Mərakeşdə fransız dilinin üstünlüyünə etiraz: ərəb dilinin mövqeləri gücləndirilməlidir
Mərakeş Milli Koalisiyası təhsil, dövlət idarəçiliyi və digər sahələrdə fransız dilinin dominantlığının dayandırılmasını tələb edib. Koalisiya ərəb dilinin mövqelərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Crossmedia.az TRT World-a istinadən xəbər verir. Ümumdünya Ərəb Dili Günü münasibətilə yayılan bəyanatda bildirilib ki, daha inklüziv dil gələcəyi yalnız ərəb dilinin rəsmi statusunun həyatın bütün sahələrində real şəkildə təmin olunması ilə mümkündür.
Koalisiyanın fikrincə, ərəb dilinin təhsil, idarəetmə, maliyyə və biznes sahələrində əsas dilə çevrilməsi üçün fransız dilinin üstünlüyünə son qoyan “aydın və qətiyyətli dil siyasəti”nə ehtiyac var.
Bəyanatda dövlət qurumları və özəl şirkətlər rəsmi sənədlərdə və xidmətlərdə qanuna uyğun olaraq ərəb və ya amazıq dillərindən istifadə etməyə çağırılıb. Vətəndaş cəmiyyəti təşkilatları isə dövlət strukturlarında, QHT-lərdə və banklarda fransız dilinin qorunub saxlanılmasını tənqid edirlər.
Qeyd olunur ki, 2019-cu ildə həyata keçirilən və bəzi fənlərin fransız dilində tədrisinə icazə verən təhsil islahatından sonra fransız dilinin istifadəsi yenidən mübahisə predmetinə çevrilib. Bir sıra siyasi və ictimai qüvvələr bunu müstəmləkə dövrünün mirası kimi qiymətləndirərək islahata qarşı çıxırlar.
Sevinc Yarməmmədova
13:20 18.12.2025
Oxunuş sayı: 1047