və üzv ölkələr arasında həmrəylik əsasında qərar qəbul olunması vacibdir.
Nastya Qəniyeva
15:30 18.12.2025
Oxunuş sayı: 969