Ermənistan–Türkiyə münasibətlərinin normallaşdırılması prosesi aktiv mərhələdədir
Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində ardıcıl və konstruktiv dialoqu davam etdirir. Məqsəd diplomatik münasibətlərin qurulması, sərhədlərin açılması və regional infrastrukturun blokdan çıxarılmasıdır. Bu barədə Ermənistanın İranda fövqəladə və səlahiyyətli səfiri Qriqor Akopyan müsahibəsində bildirib.
Crossmedia.az xəbər verir ki, səfirin sözlərinə görə, son dövrlərdə Ermənistan və Türkiyə arasında müxtəlif səviyyələrdə, o cümlədən dövlət başçıları, xarici işlər nazirləri və xüsusi nümayəndələr arasında təmaslar intensivləşib. O qeyd edib ki, bu il İrəvanda iki ölkənin xüsusi nümayəndələrinin görüşü keçirilib və görüşdə əvvəlcədən əldə olunmuş razılaşmaların icrası müzakirə olunub.
Müzakirələrin əsas mövzuları sırasında Marqara–Alıcan sərhəd-keçid məntəqəsinin istismara verilməsi, eləcə də Gümrü–Qars dəmir yolunun və Ermənistan–Türkiyə arasında elektrik ötürücü xəttinin bərpası yer alıb. Akopyan bildirib ki, dəmir yolunun bərpası regional nəqliyyat əlaqəliliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır və bu istiqamətdə artıq ikinci texniki müzakirə raundu keçirilib.
Səfir əlavə edib ki, Ermənistan infrastrukturun blokdan çıxarılması ilə bağlı Vaşinqtonda imzalanmış üçtərəfli bəyannamədə əksini tapmış prinsiplərə və “Tramp Marşrutu” layihəsinin tezliklə reallaşdırılmasına ümid edir. Onun fikrincə, bu amillər Ermənistan və Türkiyə arasında diplomatik münasibətlərin qurulması və infrastrukturun tam açılması üçün əlverişli şərait yarada bilər.
Nastya Qəniyeva
09:28 18.12.2025
Oxunuş sayı: 1200