Eçmiədzin uğrunda mübarizə - keşiş Ter Aramdan sərt bəyanat
Ermənistanın Ovanavank monastırının ruhani rəhbəri keşiş Ter Aram (əsl adı Stepan Asatryan) bu gün Müqəddəs Eçmiədzin kompleksində dəyişikliklərin baş verəcəyini açıqlayıb. O, sosial şəbəkədə paylaşdığı bəyanatında saat 17:00-da Eçmiədzində olacağını və “kilsənin deyil, yad qüvvələrin maraqlarına xidmət edənlərdən” müqəddəs məkanın azad olunmasında iştirak edəcəyini bildirib.
Bu barədə Crossmedia.az xəbər verir.
“Mən Müqəddəs Erməni Apostol Kilsəsinin davamçısı kimi bu gün saat 17:00-da Əsas Taxt-Müqəddəs Eçmiədzində olmağı və Müqəddəs-Eçmiədzinin yad qüvvələrin maraqlarına xidmət edənlərdən azad olunmasında iştirak etməyi öz borcum hesab edirəm”, – deyə Ter Aram Facebook paylaşımında qeyd edib.
Ter Aram katolikos II Qareginə qarşı açıq çıxış edən ilk erməni din xadimlərindən biri kimi tanınır. O, katolikosu “günahı təşviq etməkdə və hamını özünə bənzətməyə çalışmaqda” ittiham etmişdi. Bu səbəbdən II Qaregin onu ruhani rütbəsindən məhrum edib. Ermənistan hakimiyyəti isə bu qərarı qanuni saymadığını bəyan edib.
Hazırda Müqəddəs Eçmiədzin ətrafında baş verən hadisələr ölkədə kilsə və dövlət münasibətləri ilə bağlı geniş ictimai müzakirələrə səbəb olub.
Türkanə Məşədiyeva
15:25 18.12.2025
Oxunuş sayı: 883